Vəli Qasımov: “İlqar Quluzadənin futboldan başı çıxmırdı”

Vəli Qasımov: “İlqar Quluzadənin futboldan başı çıxmırdı”
MÜSAHİBƏ 7 Oktyabr 2009 / 13:25 3179
-  A +

Azərbaycan milli komandasının sabiq hücumçusu,“Neftçi”nin keçmiş idman direktoru Vəli Qasımov Qol.Az saytına müsahibə verib.

- Vəli müəllim, səhv etmirəmsə, Azərbaycanda yox idiniz?
- Hə, elədir. İspaniyaya getmişdim, yeni qayıtmışam.
- Səfəriniz futbolla bağlı idi?
- Yox, şəxsi işimə görə ora getmişdim.
- Futbolla bağlı nə isə bir yenilik var?
- (gülür). Yox hələ ki, mənə iş verən yoxdur. Odur ki, səbrimizi basıb gözləyirik.
- “Neftçi”də baş verən son hadisələrdən yəqin ki, xərəriniz var. Münasibətinizi öyrənmək maraqlı olardı.
- Hadisələri kənardan müşahidə edən adam üçün də baş verənlər gözlənilən idi. Yəni, belə gedə bilməzdi və “Neftçi”də mütləq dəyişikliklər olmalıydı. Çünki rəhbərlik düzgün iş aparmırdı. Daxildə problemlər vardı. İnanıram ki, son dəyişikliklər fayda verəcək. Çünki hələ çempionat yenicə start götürüb və heç nə itirilməyib.
- Sizcə, Vaqif Sadıqov düzgün seçim oldu?
- Vaqif ağıllı, savadlı, futbolu bilən mütəxəssisdir. Mən elə düşünürəm ki, o komandaya uğur qazandıra biləcək. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Hər şeyi zaman göstərəcək.
- “Neftçi”də daxildə problemlərin olduğunu və rəhbərliyin düzgün iş qurmadığını qeyd etdiniz. Bəs, oyun planında nə çatışmırdı?
- Elə bu sual da gəlib rəhbərliyin yanlış fəaliyyətinə bağlanacaq. Problem onda idi ki, “Neftçi”də əksər futbolçuları komandaya baş məşqçi yox, rəhbərlik seçirdi. Yəni, baş məşqçi ilə məsləhətləşmədən gedib özbaşına futbolçu gətirirdilər. Sonra da oynaya bilmirdi ya əvəzedici komandaya göndərirdilər, ya da təzədən geri qaytarırdılar.
- Baş məşqçinin işinə müdaxilə edilirdi?
- Bu haqda bir söz deyə bilmərəm, amma məşqçinin istəyi olmadan oyunçu gətirdikləri dəqiqdir.
- Rəhbərlik deyəndə yəqin ki, keçmiş vitse-prezident İlqar Quluzadəni nəzərdə tutursunuz. Çünki klubun prezidenti Əkbər Haciyev nə oyunçu gətirirdi, nə də baş məşqçinin işinə müdaxilə edirdi. İlqar Quluzadə bir vaxtlar  sizi peşəkar işləməməkdə ittham edirdi. Amma indi o, “Neftçi”dən gedib.
- Elə də olmalı idi. İlqar Quluzadə bəlkə də yaxşı insan ola bilər. Amma futboldan başı çıxmırdı, bu sahənin adamı deyildi. Ona görə də “Neftçi” bu günə düşdü. Komandaya oyunçu gətirirdi, sonra məlum olurdu ki, həmin futbolçular komandaya lazım deyil.
- Onun yerinə Tahir Süleymanov təyin olundu. Bu təyinata münasibətiniz?
- Tahir Süleymanovu yaxından tanımıram. Bilirəm ki, əvvəllər hakim olub. Ən əsası futbol adamıdır, neçə illərdi bu sahənin içindədir. Yəqin ki, onun da komandaya faydası dəyəcək. Bir də ki, Vaqif Sadıqov yəqin ki, işini necə qurmalı olduğunu bilir və əlavə problemlərin yaranmasına o özü də şərait yaratmaz.
- “Bakı”da baş verən dəyişikliklər də diqqət mərkəzində oldu. Bülənt Qorxmazın baş məşqçi postuna gətirməklə “Bakı” rəhbərliyi düzgün seçim etdi?
- Qorxmaz adlı-sanlı futbolçu olub, tanınır. Amma məncə, Haciyevskinin çıxarılması düzgün deyildi. O, çox yaxşı işləyirdi, komandaya çemponluğu qazandırdı, Çempionlar Liqasında mərhələ keçdi. Amma “Bakı”nın daxilində nə baş verdiyini bilmirəm. Bilirsiniz ki, hazırda orada türkiyəlilər çoxdur. Vitse-prezidentləri türkdür, uşaq komandalarına rəhbərliyi türklər edir. Bu amilin də baş verənlərdə təsiri ola bilər. Amma yenə deyirəm, Haciyevski güclü mütəxəssisdir və o, tezliklə özünə iş tapacaq. Onu bir insan və bir məşqçi kimi tək mən yox, hamı bəyənir.
- Çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Çempionatdır da. İzləyirəm, amma deməliyəm ki, hələ yüksək səviyyəyə gəlib çatmamışıq. Mən Avropa səviyyəsini nəzərdə tuturam. Bizim komandalar taktiki hazırlıq üzərində çox az işləyirlər. Əsas problem budur.
- Sizə ən çox hansı komandanın oyunu xoş təsir bağışlayır?
- “Muğan”ın adını çəkərdim. Liderlikləri bir qədər təsadüf kimi qiymətləndirilsə də, orada baş məşqçi işi dərhal görünür. Çox yaxşı, möhkəm kollektiv formalaşdıra bilib. Təbii ki, “Qarabağ”ın da adını mütləq çəkmək lazımdır. Orada əsasən azərbaycanlı uşaqlar toplaşıb və oyunları adama ləzzət edir.


 

Daha çox


Son xəbərlər