Unibank rəsmən Premyer Liqanın sponsoru oldu (YENİLƏNİB)

ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 12:23 2276
-  A +

Bu gün Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankı arasında futbol üzrə Azərbaycan Premyer Liqasına baş sponsorluq haqqında müqavilə imzalanıb. Qol.Az-ın məlumatına görə, "Hyatt Regency" mehmanxanasının "Şuşa" zalında təşkil olunan mərasim əvvəldən nəzərdə tutulduğu kimi saat 12:00-da başlanıb. Mərasim açıq elan olunduqdan sonra tərəflər arasında müqavilə imzalanıb. Müqavilənin müddəti 3 illikdir. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, millət vəkili, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, PFL-in prezidenti Ramin Musayev, Unibank-ın idarə heyətinin sədri Faiq Hüseynov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxsləri iştirak edirlər.

Tədbirdə ilk öncə PFL-in prezidenti Ramin Musayev çıxış edib. Qurum rəhbəri imzalanan müqavilənin futbolumuza böyük fayda verəcəyini düşünür: “Unibankın futbola böyük marağını nəzərə alaraq, belə bir addım atmaq qərarına gəldik. Müqavilə uzunmüddətlidir. İnanıram ki, bu müqavilənin futbolumuza böyük faydası olacaq”.

Ardınca Unibankın idarə heyətinin sədri Faiq Hüseynov çıxış edərək, PFL-lə əməkdaşlıq etmələrindən məmnun olduqlarını söyləyib: “PFL-lə müqavilə imzaladığımıza görə çox məmnunuq. Bildiyiniz kimi, Unibank bu vaxta qədər digər idman növlərinin inkişafı üçün də çalışıb, idmançılarımıza dəstək olub. Bu gündən etibarən artıq futbolun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq. Azərbaycanın iqtisadiyyatı durmadan inkişaf edir. İnanırıq ki, bu inkişafdan futbolumuz da yan keçməyəcək. Mən bu gün imzalanan müqaviləni adi bir sponsorluq sözləşməsi deyil, möhtəşəm bir müqavilə kimi qiymətləndirərdim”. 

Daha çox


Son xəbərlər