Sən kimsən?

Sən kimsən?
DÜNYA FUTBOLU 26 Yanvar 2015 / 17:02 8696
-  A +

Bu gün Joze Mourinyonun 52 yaşı tamam olur. Onun haqqında indi çox danışılır. Joze futbolda özünə ad, reputasiya və nüfuzlu mükafatlar kolleksiyası qazanıb. Buna görə də onu sevir və hörmət bəsləyirlər, amma çox da tənqid edirlər. O isə özü kimi qalmaqdadır. "Nə vaxt mən ağıllı adamı eşitmək istəyirəm, o zaman danışıram”.


Qol.Az saytı aşağıda təqdim etdiyi bu yazını hələ iki il əvvəl – Mourinyonun 50 illik yubileyi günü dərc etmişdi. Yazının bu gün üçün də aktuallığını, Mourinyonun şəxsiyyətinə marağın əvvəlkitək qaldığını nəzərə alıb onu yenidən dərc edirik.


"MƏNİ TƏKƏBBÜRLÜ SAYMAYIN..."

26 may, 2004-cü il. Məhz həmin gün məşqçi Mourinyonun ulduzu parlamağa başlayır. Bir il əvvəl onun başçılıq etdiyi “Portu” UEFA kubokunu qazanmışdı. Amma Jozenin iddiaları daha çox idi. Əgər Çempionlar Liqasının finalında “Monako”ya qalib gəlsə, o, top-məşqçilər siyahısına düşəcəkdi. 75-ci dəqiqə. Dmitri Aleniçev üçüncü qolu vurur. Final oyununun taleyi artıq həll olunub. Mourinyo sevincindən yerə-göyə sığmır. Mükafatlandırma mərasimindən sonra o, göz yaşlarını gizlətmək üçün dərhal soyunub-geyinmə otağına gedir.

Bir az keçəndən Mourinyo ilk dəfə dillər əzbəri olacaq məşhur ifadəsini işlədir: "Mən nə köhnə, nə də yeni məşqçilik məktəbinin tərəfdarıyam. Yalnız ona inanıram ki, ya güclü məşqçi olur, ya da zəif, ya uğurlu məşqçi olur, ya da uğursuz. Xahiş edirəm, elə fikirləşməyin ki, təkəbbürlüyəm, amma mən Çempionlar Liqası qazanmışam – dəməli, özəl birisiyəm”.

EMOSİYA VƏ İNTİZAM

Məşqçi Mourinyo futbol aləmində özünün Çempionlar Liqasının ilk finalındakı oyunundan xeyli əvvəl tanınmağa başlamışdı. Üç il onun müəllimi ingiltərəli mütəxəssis, ser Bobbi Robson olmuşdu. 90-cı illərin ortalarında Jozeni “Portu”ya tərcüməçi qismində gətirən Robson sonradan onu özünə köməkçi təyin etmişdi. 1996-cı ildə Mourinyo Robsonla "Barselona”ya gedir. Daha sonra o, burada məşhur hollandiyalı Lui van Qalla işləməyə başlayır. "Hər iki məşqçidən çox şeyi öyrəndim. Robson emosiyaya, van Qal isə intizama çox üstünlük verirdi”. Məhz emosiya və intizam Mourinyonun əsas futbol fəlsəfəsi sayılır.


"MESSİ KOMEDİYA YARATMAĞI BACARIR”

Jozeni çox vaxt qıcıqlandıran “Barselona” olub. O, “Çelsi”də işləyəndə demişdi: "Əgər “Barsa” rəqibindən yaxşı oynayırsa, qalib gəlir, yox, əgər rəqib güclüdürsə, o zaman hakimlər elə edir ki, istınilən halda “Barselona” qələbə qazanır”.

“İnter”də işləyəndə Mourinyo demişdi: "Barselona dünyada teatrları ilə tanınan mədəniyyət şəhəridir. Və bu oğlan, Messi, orada çox şeyi öyrənib. O, komediya yaratmağı bacarır”.

Mourinyoda “Barselona”ya qarşı antipatiya “Real”da işləyəndə də davam etdi: "Əgər “Barselona” ilə oyunda Serxio Ramosu sağ cinah müdafiəçisi kimi oynadıramsa, məni tənqid edirlər ki, o, mərkəzdə əla oynayır. Koentraunu “sağ”a çəkəndə, deyirlər ki, o solaxaydır. Diarranı müdafiəyə çəkirəm, Xediranın zədəsi ilə bağlı problem qabardılır. Pepeni yarımmüdafiədə oynadıram, tənqid olunuram, müdafiəyə çəkirəm, yenə də mətbuat məndən əl çəkmir. İquain əsas heyətdə oynayanda, başlayırlar Benzemanın yaxşı formada olmasından danışmağa. Belədirsə, tənqidə fikir verməyib, kinoteatra getmək lazımdır”.

"FUTBOL – NÜVƏ MÜHARİBƏSİDİR”

"Futbol – nüvə müharibəsidir”. Mourinyo nə zamansa bu fikirləri də işlətmişdi. Onun məşqçi həmkarları ilə münasibəti bəzən boks qarşılaşmalarını xatırladır: rəqibi döyüşə çağırır, mətbuat konfransında sərt şəkildə onun gözlərinə baxır, rinqdə isə dəqiq zərbə endirir. "Venger mənə başqalarının şəxsi həyatına başını soxan insanı xatırladır. Adətən, belə tiplərin evində başqa ailələrin evində baş verənlərə baxmaq üçün teleskop olur”.

O, ziyalı və soyuqqanlı məşqçi kimi tanınan Klaudiyo Ranyeriyə də atmaca atıb: "Mən futbolçular, jurnalistlər və azarkeşlərlə danışmaq üçün hər gün beş saat italyan dilini öyrənirdim. Ranyeri isə İngiltərədə beş ildən çox işləyib, amma hələ də güc-bəla ilə dediyi iki söz var: “sabahın xeyir”, “gecən xeyirə qalsın”.

“ALLAHDAN SONRA MƏN GƏLİRƏM”

"Əgər mənə sadə həyat lazım olsaydı, “Portu”da qalardım: gözəl mavi kresloda oturmaq və Çempionlar Liqasında daimi oynamaq. Amma mən belə həyat istəmirəm. Çünki Allahdan sonra mən gəlirəm”.

ÇL-də 2003/04 mövsümünün finalından sonra  Mourinyo “Çelsi”ya keçdi. 2005-ci ildə bu klub son 50 ildə ilk dəfə İngiltərə çempionu oldu.

"Londonda küçədə 70 yaşlı bir kişi mənə yaxınlaşıb ağlamağa başladı. O, biz çempion olan günü Boltondaymış. 50 il əvvəl isə atası və babası ilə “Çelsi”nin çempion olduğu oyunda olub. Əlbəttə, bu gün onun atası və babası daha həyatda yoxdur".

“SƏMİMİ OLANDA DA MƏNİ TƏNQİD EDİRLƏR”

"Həmkarlarım məni bilirsiniz nəyə görə tənqid edir? Bilirlər ki, ertəsi günü qəzetlərin birinci səhifələrində olacaqlar. Bu, onlar üçün pulsuz reklamdır”. 

Mourinyo İtaliyada işlədiyi müddətdə çox tənqid olunub.

"Bİr dəfə Milanın meri məni günahlandırdı ki, guya əlil bir uşağı dilənçi sayıb ona qəpik vermək istəmişəm. Əslində isə ona həyat yoldaşımın mənə hədiyyə etdiyi, dörd ildir boynumda gəzdirdiyim xaçı bağışlamaq istəyirdim. Əgər hətta mən nəyi səmimi şəkildə edirəmsə, yenə də tənqid olunuram”.

“Qalib-məşqçi olmaq mənim xoşuma gəlir” – Mourinyonun Milanda söylədiyi ən vacib söz bu olub. Bu sözləri o, ikinci dəfə Çempionlar Liqasının qalibi olanda demişdi. O zaman finalda “İnter” “Bavariya”ya qalib gəlmişdi. Alman komandasını həmin vaxt Mourinyonun müəllimi van Qal çalışdırırdı.

SƏN KİMSƏN?

Əgər sən barmağını Qvardiolanın köməkçisi Tito Vilanovanın gözünün içinə soxursansa və cəza almırsansa – sən Mourinyosan. Əgər “Barselona”ya 0:2 hesabı ilə uduzduğun oyundan sonra mətbuat konfransını “Avropa hakimləri kataloniyalılara kömək edir” sözləri ilə başlayırsansa – sən Mourinyosan. Əgər “Tottenhem”lə matçdan sonra hakimə “it oğlu” deyirsənsə və bu sözdə təhqiramiz bir şey görmürsənsə - sən Mourinyosan.

Qalmaqal, publikaya işləmək... Bunlar Mourinyonun az qala həyat tərzidir.

“İSA PEYĞƏMBƏR DƏ ÇOXUNUN XOŞUNA GƏLMİRDİ”


"Mən dünyada ən yaxşı deyiləm, amma dünyada məndən yaxşısı yoxdur” – deyə o gülərək jurnalistlərə deyir. "Mən dəyişmirəm. Özümün müsbət və çatışmazlıqlarımla mən Mourinyoyam" -  o, banal şeylər danışır, amma hamı ona qulaq asır. "Nə olsun, İsa peyğəmbər də çoxunun xoşuna gəlmirdi..."

Onun əlli yaşı var. O, bizimlədir. "Doğmalarım və dostlarım deyir ki, saçım daimi stressə görə ağarıb. Amma belə deyil. Mənim atam da tez qocalmışdı. Futbol isə kədər yox, sevincdir”.

Ad günün mübarək, Joze!


“Sport-ekpsress” qəzetinin materialları əsasında,
26 yanvar, 2013-cü il

 


Son xəbərlər