Tunc Afşar: “Qorxmaz bütün futbolçulara baxışda olan legioner kimi baxır”

Tunc Afşar: “Qorxmaz bütün futbolçulara baxışda olan legioner kimi baxır”
MÜSAHİBƏ 30 Sentyabr 2009 / 22:04 3081
-  A +

“Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar Antalya səfəri öncəsi Qol.Az saytına müsahibə verib.

- Tunc bəy, hazırda klubun düşərgəsində əhval-ruhiyyə necədir?
- Əhval-ruhiyyə əladır. Elə bu dəqiqə sizinlə məhz komandanın Tofiq Bəhramov adına Respublika stadionundakı məşqindən danışıram. Bütün futbolçular özlərini göstərmək üçün var güclərini ortaya qoyurlar. - Komanda bu gün səhər də məşqə çıxıb və bu, yeni baş məşqçinin rəhbərliyi altında ilk hazırlıq prosesi olub. Maraqlıdır, Bülənt Qorxmazın ilk təəssüratı necədir?
- Təəssüratı çox yaxşı oldu. Onsuz Bülənt çox peşəkar bir insandır və işinə də bu cür yanaşır. O, hazırda düşərgədə olan bütün fubolçulara baxışa yeni gələn legioner gözü ilə baxır. Bunu özlərinə də deyib. Yəni, kim özünü doğrulda bilsə, baş məşqçi ona etimad göstərəcək. Bildiyiniz kimi, sabah axşam Antalyaya yola düşürük və orada yeni baş məşqçimiz bütün futbolçuların potensialına daha yaxından bələd olacaq.
- Antalyada yoxlama görüşü keçirmək planınız da var?
- Düzünü desəm, baş məşqçimizin belə bir planı yoxdur. Onun üçün daha önəmli olan taktiki-texniki hazırlıqdır və ilk növbədə bunun üzərində işləyəcəyini deyib. Ümumiyyətlə, sizə deyim ki, komandanın Antalyadakı 10 günlük və geri qayıtdıqdan sonra burada keçəcəyi hazırlıq planı artıq hazırdır.
- Qorxmaz komandanın məşq şəraiti və infrastrukturu ilə tanış olub?
- Bəli, həm ev oyunlarını keçirdiyimiz Tofiq Bəhramov adına Respublika stadionuna baxdı, həm də məşqlərimizi keçdiyimiz  “Ədliyyə” stadionu ilə tanış oldu.
- Belə çıxır ki, Bakıya qayıtdıqdan sonra məşqlərinizi “Ədliyyə”də davam etdirəcəksiniz? Axı oranın qazonu ürəkaçan vəziyyətdə deyil. Bülən Qorxmaz kimi “Qalatasaray” məktəbindən çıxmış biri həmin stadionda məşq keçməyə necə razı odu?
- Onsuz növbəti turda qarşılaşacağımız “Turan”ın ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunun da qazonu yaxşı vəziyyətdə deyil. Bir də ki, yaxın zamanlarda klubumuzun öz şəxsi bazası olandan sonra bu problemlər də aradan qalxacaq.
- Yeri gəlmişkən, millinin oyunları ilə əlaqədar daxili çempionatda yenidən uzunmüddətli fasilə yarandı. Demək olar bütün klublar bunun əlehinə çıxdılar. Sizin fikriniz necədir?
- Ümumilikdə narazı qalan klubları başa düşürəm. Çünki dünyanın heç bir ökəsində millinin oyunları ilə əlaqədar daxili çemponata 21 günlük fasilə vermirlər. Amma indiki halda mən bundan narazı deyiləm. Çünki bu fasilə “Bakı” üçün göydəndüşmə oldu. Bu zamanda yeni baş məşqçimiz komandasını daha yaxından tanıyacaq və növbəti tura daha yaxşı hazırlaşacaq. Bir də düşünürəm ki, Azərbaycan futbolunun hazırkı durumunu nəzərə alsaq, Foqts düzgün addım atıb. Türkiyədə də vaxt olub ki, çempionatda bu qədər fasilə yaranıb. İnanıram ki, nə vaxtsa Azərbaycan futbolu da lazımı səviyyəyə gələcək və o vaxt burada da Avropada olduğu kimi daha qısa müddətli fasilələr olacaq.
- “İnter”in prezidenti Georgi Nikolov saytımıza verdiyi açıqlamasında deyib ki, bu qədər fasilə onsuz da millinin uğur qazanmasına kömək etməyəcək. O, misal kimi Finlandiya və Almaniya ilə oyunları gətirib.
- Nikolovun fikirlərinə hörmətlə yanaşıram, amma bu məsələdə onunla razı deyiləm və düşünmürəm ki, bu qərar milliyə kömək etməyəcək.
- Bu arada Nikolov eyni zamanda deyib ki, 21 günlük fasilə klubların büdcəsinə də ciddi ziyan vuracaq. Yəni, bu müddəti boşa verməmək üçün iddialı klublar ölkə xaricinə təlim-məşq toplanışına getməyə məcbur olurlar.
- Bu fikirlə artıq razıyam ki, bəli, bu, artıq xərcdir. Amma “Bakı” üçün bunu da müvəqqəti sayıram. Çünki klubumuzun yeni bazası yaxın zamanlarda istifadəyə verildikdən sonra orada hər cür şərait olacaq və başqa ölkəyə getməyə də ehtiyac qalmayacaq.
- Maraqlıdır, bu dəfəki Antalya səfəri “Bakı”nın büdcəsinə nə qədər zərər vuracaq?
- Açığı maliyyə işləri ilə mən məşğul olmadığımdan dəqiq bir söz deyə bilmərəm. Amma onu deyə bilərəm ki, Türkiyədəki otellərin qiyməti buradakından qat-qat ucuzdur. Məsələn, Bakıda 3 gecəlik otelə verdiyin pulla Antalyada 1 həftə qala bilərsən.
- “Bakı”ya yeni futbolçuların gələcəyi də yəqin ki, planda var və ehtimal ki, onların əksəriyyəti Türkiyədən olacaq.
- Bu haqda danışmağa tələsməyək. Çünki bizim gözəl komandamız var. Yeni baş məşqçimizdən əvvəl də biz gözəl kollektiv formalaşdırmışıq. Yəqin ki, Antalyada Qorxmaz özü də buna əmin olacaq. Yaxşı futbolçulara malik olmaq hələ heç nə demək deyil. Əsas odur ki, kollektiv olaraq ortaya bir şey çıxardasan. Təbii ki, baş məşqçi kimi oyunçu seçmək səlahiyyəti bütünlüklə Qorxmaza aiddir və bu məsələlərdə qərarı o özü verəcək.
- Tümər Mətin məsələsi yenidən gündəmə gələ bilər, yoxsa artıq “Bakı” üçün bu səhifə qapanıb?
- Hazırda Tümər haqda heç bir şey düşünmürük.
- Bəs digər tanınmış türk futbolçuların Azərbaycana gəlişi mümkündür? Yəqin ki, Bülənt Qorxmazın Azərbaycanda çalışması onların Azərbaycanda çıxış etmələrinə təkan rolunu oynaya bilər.
- Əlbəttə. Mənim sözüm başqa, Bülənt Qorxmazın sözü bir başqa. Hansısa futbolçu görsə ki, “Qalatasaray”ın 15 illik kapitanı Azərbaycana gəlib, o da bu addımı atacaq. Düzdür, bu, bir qədər çətin görünə bilər. Çünki Türkiyədə futbolçuya daha çox pul verirlər. Amma son zamanlar orada yaşanan maliyyə böhranı həmin futboçuların buraya axınını da sürətləndirə bilər.
- Qorxmazın gəlişi eyni zamanda Azərbaycan futbolunun Türkiyədə tanınmasında da müsbət rol oynayacaq, siz, necə düşünürsünüz?
- Sizə bir söz deyim ki, Bülənt hoca Azərbaycana gəldiyi ilk gündən türk telekanallarından nə qədər zənglər gəlib. NTV, “Kanal D”, “Lig” TV və digərləri onunla müsahibələr, açıqlamalar götürmək istəyirlər. Bu isə Azərbaycan futboluna Türkiyədə xeyli maraq oyandığını göstərir. Yəni, bundan sonra orada Azərbaycan futbolu haqqında daha çox danışıb, göstərəcəklər.
- Qorxmazın “FOX” TV ilə anlaşması nə yerdə qalacaq?
- Bülənt hoca özü ilk gündən dedi ki, istəsəniz “FOX” TV ilə anlaşmanı poza bilərəm. Biz düşünürük ki, deyək ki, bizim şənbə günü oyunumuz olarsa, bazar günü baş məşqçimiz Türkiyəyə gedib, həmin telekanalın verlişində çıxış edə bilər. Bu yaxşı olardı. Çünki Qorxmaz orada Azərbaycan futbolu haqqında da danışacaq.
- Bir müddət əvvəl “Bakı”nın “Qalatasaray”la yoldaşlıq görüşü keçirmək variantı da ortaya çıxmışdı. Bülənt Qorxmazın gəlişi ilə bu məsələ yenidən gündəmə gələ bilər?
- “Qalatasaray”la dostluq münasibətlərimiz indi də davam edir. Məsələn, bu klubun məsul şəxslərindən biri olan Tunce Hazinadaroğlu elə bu günlərdə Azərbaycanda idi və Qorxmaza da uğurlar arzuladı. Yəni bu məsələ daim gündəmdədir. Sadəcə biz ilk növbədə öz infrastrukturumuzu, bazamızı, stadionumuzu ortaya çıxarmaq istəyirik. Bundan sonra “Qalatasaray”la oynamaq problem olmayacaq. Onlar əvvəl də buraya gəlmək istəyirdilər. 15 illik kapitanlarının gəlişindən sonra daha sevə-sevə gələrlər.


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki