Həmyerlimiz Valeh Qafarov İsveç klubuna məşqçi təyin edilib

XƏBƏR 28 Sentyabr 2009 / 15:36 3082
-  A +

Həmyerlimiz Valeh Qafarov İsveçin “ÖSK Örebro” klubuna məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, Kazbek Tuayevin rəhbərliyi altında Milli Olimpiya yığmasının bazasında 6 yaşından top qovmağa başlayan Valeh Qafarov daha sonra Böyükağa Abbasovun rəhbərliyi ilə 3 il olimpiya yığmasında çıxış edib. Qafarov çox keçmədən SSSR-i yeniyetmələr yığmasına dəvət alıb. Sovetlərin dağılmasıyla həmyerlimiz 1994-97-ci illər ərzində gənclər və olimpiya milli komandalarımızın formalarını geyinib. Böyük futbola Vaqif Sadıqovun bir zamanlar rəhbərlik etdiyi "Neftçi"nin heyətində başlayan Qafarov hərbi xidmətə çağırıldıqdan sonra karyerasını Ordu İdman Klubunun heyətində davam etdirib. Ayağından aldığı zədə ucbatından bir müddət böyük futboldan uzaqlaşan Valeh futzala üz tutmalı olub. Həmyerlimiz hazırda İsveçin "ÖSK Örebro" klubunun 15-16 yaşlı yeniyetmələrinə məşqçilik edir. Qafarov məşqçilik etdiyi klubu haqqında Qol.Az-ın müxbirilə söhbətində bunları bildirib: “ÖSK Örebro” İsveç futboluna yeni ulduzlar yetişdirir. 700 illik tarixə malik qədim Skandinav şəhəri olan Örebro əhalisi demək olar ki, futbolla nəfəs alır. Yüzlərlə yeniyetmə müxtəlif yaş qruplarında olan komandaların heyətinə düşmək üçün bütün güclərini təlim-məşq toplantıları zamanı meydana qoyur. Gələcəyin ulduzlarını yetişdirən klub uşaq futboluna ən yüksək səviyyədə bütün şəraiti yaradıb. Ötən il yeniyetmələr arasında keçirilən çempionata təşkilatçılıq edən “ÖSK Örebro” müxtəlif ölkələrdən 423 klub qəbul etmişdi. Bizim yeniyetmələrin də Örebroya gəlməsini çox arzu edirəm. Rəhbərliyə istəyim barəsində müraciət edəndə "biz çempionata qatılaraq qapısında 10 qol seyr edəcəyimiz klubları İsveçə gətirmək istəmirik" cavabını aldım. Onları inandırmağa nail oldum ki, bizim uşaqlar bura gələrsə, çempionatda öz gözəl oyunlarını sərgiləyəcəklər. Çox istərdim ki, "Neftçi", yaxud "İnter" klublarından birinin yeniyetmələrini buraya dəvət edək. Bu günlərdə bu haqda bir qərara gələcəyik. Rəhbərlik faksla Azərbaycana müraciət edəcək. Ümidvaram ki, həmin klubların 1995-96-ci il doğumlu yeniyetmələri çempionatımıza qatılacaq və ilk üç yerdən birini qazanacaqlar. Bizim uşaq futboluna son dönəmlər xüsusi diqqət göstərilir. Bu çempionat onların Avropa futbolu təcrübələrini artırmağa gətirib çıxaracaq.”

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın