Branimir Subaşiç: “Foqts getsə, milli komandaya qayıdaram”

Branimir Subaşiç: “Foqts getsə, milli komandaya qayıdaram”
MÜSAHİBƏ 6 Oktyabr 2009 / 17:57 3117
-  A +

Çinin “Çanqçun Yatay” klubunda çıxış edən milli komandamızın sabiq hücumçusu Branimir Subaşiç Qol.Az saytına müsahibə verib

- İlk olaraq çempionatın son turunda komandanın keçirdiyi oyun haqda danışardın.
- Rəqibimiz “Henan Construction” çempionatın lideridir. Təkcə bu fakt həmin komandanın nə qədər güclü olmasından xəbər verir. Bu səbəbdən oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, qələbə qazanacağımız halda çempionluq şansımız xeyli artacaq. Şadam ki, sonda istəyimizə çatdıq. Yeganə qolla güclü rəqibi məğlub etdik.
- Son qarşılaşmada öz oyunundan nə dərəcədə razı qaldın?
- Məncə, pis çıxış etmədim. Komandamızın qol vurduğu epizodda məhsuldar ötürməylə yadda qaldım. Özüm də topu qapıdan keçirə bilərdim. Amma risk etməyə dəyməzdi. Əsas olan komandanın qələbə qazanmasıdır, kimin qol vurması yox.
- Çempionatın sonuna 4 tur qalıb. Hazırda liderdən 1 xal geri qalırsınız. Necə düşünürsən, Çin çempionatının qızıl medallarını qazanmaq şansın nə dərəcədə realdır?
- Fikrimcə, çempion olmaq şansımız var. Dediyin kimi, sona 4 tur qalıb. İkinci pillədəki komandayla xalımız eynidir, liderdən isə yalnız bir xal geri qalırıq. Növbəti oyunlarda maksimum nəticə göstərsək, çempion ola biıərik. Amma təəssüf ki, növbəti oyunda komandama kömək edə bilməyəcəm. Son oyunda mövsüm ərzində dördüncü sarı vərəqəmi aldım. Ona görə də növbəti görüşü buraxmaq məcburiyyətindəyəm.
- Müqayisə etsək hansı çempoionatın səviyyəsi daha yüksəkdir - Çin, yoxsa Azərbaycan?
- Bu suala dəqiq cavab verə bilmərəm. Amma onu deyim ki, burada stadionlar daha genişdir, daha gözəldir. Azarkeşlər də oyunlara daha çox maraq göstərirlər. Səviyyə də yüksəkdir. Amma bunu keyfiyyət haqda demək olmaz. Bəzi oyunçular elə qaçırlar ki...
- Çinə getdiyin ilk vaxtlar uyğunlaşmayla bağlı problemin var idi. İndi necə, şəraitə artıq tam uyğunlaşa bilmisən?
- Həqiqətən də gəldiyim ilk vaxtlar çox çətinliklərlə qarşılaşdım. İndi hər şey qaydasındadır. Artıq buradakı şəraitə tam uyğunlaşmışam. Yalnız buranın mətbəxindən dada bilmirəm. Burada Avropa restoranları var ki, orada qidalanıram. 
- Mövsümün sonuna elə də çox qalmayıb. Gələcək karyeranla bağlı qərar qəbul etmisən? Karyeranı “Çanqçun Yatay”da davam etdirəcəksən, yoxsa klubdan ayrılacaqsan?
- 4 turdan sonra çempionat başa çatır. Artıq klubdan ayrılacağımı qətiləşdirmişəm. Serbiyaya geri dönəcəyəm. Sonrasına isə baxarıq. 
- Hansısa klubdan təklif almısan?
- Yox, heç bir klub rəsmi şəkildə mənə müraciət etməyib.
- Azərbaycana qayıtmağın mümkündür?
- Ola bilər. Amma gərək ilk növbədə təklif olsun. İndiki halda bu haqda çox düşünmürəm. İndi yalnız çempionatın sonunu gözləyirəm ki, vətənimə geri dönüm. Yaxşıca istirahətə ehtiyacım var. Bir qədər dincəlim, sonra oturub gələcək karyeramla bağlı düşünəcəyəm.
- Yəqin xəbərin var ki, milli komandamız bir neçə gündən sonra Lixtenşteynlə qarşılaşacaq. Səncə bu oyunda nəhayət ki, cari seçmə tsikldə qələbə qazanmaq mümkün olacaq?
- İnanıram ki, belə də olacaq. Yəqin ki, səfərdə Lixtenşteynə qalib gələrlər.
- Amma Bakıda ilk oyunda bu, mümkün olmamışdı...
- Həmin oyuna qayıtmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Lixtenşteyn millisi həmin vaxt bizdən daha zəif idi. Amma nə üçün qələbə qazana bilmədiyimizi deyə bilmərəm.
- Berti Foqts millidən getsə, komandaya qayıtmağa hazırsan?
- Hə, hazıram.
- Sən axı, millidən Berti Foqtsa görə yox, zəif çıxışına görə getdiyini söyləmişdin.
- Mən daha milli komanda haqda danışmaq istəmirəm.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı