“Stadionda “semiçka” çırtlamaqla “bulka” yeməyi tərgitmək lazımdır”

“Stadionda “semiçka” çırtlamaqla “bulka” yeməyi tərgitmək lazımdır”
MÜSAHİBƏ 6 Oktyabr 2009 / 13:00 3886
-  A +

Populyar “Tam sərbəst” verilişinin aparıcısı, aktyor və futbol azarkeşi Fərda Xudaverdiyevin Qol.Az saytına müsahibəsi


- Futbola marağın nə vaxtdan başlayıb?
- İlk növbədə məni redaksiyanıza dəvət etdiyinizı görə sizə təşəkkür edirəm. O ki qaldı futbola, bu idman növünə uşaq yaşlarımdan marağım var. Futbolu həddindən artıq çox sevirəm. Şəxsən mən kişinin futbolla maraqlanmamasını heç cür anlaya bilmirəm.
- Özün futbolla məşğul olmusan?
- Hə, uşaq vaxtlarımda. 1979/80-ci il təvəllüdlü uşaqlardan ibarət “Neftçi” komandasında oynamışam. Amma bu, çox çəkmədi. Çünki o vaxt futbolda indiki kimi maliyyə yox idi. Amma mən futbolu həddidən artıq çox sevirdim. Təsəvvür edin ki, 38-40 dərəcə istidə dayanmadan bütün günü futbol oynayırdım həyətdə. Axırı bir gün yaxın qohumumuz gəlib, məni güclə stadiondan maşınıyla apardı və dedi ki, “ay bala, bəsdir futbol oynadın, axırda gün vurub, səni öldürəcək”.
- Həmin vaxt “Neftçi”yə gəlişin necə alındı?
- Bir gün təsadüfən metroda gördüm ki, bir neçə cavan uşaq var, çiyinlərində idman çantası, özləri də futboldan danışırlar. Mən də vaxt itirmədən özümü birtəhər onların arasına atdım və başladım onlarla danışmağa. Dedim ki, mənim futbola həvəsim var. Onlar da məşqçiyə yaxınlaşmağımı məsləhət gördülər. Səhv etmirəmsə, Arif idi məşqçinin adı.Yaxınlaşdım, danışdıq. Məni sınaqdan keçirdilər və bəyəndilər.
- Hansı mövqedə oynayırdın?
- Əsasən sol cinahda çıxış edirdim. Çünki mən “solaxayam”. Burdan da məşqçilərimizə səslənirəm – “solaxay” futbolçu axtarırsınızsa, mənə hazıram. Boş vaxtlarımda gəlib, sizə kömək edə bilərəm.  
- Bəs necə oldu ki, sonradan futboldan ayrıldın?
- Futboldan ayrılmaq istəmirdim. Lakin sonra bir gün ruhdan düşdüm. Mən 79/80-cı il təvəllüdlü uşaqların arasında çıxış edirdim. Günlərin bir günü bizdən 4 yaş kiçik olan uşaqlardan, yəni 1983/84-cü il təvəllüdlülərdən ibarət komandayla yoldaşlıq oyunu keçirdik. Həmin uşaqlar İspaniyadan təzə qayıtmışdılar. İnanın, həmin uşaqlar bizim başımıza bir oyun açdılar ki... Yaşda bizdən kiçik olsalar da, bizə “toy” tutdular. Ondan sonra özüm-özümə sual verdim ki, biz də futbol oynayırıq?
- Aktyor kimi futbolumuzla bağlı bir neçə dəfə səhnəciklər hazırlamısan. Ümumiyyətlə, bir aktyor kimi necə deyə bilərsən, futbolumuzun bugünkü durumu komikdir, yoxsa tragikomik?
- Mən deyərdim ki, biz artıq tragikomediyanı da ötüb keçmişik. Bir azərbaycanlı kimi ürəyim çox yanır. Bir vaxtlar mən səhnədə futbola tez-tez toxunurdum. Çoxları bunu yalnız gülüş kimi qəbul edirdi. Amma mən ürəyim yandığından bu səhnələri qururdum. Nə qədər uduzmaq olar axı? 30-35 min azarkeş gəlir stadiona, amma hər dəfə də evlərinə məyus dönürlər.
- Futbolla bağlı hazırladığın səhnələrə münasibət necə olurdu?
- 1-2 nəfərdən irad gəldi. Mən isə cavabımda onlara dedim ki, bunu mən sırf azarkeş kimi etmişəm.
- Konkret olaraq, kimlər sənə iradlarını bildirirdilər?
- Məncə, indi ad çəkməyin mənası yoxdur. Şahin müəllim də artıq milliyə rəhbərlik etmir.
- Foqtsa münasibətin necədir?
- O da gəlib heç nə edə bilmir. O vaxt Torres gəldi, axırda kişini necə əsəbləşdirdilərsə, əsəbindən meydandan çıxıb, getdi. 
- Diniyev millinin baş məşqçisi olanda onu tez-tez tənqid edirdin. Amma Foqtsla işin yoxdur.
- O vaxt bəziləri bunu düzgün başa düşmədilər. Dedilər ki, guya tək sən danışmaqla nəsə düzələndir?
- Səncə, millinin baş məşqçisi kim olmalıdır?
- Mən hesab edirəm ki, o vaxt Haciyevskini nahaq yerə çıxardılar. O gərək komandada qalaydı. Mən əminəm ki, həmin vaxt Haciyevski millidə qalsaydı, indi hər şey tamam fərqli olardı.
- Futbolumuzdakı əsas problem nədir?
- Bizim futbolçularda ruh çatışmır. Himn səslənəndə, bayraq dalğalananda futbolçularımız bunun mahiyyətinə varmırlar. Elnur Məmmədlinin gözündəki o qığılcığımı hamımız gördük. Futbolçularımızda da belə olmalıdır. Futbola böyük maliyyə ayrılır. Amma yenə də inkişaf yoxdur. Əvvəl bəhanə edirdilər ki, pul yoxdur, metroynan gedirik. İndi sağlıqlarına qismət, hamısının yaxşıca maşını, evi-eşiyi, bir sözlə, hər cür imkanı var. Hərçənd onlar peşəkarlıqlarını artırmaq barədə düşünmürlər. Fikirləşir ki, hər cür imkanım var, xaricə getməyi neynəyirəm ki? Amma məncə, belə olmamalıdır. Futbolçu xaricdə çıxış etməyə can atmalıdır. Bizimkilərdən hansı xaricdə oynayır? İlqar Qurbanov, Rəşad Sadıqov və Ramal Hüseynov Türkiyədə çıxış edirdilər ki, onların da hamısı artıq geri qayıdıb.
- Azarkeşlər necə, futbolçulara lazımı şəkildə dəstək verə bilirlər?
- Yox, vallah. Bizdə azarkeşlər də zəifdirlər. O vaxt bizim klublardan biri - səhv etmirəmsə, “Xəzər Lənkəran” idi -  Polşanın “Lex” klubuyla oynayırdı. Stadion tam dolmuşdu. Polşadan isə cəmi 40 azarkeş gəlmişdi. Amma həmin 40 nəfər komandalarına verdikləri möhtəşəm dəstəklə 40 min adamın səsini batırmışdı. Mən deyərdim ki, azarkeşlərimizdə emosiya, çılğınlıq çatışmır. Azarkeşimizdə çılğınlığın olması üçün tribunada ilk növbədə “semiçka” çırtlamaqla “bulka” yeməyi tərgitmək lazımdır. Onda biz azarkeşlər də ruh da yaranacaq. Azarkeşə “12-ci oyunçu” , amma bizdə “12-ci oyunçu” yoxdur. Yalnız “ultrAslan” fanklubunun üzvlərini xüsusi qeyd edə bilərəm. Yalnız onlar 90 dəqiqə ərzində dayanmadan komandaya dəstək verirlər. Futbolçularımız kimi azarkeşlərimizin də psixoloji problemi var. Komanda qol buraxırsa, birinci azarkeşlər, sonra da futbolçular ruhdan düşürlər. Amma belə olmaz, oynamaq lazımdır. Biz onsuz da millinin uduzmağına öyrəşmişik. Heç olmasa, bir qol vurun da. 0-3 yox, 1-3 uduzaq da. Belə olmaz axı.  
- Stadionlara tez-tez gedirsən?
- Milli komandamızın və klublarımızın avrokuboklardakı oyunlarını çalışıram hər zaman stadiondan izləyim.
- Sonuncu dəfə nə vaxt stadionda olmusan?
- “Qarabağ”ın “Rusenborq”a qarşı keçirdiyi qarşılaşmanı canlı olaraq stadiondan izlədim. Oyun çox xoşuma gəldi. Bizimkilər həqiqətən də həmin gün qələbəyə layiq idilər. Həm də mən hesab edirəm ki, klublarımız avrokuboklarda nə qədər uğurla çıxış etsələr, azarkeşlər də stadiona bir o qədər çox gələr. Bu mövsüm sağ olsun “Bakı”yla “Qarabağ”ı. Hər ikisi Avropada ölkəmizi layiqincə təmsil etdilər. Ona görə stadion hər oyun azarkeşlərlə  dolu olurdu. Klublarımız yaxşı oynayanda hamımız sevinirik. Bir faktı da deyim. Mən “Qalatasaray”a azarkeşlik edirəm. İnanın ki, “Qarabağ”la “Bakı”nın avrokuboklardakı oyunları zamanı “Qalatasaray” heç yadıma da düşmürdü. Yalnız internet vasitəsiylə oyunun nəticəsi haqda məlumat alırdım.
- Milli çempionatın oyunlarını necə, baxırsan?
- Sözün açığı, yox. Azərbaycan çempionatının oyunları çox sönük keçir və buna görə də heç stadiona da getmirəm.
- Belə başa düşdük ki, Azərbaycanda azarkeşlik etdiyin klub da yoxdur...
- Hə, həqiqətən də belədir. Mənim üçün klublarımızın hamısı doğmadır. Amma əsas odur ki, Avropada adlarından söz etdirə bilsinlər.
- Futbolçularla şəxsi tanışlığın var?
- Bir neçəsiylə yaxın dostam. Fərrux İsmayılov, Emin İmaməliyev, Rəşad Sadıqov, Təhmuraz Razyevlə yaxşı münasibətlərimiz var.
- Onlarla tez-tez görüşürsən?
- Deməzdim elə də tez-tez. Çünki həm mənim, həm də onların işi həddindən artıq çox olur. İmkan olduqda telefonla danışırıq. Elə bir neçə gün bundan qabaq Fərrux İsmayılovla əlaqə saxladım. Dedi ki, hazırda “Muğan”da oynayır. Komandası da çempionata yaxşı başlayıb.
- Aktyorluqla yanaşı, həm də toylara gedirsən. Hansısa futbolçunun toyunu idarə eləmisən?
- Yox, belə bir şey olmayıb. Amma futbolçularla tez-tez elə toy məclislərində görüşürük.
- Səncə, Azərbaycanda ən güclü futbolçu kimdir?
- Dostum olduğuna görə demirəm, amma Fərrux İsmayılov həqiqətən də yaxşı oyunçudur. Meydanda can qoyur, sona qədər vuruşur. Eyni sözləri də Emin İmaməliyev haqda da deyə bilərəm.
- Bayaqdan deyirsən ki, futbolçularımızda milli ruh çatışmır. Amma Azərbaycan milli komandasında eyni zamanda legionerlər də çıxış edir. Əcnəbi oyunçularda isə milli ruhun olması qeyri-mümkündür...
- Məncə, millidə legionerlər də oynamalıdır. Ancaq bir şərtlə ki, səviyyələri yüksək olsun və gənclər baxıb, onlardan nəsə öyrənsinlər. Məsələn Fabio Luis Ramimi milliyə dəvət edirdilər ki, Rəşad Sadiqov ona baxıb ondan nəsə götürsün. Amma gəlin indi fikir verək, vəziyyət necədir? Fabionun oyununda eniş yaşanır, o artıq milliyə dəvət almır. Amma Sadiqov bu gün millinin əsas heyətində çıxış edir.
- Futbol haqda əvvəllər tez-tez səhnəciklər hazırlayırdın. Gələcəkdə də bu cür planların var?
- Hələlik belə bir fikir yoxdur. Hazırda bir film üzərində çalışıram. Bütün diqqətimi də məhz bu filmə yönəltmişəm. Amma gələcəkdə yenə də futbol haqda səhnəciklər hazırlayacağam.     

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın