Ağasəlim Mircavadov: “Komanda özünə gəlir, forma yığır, yenidən çempionatı təxirə salırlar”

Ağasəlim Mircavadov: “Komanda özünə gəlir, forma yığır, yenidən çempionatı təxirə salırlar”
MÜSAHİBƏ 28 Sentyabr 2009 / 21:40 3219
-  A +

Son turda “Muğan”a qalib gələrək çempionatın şərikli liderlərindən birinə çevrilən  “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib.

 

- Ağasəlim müəllim, “Muğan”la qarşılaşmada komandanızın ortaya qoyduğu oyundan razı qaldınız?
- Razı qaldım. Çünki uşaqlar maksimum istək və əzmkarlıqlarını ortaya qoydular. Ən əsası onlarda istək çox idi və buna görə də qalib gəldik. Bundan başqa, nəzərə alaq ki, biz yeni taktika ilə oynayırıq və buna uyğunlaşmaq üçün də vaxt lazımdır. Bizim heyətimizdə 25 nəfər futbolçu var və mən onların hamısını əsas heyətin futbolçuları sayıram.
- Yeni sxem dediniz. Əksəriyyət “Xəzər-Lənkəran”ın 4-3-3-lə oynayıb, oyunun gedişində 3-5-2-ə keçdiyini düşünür. Yəni hücuma keçəndə cinahlar avtomatik oyuna qoşulur.
- Mən konkret sxem anlayışı üzərində dayanmazdım. Bizim bir taktikamız var - top rəqibdə olarkən komanda şəklində pressinq tətbiq edib, topu onlardan alırıq. Eyni zamanda top bizdə olanda komanda şəklində hücum edirik.
- Son rəqibiniz “Muğan” necə təsir bağışladı?
- “Muğan” döyüşkən komandadır. Yəni, 10 xalı əbəs yerə yığmayıblar və bunu bizimlə oyunda sübut etdilər. “Muğan” haqda bunları deyə bilərəm.
- Demək, liderlərə başağrısı ola bilərlər?
- Olacaqlar da.
- Yəqin ki, “Muğan”la oyundan sonra “Turan” və “Qəbələ” ilə qarşılaşmalardakı xal itkisinə görə heyfsləndiniz? Ona görə ki, həmin oyunlarda qalib gəlsəydiniz indi zirvədə qərarlaşacaqdınız.
- Heyfslənmək deyəndə, bunun artıq elə bir əhəmiyyəti yoxdur. Biz gərək geriyə yox, irəli baxaq. Keçmişdə olan keçmişdə qaldı. Təbii ki, buraxılan səhvlərdən də nəticə çıxarmaq lazımdır. Bu da əsas şərt olmalıdır. Bir də ki, indi çempionatda zəif komanda da yoxdur. Məsələn, “Turan” gedib “Olimpik-Şüvəlan”la da heç-heçə oynadı.
- Lali son oyunda 2 qol vurdu. Onun oyunundan razısınız yoxsa daha çox şey gözləyirsiniz?
- Mən deyərdim ki, o artıq yavaş-yavaş bizim komandamıza uyğunlaşıb. Daha da yaxşı oynaması isə özündən asılıdır. Amma mən şəxsən baş məşqçi kimi onun oyunundan razıyam.
- Uzun müddət əvvəlki məşqçiləri tərəfindən “ofsayd”da saxlanılan Ramazan Abbasovla Nizami Hacıyevə də kifayət qədər şans verirsiniz. Onlar necə, ümidləri doğrulda bilirlər?
- Hər ikisi çox çalışmalıdır. Yaxşı futbolçulardır, potensialları var. Amma bununla kifayətlənmək olmaz. Onlar daha yaxşı oynamalıdırlar.
- Əksəriyyət belə düşünür ki, “Xəzər-Lənkəran”da oyun planı baxımından problemlər qalmaqdadır. Belə olmasa idi, “Turan” və “Qəbələ” ilə oyunlarda xal itirilməzdi. Bu fikirləri qəbul edirsiniz?
- Çatışmazlıqlar var və bunu heç kim danmır. İş olan yerdə nöqsan da olmalıdır, səhv də. Əsas olan odur ki, bundan nəticə çıxarıb, bir daha təkrar etməyəsən. Bu mənada biz də hazırda bunun üzərində işləyirik. Çempionatda yaranmış fasilədən istifadə edib Antalyaya 1 həftəlik təlim-məşq toplanışına yollanacağıq.
- Fasilədən söz düşmüşkən, çempionatda yenidən uzunmüddətli fasilə yarandı. Bunun “Xəzər-Lənkəran”a nə dərəcədə ziyanı dəyəcək?
- Ziyanı təbii ki, toxunacaq. Ən əsası rejim pozulacaq. Komanda özünə gəlir, forma yığır, yenidən çempionatı təxirə salırlar. Buna münasibətim necə yaxşı ola bilər?
- Sonda “Xəzər-Lənkəran”la “Muğan”ın əvəzedici komandaları arasında keçirilən oyundan sonra baş hakimin döyülməsinə də münasibətinizi öyrənmək istərdik.
- Münasibətim çox pisdir. Hətta yoldaşlıq görüşündə olsa belə, hakimin döyülməsi çox pis haldır. Özü də belə olayda “Xəzər-Lənkəran” kimi klubun adının hallanması ümumiyyətlə xoş olmadı. Klubumuzun prezidenti Mais Mənsimov da baş verənləri kəskin surətdə pislədi. Hətta mən özüm də şahidi oldum ki, məlum hadisədən dərhal sonra yerindəcə təcili iclas çağırdı və günahkarları cəzalandırdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord