Vaqif Sadıqov “Bakı” və “Qarabağ”ın son uğursuzluğundan danışdı

Vaqif Sadıqov “Bakı” və “Qarabağ”ın son uğursuzluğundan danışdı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2009 / 14:01 2117
-  A +

Futbol mütəxəssisi Vaqif Sadıqov “Bakı” ilə “Qarabağ”ın ölkə çempionatındakı son uğursuzluqları barədə fikirlərini bildirib. “İlk öncə onu deyim ki, avrokubokla çempionat oyunlarındakı mühit tamam fərqlidir. Amma çox sevindirici haldır ki, bu mövsüm çox maraqlı və gərgin çempionat izləyirik. Çoxdandır bu cür mövsümün keçirilməsini arzulayırdıq. O ki qaldı “Bakı” ilə “Qarabağ”ın çempionatdakı son uğursuzluqlarına, subyektiv fikir olsa da, razıyam ki, burada avrokubok amilinin də təsiri var. Yəni, istər-istəməz bu olmalı idi. Çünki hər iki klub bütün diqqətlərini bu turnirə yönəltdiklərindən çempionata hazırlaşa bilmədilər. Ona görə son vaxtlar eniş yaşamaları gözlənilməz sayılmamalıdır. İnanıram ki, milli komandanın dünya çempionatının seçmə qrup oyunları ilə əlaqədar çemponatda yaranmış fasilədən hər iki komanda səmərəli istifadə edib vəziyyətdən çıxmağı bacaracaq” – deyə V.Sadıqov bildirib: “Yaddan çıxarmayaq ki, “Qarabağ”ın bu məsələdə işi lap çətindir. Çünki bu klubun 7-8 futbolçusu həm də milli komandanın üzvüdür. Yəni, onlar eyni zamanda 3 cəbhədə - Avropa Liqası, Premyer Liqa və seçmə mərhələ oyunlarında  mübarizə aparıblar. Bu isə o qədər də uzun ehtiyat oyunçular skamyasına malik olmayan komanda üçün əlavə çətinlik yaradır. Lakin “Qarabağ” dəfələrlə bu cür çətin vəziyyətdən çıxmağa qadir komanda olduğunu isbatlayıb və inanıram ki bu dəfə də isbatlayacaq”. Sadıqov bu komandalar arasında sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək VI tur qarşılaşmasına da münasibət bildirib: “Hər iki tərəf üçün çox ağır oyun olacaq. Az öncə qeyd etdiyim kimi, bu komandalar yaydan bu yana dincəlmək nə olduğunu bilmirlər. Mən konkret kimin qalib gəlmək şansının yüksək olduğunu deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, azarkeşləri maraqlı qarşılaşma gözləyir”.
Sadıqov sonda Bülənt Qorqmazın “Bakı”ya baş məşqçi gəlməsinə də münasibət bildirib: “Öncə onu deyim ki, Haciyevski “Bakı”da və Azərbaycan futbolunda özünəməxsus iz qoya bildi. O ki qaldı Bülənt Qorxmazın Azərbaycan futboluna faydalı olub-olmayacağına, bunu artıq zaman göstərəcək. Əgər “Bakı” rəhbərliyi belə qərar veribsə, deməli,  ən düzgün olanı ediblər. Qarşısına Avropa səviyyəli klub yaratmaq məqsədi qoyan komanda türkiyəli qardaşımız olan Qorxmaza güvənməyə qərar verdi və inanıram ki, Bülənt də “Bakı” üçün faydalı seçim olacaq. Hər halda o, türk futbolunun ən məhşur simalarından biridir və qısa zamanda olsa belə, “Qalatasaray”ın baş məşqçisi postunu da tutub”. 


 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"