Mario Souza: “Növbəti 10 ildə “Turan”a qarşı oynadığımız kimi zəif çıxış etməyəcəyik”

Mario Souza: “Növbəti 10 ildə “Turan”a qarşı oynadığımız kimi zəif çıxış etməyəcəyik”
MÜSAHİBƏ 15 Sentyabr 2009 / 22:34 3404
-  A +

“Xəzər-Lənkəran”ın braziliyalı futbolçusu Mario Souza Qol.Az-a verdiyi müsahibəsində “Turan”a qarşı keçirilən son oyun, sabah baş tutacaq “Bakı”yla matç və Premyer Liqanın cari mövsümü haqda fikirlərini bölüşüb.

 

- Premyer Liqanın ilk turunda “İnter” üzərində mühüm qələbə qazansanız da, son turda gözlənilmədən autsayder hesab olunan “Turan”la oyunda xal itirdiniz. Xal itkisini nə ilə əlaqələndirərdin?
- Bu gun “Turan”a autsayder demək olmaz. Cunki Tovuz klubu elə də zəif deyil. Umumiyyətlə, hansısa komandanı zəif adlandırmaq düzgün deyil. Məncə, bu gün Azərbaycanda zəif komanda yoxdur. Hər bir klub digərindən xal almaq iqtidarındadır. “Turan”la matçda nəsə oyunumuz alınmadı. Digər tərəfdən də fikir vermişəm ki, hər bir komanda “Xəzər-Lənkəran”la matça həlledici qarşılaşma kimi baxır. Bizə qarşı sanki final oyununa çıxırlar.
- Baş məşqçiniz Ağasəlim Mircavadov “Turan”la oyundan sonra futbolçuların rəqibi qiymətləndirmədiyini söylədi. Bu fikirlə razısan?
- Baş məşqçimiz belə düşünürsə, mən nə deyə bilərəm? Bu, onun fikridir və biz baş məşqcinin fikrinə hörmətlə  yanaşmalıyıq. Mən öz adımdan danışa bilərəm və deyirəm ki, belə şey olmayıb. Mən bütün gücümü meydanda qoydum. Qaçdım, mübarizə apardım, lakin alınmadı. Bununla belə, çalışmalıyıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq. Elə etməliyik ki, baş məşqçimiz də bizdən razı qalsın.
- Sabah “Xəzər-Lənkəran”ı “Bakı”yla çox çətin oyun gözləyir. Bu matç haqda nə deyə bilərsən?
- Oyun çətin olacaq, hətta deyərdim çox çətin. “Bakı” da güclü komandadır. Həm də çempionatın yeni formatda keçirilməsini nəzərə alaraq, bu oyunu həm bizim, həm də “Bakı” üçün 6 xallıq oyun kimi qiymətləndirmək olar. “Turan”la oyunda səhvlərə yol verdik və nəticədə xal itirdik. Amma eybi yoxdur. Həmin xal itkisindən artıq nəticə çıxarmışıq. Biz bütün komandalara hörmətlə yanaşırıq.
- Ümumiyyətlə, “Bakı”nın son oyunlarını izləmisən?
- Yox, son oyunlarından heç birinə baxmamışam. Amma komandamızın məşqçilər korpusu rəqibin oyununu izləyiblər, yaxşı təhlil ediblər və bizə də bütün lazımı məlumatları verəcəklər. Bizim işimiz də meydana çıxıb, öz oyunumuzu oynamaqdır. Təbii ki, bunda məşqçilərin verdiyi məsləhətlərin də böyük rolu olur.
- “Bakı”nın son transferləri arasında həmyerlilərin çoxluq təşkil edir - Barbosa, Feliks və Jaba. Onlarla şəxsi tanışlığın var?
- Adını çəkdiyin 3 futbolçudan yalnız Jabanı tanıyıram. Onunla bir komandada - “Korutiba”da çıxış etmişəm. Sadəcə olaraq, ayrı-ayrı vaxtlarda oynamışıq. Digər iki futbolçunu isə tanımıram, onların adını eşitməmişəm.
- “Xəzər-Lənkəran”ın futbolçususan və komandanın potensialına yaxından bələdsən. Necə düşünürsən, komandanın gücü hansı yeri tutmağa imkan verir?
- Bizim komandada guclu futbolcular cəmləşib. Onların da hər birinin özünəməxsus güclü cəhətləri var. Məşqçimiz də güclüdür. Eyni zamanda rəhbərliyimiz də uğur qazanmaq ucun hər bir şərait yaradıb. Təşkilatçılıq yüksək səviyyədədir. Qarşımıza qoyduğumuz hədəfə çata bilərik. Bunun üçün ilk növbədə özümüz- özümüzə qalıb gəlməliyik. Yəni ki, içərimizdə həmin istək olsun. Məsələn, götürək “Turan”la oyunu. Bəlkə də bundan sonrakı 10 ildə bir də o cür zəif oyun sərgiləməyəcəyik. Düşünürəm ki, böyük uğurlar qazanmaq iqtidarındayıq. Bunun üçün potensialımız var.
- Bayaq çempionatın formatının dəyişdirilməsi haqda danışdın. Yeni format barəsində fikirlər haçalanır. Bəziləri deyir ki, bu format daha yaxşıdır, mübarizə gərgin keçəcək, digərləri isə əksinə, əvvəlki formatın qüvvədə qalmasının tərəfdarıdır. Bu barədə sən nə düşünürsən?
- Braziliyada ştatlararası çempionat keçirilir. Həmin yarışın formatıyla Azərbaycan çempionatının formatı arasında hardasa oxşarlıq var. Yeganə fərq ondadır ki, Braziliyada həlledici mərhələyə Azərbaycandakı kimi 6 deyil, 4 komanda qatılır. Amma formatın dəyişdirilməsinin düzgün və ya səhv addım olması barədə indi dəqiq söz demək olmaz. Zamana ehtiyac var. Mövsümün sonunda bu suala tam dəqiq cavab vermək mümkün olacaq.   
- Çoxları hesab edir ki, cari mövsüm Azərbaycan çempionatları tarixində ən güclü, ən gərgin yarış olacaq. Bu fikirlə razısan?
- Bu gun Azərbaycan çempionatı çox gərgin keçir. Buna heç kimin şübhəsi olmasın. Götürək elə “Turan”ı. Bugünkü “Turan” 3 il əvvəl oynadığımız komanda deyil. Hazırda lider olan “Muğan”ın özü. Bu komanda ötən mövsüm autsayder olsa da, bu gün səfərdə “Neftçi”yə qalib gəlir.
- Artıq bir neçə ildir ki, ölkəmizdə çıxış edirsən. İlk gəldiyin vaxtla müqayisədə Azərbaycan çempionatının səviyyəsində irəliləyiş hiss olunur?
- İrəliləyiş var. Hazırda heç bir oyuna çıxmamışdan öncə asanca qələbə qazanacağını düşünə bilməzsən. Amma əvvəllər çox nadir hallarda zəif hesab olunan komanda güclüdən xal alırdı. Amma bu gün belə deyil. Hazırda Azərbaycanda futbola böyük maraq var. Yaxşı sərmayələr yatırılır. İnanıram ki, tezliklə Azərbaycan futbolu inkişafa qədəm qoyacaq.
- Otən mövsümün ikinci yarısında əsas heyətdəki yerini itirmişdin. Hətta bəziləri səni artıq hesabdan silmişdi. Lakin cari mövsümdə yenidən komandanın start heyətində yer alırsan...
- Düzdür, son vaxtlar baş məşqçimiz mənə əsas heyətdə yer verir. Amma bu daimi olmaya da bilər. Ona gorə də mən dayanmadan çalışıram. Məşqlərdə var gücümlə işləyirəm. Özüm də bilirəm ki, “Xəzər-Lənkəran”a indikindən daha çox xeyir verə bilərəm. İnanıram ki, yaxın gələcəkdə belə də olacaq. Əgər sənə imkan verirlərsə, bundan yararlanmalısan.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki