Tahir Süleymanov: “Uğur qazanmaq üçün 3-5 il vaxt istəyənlərin məqsədi özlərini sığortalamaqdır”

Tahir Süleymanov: “Uğur qazanmaq üçün 3-5 il vaxt istəyənlərin məqsədi özlərini sığortalamaqdır”
MÜSAHİBƏ 5 Oktyabr 2009 / 18:30 2906
-  A +

“Neftçi”nin yeni vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Qol.Az saytına müsahibə verib

 

- “Neftçi”dəki fəaliyyətinizin ilk günlərində görülən işlər və komandadakı hazırkı durum barədə nə deyə bilərsiniz?
- Öncə onu söyləyim ki, “Neftçi” Azərbaycanın tarixi klubudur, ölkə futbolunun flaqmanıdır. Odur ki, klub adına layiq oyun göstərib, nəticə qazanmalıdır. Klubumuzun prezidenti Əkbər Haciyev “Neftçi” üçün hər cür şərait yaradıb. Bu gün klubda futbol oynamaq və yaxşı nəticə qazanmaq üçün heç bir problem yoxdur. “Neftçi”nin hədəfi çempionluqdur. Amma bu, minimum hədəfdir. Əsas hədəf Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Necə ola bilir, BATE, “Şerif” kimi komandalar buna nail olurlar, amma Azərbaycan klubları yox? Sadəcə, bir qədər zamana ehtiyac var. Bir daha təkrar edirəm, “Neftçi” rəhbərliyi yeni baş məşqçi Vaqif Sadıqova, eləcə də bizlərə sərbəst, azad fəaliyyət göstərmək üçün hər cür şərait yaradıb. Məşqçilər korpusunun işinə heç bir müdaxilədən söhbət gedə bilməz. Dünən azarkeşlərlə də görüşümüz oldu. Çox möhtəşəm bir tədbir keçdi. Azarkeşlərimizə də göstərdikləri diqqət və dəstəyə görə öz minnətdarlığımı bildirirəm. Biz də əlimizdən gələni edəcəyik ki, qısa zamanda “flaqman” adını yenidən “Neftçi”yə qaytaraq. Bu arada mən “vaxt lazımdır” deyəndə 3-5 ili nəzərdə tutmuram. Uğur qazanmaq üçün 5 il vaxt istəyənlərin məqsədi özlərini sığortalamaqdır. Biz bu yolu tutmamışıq. Bəli, 5-6 ay az ola bilər. Amma bu müddətdə də nəzərəçarpacaq işlər görmək mümkündür.
- Komandanızdakı son istefalara da toxunaq...
- Ümumiyyətlə, «Neftçi»dəkui bütün islahatlar klubun gələcəkdə daha yaxşı çıxış etməsi üçün görülən fəaliyyətin tərkib hissəsidir. İlk növbədə klubdaxili nizam-intizam gücləndirilməlidir. Psixoloji durum qaydaya salınmalıdır. Mən inanıram ki, Vaqif Sadıqov da təcrübəli mütəxəssis kimi, qısa zamanda komandanı dirçəltməyi bacaracaq. Konkret son istefalara gəlincə, bunları normal qarşılamaq lazımdır. Bizim nə İqor Getman, nə də Səbuhi Səfiyarlı ilə problemimiz var. Hər ikisinin “Neftçi”də böyük xidmətləri olub və buna görə, onlara da minnətdarlığımızı bildiririk. Baş verən dəyişiklikləri də normal qəbul etmək lazımdır. Bu futboldur, yeni gələn baş məşqçi həmişə öz komandasını formalaşdırır. Yoxsa, hər hansı bir inamsızlıqdan və yaxud etinasızlıqdan söhbət gedə bilməz.
- Bəs gedənləri kimlərin əvəzləyəcəyi nə vaxt bilinəcək?
- Bununla bağlı danışıqlar aparılır. Bütün danışıqlar yekunlaşandan və klub prezidenti Əkbər Haciyev bütün bunları tam təsdiqləyəndən sonra həmin şəxslərin kimliyi mətbuata açıqlanacaq.
- Bu, konkret nə vaxta gözlənilir?
- Yaxın günlərdə.
- Deyilənə görə, “Neftçi”nin əvəzedici komandasına təcrübəli mütəxəssis Sabir Əliyev rəhbərlik edəcək. Bu haqda nə deyə bilərsiniz?
- Bu sual hardan doğdu bilmirəm, amma onu deyə bilərəm ki, ötən mövsüm bu komandaya çempionluğu qazandıran Arif Əsədov əsas komandaya köməkçi məşqçi keçəndən sonra onun da yerinə Mirbağır İsayev təyin olundu. İsayev hazırda əvəzedici komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirir və onun işindən də heç bir narazılığımız yoxdur.
- “Neftçi”yə qədər “Turan” və “Qarabağ” klublarında qısa zaman kəsiyində olsa da, rəhbər vəzifədə çalışmısınız. Bu klubları bir-birindən fərqləndirən əsas cəhətlər hansılardır?
- Azərbaycan çempionatları tarixində bütün mövsümlərdə oynamış üç klub var ki, bunlardan bir “Turan”, biri “Qarabağ”, digəri isə “Neftçi”dir. Hər üçünün də özünə görə futbolumuzda yeri, çəkisi var. “Qarabağ”ın təkcə adı hər şeyə dəyər. “Turan” ölkəmizi ilk dəfə UEFA kubokunda təmsil etməsi ilə tarixə düşüb. “Neftçi” isə Azərbaycan futbolunun səlnaməsidir.
- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, “Neftçi”nin minimum hədəfi çempionluqdur. Bu hədəf cari mövsüm üçün də keçərlidir, yoxsa daha çox növbəti mövsümə hesablanıb? Çünki komandanı yarı yola qəbul etmisiniz.
- İstənilən vəziyyətdən asılı olmayaraq, “Neftçi”nin həmişə bir hədəfi olub - çempionluq. Başqa hədəfdən söhbət gedə bilməz. Bu sadəcə mümkünsüzdür. Eyni zamanda, başqa hədəfi olan insan da “Neftçi” də ola bilməz. Buraya gələn hər kəsin ancaq və ancaq bir amalı olmalıdır - çempionluq!

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"