Hafiz Məmmədov: “Komandamızda ciddi dəyişikliklər olacaq"

Hafiz Məmmədov: “Komandamızda ciddi dəyişikliklər olacaq"
MÜSAHİBƏ 21 Sentyabr 2009 / 12:03 3142
-  A +

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov dünən “Olimpik-Şüvəlan”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb

 

- Hafiz müəllim, oyun xoşunuza gəldimi?
- Qələbə qazanmağımıza baxmayaraq, qarşılaşma sönük keçdi. Komandamın oyununa gəlincə, bəyənmədim. Ancaq çox şadam ki, qalib gəldik. Bu, çox vacib idi. Buraya komandamın qələbə qazanmasına şahid olmağa və futbolçuları Müqəddəs Ramazan Bayramı münasibətiylə təbrik etməyə gəlmişdim. Həmçinin xalqımızı təbrik edirəm, onlara uzun ömür, can sağlığı və əmin-amanlıq arzulayıram.  
- Ötən mövsüm rəqibinizə uduzmuşdunuz. “Fair Play” qaydalarının pozulmasına görə böyük narazılıq baş vermişdi. Bu qələbəni revanş kimi dəyərləndirmək olarmı?
- Xeyr. Artıq hər şey arxada qalıb. Baş verənlər unudulub, bunları yada salmaq lazım deyil. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. 
- Baş məşqçiniz Haciyevskinin istefa məsələsi gündəmdədir. Bu haqda nə fikirdəsiniz?
- Hələ ki, Haciyevski baş məşqçidir, vəzifəsində qalır. Biz həmişə iddialı olmuşuq. Yenə də məqsədimiz həm çempion olmaq, həm də kuboku başımız üzərinə qaldırmaqdır. Əvvəlki qarşılaşmada futbolçularımız psixoloji təzyiq səbəbi ilə məğlub olsalar da, bu oyunda qələbə qazanmağımız komandada özünəinamı artırdı. İlk dövrənin sonuna qədər klubumuzda heç bir dəyişiklik gözlənilmir. Ancaq qış fasiləsində komandamızda yeniliklərin olması labüddür. Bildirim ki, heyətdə  ciddi dəyişikliklər olacaq. Komandanın gücləndirilməsi mütləqdir. Qış transfer dönəmində kluba daha səviyyəli futbolçular cəlb olunacaq.   
- Növbəti görüşlərdən nə gözləyirsiniz?
- Növbəti oyun “Standard”la olacaq. Qəti arxayınlaşmaq olmaz. Əminəm ki, bu oyunda da futbolçularımız öz sözlərini deyəcəklər. Ötən mövsümlə müqayisədə bu dəfə daha yaxşı oynamaqla çempion olduğumuzun təsadüf olmadığını sübut etməliyik.
- “Bakı” uşaq futbolu ilə bağlı hansı addımlar atır?
- Bununla əlaqədar böyük planlarımız var və ciddi işlər aparılır. Bilirsiniz ki, bazamız tikilir, həmçinin Türkiyədən mütəxəssislər cəlb olunub. Əsas məqsədimiz ölkə futbolu üçün çalışmaqdır. İnanıram ki, böyük planlarımızı reallaşdırmaqla futbolumuza töhfə verəcəyik.  

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı