Vaqif Sadıqov: “Neftçi”də gərginlik daha da artıb”

Vaqif Sadıqov: “Neftçi”də gərginlik daha da artıb”
MÜSAHİBƏ 22 Oktyabr 2009 / 15:10 3001
-  A +

“Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov Qol.Az-a müsahibə verib.

 

- Vaqif müəllim, ilk növbədə dünən “Qəbələ”yə qarşı keçirilən oyun haqda fikirlərinizi bildirərdiniz.
- “Qarabağ”a məğlubiyyətdən sonra komandada ab-hava heç də yaxşı deyildi. Buna görə də “Qəbələ”ylə matça çox ciddi hazırlaşmışdıq. İstəyirdik ki, nəhayət, bu oyunda qələbə qazanaraq uğursuz seriyaya son qoyaq. Amma bunun heç də asan olmayacağını bilirdik. Çünki “Qəbələ” də zəif komanda deyil. Bu komanda öz meydanında hər zaman liderlərə başağrısı olmasıyla seçilib. Dünənki oyun da gümanlarımızı doğrultdu. Oyun çox çətin alındı. Lakin təəssüflər olsun ki, bu dəfə də uduzduq. Halbuki meydandan daha yaxşı nəticəylə ayrıla bilərdik.
- Matçdan sonra komandanızın oyunundan razı qaldığınızı dediniz...
- Ümumi götürdükdə oyundan razı qaldım. Uşaqlar pis təsir bağışlamadılar. Meydanda yaxşı mübarizə apardılar. Hesab edirəm ki, biz məğlub olmalı deyildik. Heç bir komponentdə rəqibdən geri qalmırdıq. Əksinə bir çox hallarda onları üstələyirdik.
- Bu halda nə üçün məğlub oldunuz?
- Qolda qapıçımız kobud səhvə yol verdi. Yalnız bir dəfə topa tullandı. Ondan da qol oldu. Yəni qolu heç nədən buraxdıq. Bizim də şanslarımız oldu, lakin bunlardan yararlana bilmədik və nətəcədə məğlub olduq. Halbuki istədiyimiz nəticəni qazanmağa çox yaxın idik.
- İstədiyimiz nəticə deyərkən nəyi nəzərdə tutursunuz? Heç-heçə, yoxsa qələbə?
- Biz meydana qələbə üçün çıxmışdıq. Bu matçda 3 xal qazanmağı hədəfləyirdik. Amma ən pis halda heç-heçəyə də razıydıq.
- Meydançanın ot örtüyünün süni olması komandanızın çıxışına mənfi təsir göstərmədi ki?
- Yox, mən belə deməzdim. Əksinə düşünürəm ki, ot örtüyü süni olsa da, meydançanın düz olması oyunumuza yaxşı təsir göstərdi.
- Milli komandanın oyunlarıyla əlaqədar çempionatda yaranan fasilə zamanı komandanız yaxşı hazırlıq keçə bilmədi. Özünüz də bildirmişdiniz ki, bütün komandanı bir yerə yığa bilmirsiniz. Bu amilin uğursuz çıxışda nə dərəcədə rolu var?
- Həqiqətən də həmin vaxt çətinlik çəkdik. Heyətin bir neçə üzvü müxtəlif milli komandaların düşərgəsindəydi. Ona görə də istədiyimiz səviyyədə hazırlıq keçə bilmədik. Futbolçuları yalnız “Qarabağ”la oyundan iki gün əvvəl bir araya gətirmək mümkün oldu. Bu da təbii ki, istədiyimiz kimi hazırlıq keçməyimizə imkan vermədi. 
- Bəlkə ardıcıl məğlubiyyətdən sonra komandada psixoloji problem yaranıb?
- Psixoloji problem hələ mən komandaya gəlməmişdən öncə var idi. İndi isə bu gərginlik daha da artıb. Son iki məğlubiyyət mənim özümə də pis təsir etdi. Amma nə etmək olar? Komandada problemlər var. Çalışıb, bu problemləri aradan qaldırmalıyıq. Bunun üçün isə zamana ehtiyacımız var.
- Nə qədər zamana?
- Konkret zaman demək qeyri-mümkündür. Bunun üçün bəzən illər lazım olur. Lakin biz yenə də əlimizi yanımıza salıb, oturmuruq. Bütün fikirlərimizi bir səmtə yönəldib, komandada olan problemləri aradan qaldırmağa çalışırıq. Nə qədər tez bu problemləri yoluna qoysaq, bir o qədər yaxşı olar.
- Problem dedikdə nələri nəzərdə tutursunuz?
- Səbəblər çoxdur. Amma biz bu səbəbləri özümüzdə axtarmalıyıq. Söhbət burda oyun sisteminə uyğunlaşmadan, futbolçular arasında olan anlaşmadan və s. gedir. Məndən əvvəlki vaxtda olan problemlərdən danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, rəhbərlik bizim uğur qazanmağımız üçün hər bir şərait yaradıb. Biz də onların bu etimadığını doğrultmağa çalışırıq. Məqsədimiz “Neftçi”ni layiq olduğu yerlərə qaldırmaqdır. Mən inanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik. Hesab edirəm ki, bir qələbəyə ehtiyacımız var. Əgər bir oyunu udsaq, sonrakı oyunlar nisbətən asan olacaq. Bu halda komanda həm uğursuzluqdan qurtulacaq, həm də oyunçularda özünəinam yaranacaq.
- Amma növbəti turda sizi daha bir çətin oyun gözləyir. “Neftçi” “Bakı”yla qarşılaşmada uğursuzluğa “dur” deyə biləcəkmi?
- Əlbəttə, bu oyun da çox çətin keçəcək. Həqiqətən də biz ölkənin ən güclü klublarından biri, qarşısına böyük hədəflər qoyan komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
- Həmin oyuna komandanı hazırlamaq çətin olmayacaq ki?
- Əlbəttə  çətin olacaq. Amma nə etmək olar? Yaxşı hazırlaşıb, uğurlu nəticə qazanmalıyıq.
- Artıq bir müddətdir ki, komandanın baş məşqçisisiniz. Özünüz üçün start heyətini tam olaraq formalaşdıra bilmisinizmi?
- Tam da olmasa, böyük ölçüdə formalaşdırmışam. Amma bu o demək deyil ki, bu gün meydana çıxıb, zəif oynayan sabah da oynamaq şansı qazanacaq. Kim güclü olsa, o da oyanacaq.
- Ümumiyyətlə, “Neftçi”nin hazırkı heyətinin səviyyəsi sizi qane edir?
- Heyətdə yaxşı futbolçular var. Bu heyətlə uğur qazanmaq mümkündür. Amma bir daha deyirəm ki, müəyyən problemlər var və onları həll etmək üçün zaman ehtiyac duyuruq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord