Qədirovun taleyi üç oyundan asılıdır

XƏBƏR 17 Noyabr 2008 / 19:28 4517
-  A +

“Baş məşqçi Vladislav Qədirovun istefaya göndərilməsi hazırda gündəmdə deyil. İlk dövrədə üç oyunumuz qalıb. Qədirovun komandada qalıb-qalmayacağı bu oyunların nəticədən asılı olacaq”. Bu fikirləri Salyanın “Muğan” klubunun icraçı-direktoru Füzuli Əliyev deyib.

Azərbaycan Premyer Liqasının debütantı olan “Muğan” 10 oyundan sonra 4 xalla turnir cədvəlində 12-ci yerdədir. Əliyevin sözlərinə görə, qış fasiləsində dəyişiklər ilk dövrə bitəndən sonra keçirilən iclasda müzakirə edilməklə müəyyənləşəcək: “Yeni futbolçuların adlarını transfer baş tutmamış açıqlamaq düzgün olmazdı. Onu deyə bilərəm ki, almaq istədiyimiz oyunçular arasında Yuri Muzika yoxdur. Bu futbolçu komandamıza havayı gəlsə belə, onu götürmərik. Muzika Kalininqradda vilayət çempionatında çıxış edir. Yura ilə şəxsən söhbət etməmişik. Sadəcə, bir müddət əvvəl Muzikadan söhbət düşəndə, onun transferinin nəzərdən keçirməyin mümkünlüyü ilə bağlı fikir söyləmişik. Vasitəçi olan menecer futbolçuya hansı qiyməti söylədiyini deyə bilmərik. Transfer etdiyin futbolçu oynamasa belə, ona əmək haqqı vermək lazımdır. Bizim isə istəmədiyimiz futbolçuya görə xərcə düşmək fikrimiz yoxdur”.

Komandadan qovulan kapitan Zeynal Zeynalovun başqa kluba keçidinə problem yaratmayacaqlarını deyən icraçı-direktor, həmçinin bildirib ki, qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanmağı planlaşdırıblar.

Qeyd edək ki, vaxtilə yığmamızda çıxış edən, milliyətcə rus olan 26 yaşlı Muzika “Muğan”ın təklifini gülüşlə qarşıladığını, ona təklif edilən məbləğin çox aşağı olduğunu bildirib.

Mənbə:  “APA-Sport”


Son xəbərlər