Ramal Hüseynov: “Mənə 40 min dollar borcları var...”

Ramal Hüseynov: “Mənə 40 min dollar borcları var...”
MÜSAHİBƏ 15 Sentyabr 2009 / 14:20 3571
-  A +

“Standard”ın üzvü Ramal Hüseynov Qol.Az-a verdiyi müsahibəsində komandasının “Qarabağ”a məğlubiyyəti, yenidən vətənə qayıtması və Premyer Liqanın cari mövsümü barədə danışıb.

- Ramal, əvvəlcə “Qarabağ”a qarşı keçirdiyiniz oyun haqda fikirlərini bildirərdin.
- Oyun çox çətin keçdi. Avrokuboklarda uğurlu çıxışdan sonra Ağdam klubu mövsümə qələbəylə başlamağı çox istəyirdi. Eyni zamanda biz də səfərə 3 xal üçün yollanmışdıq. Bunun çətin olacağını bilirdik. Oyuna ciddi hazırlaşmışdıq. Amma sonda meydanı xalsız tərk etdik. Bunda oyunun Quzanlıda keçirilməsinin də rolu oldu. Çünki yerli azarkeşlər “Qarabağ”ı yaxşı dəstəkləyirdilər.
- Uzun fasilədən sonra yenidən Premyer Liqanın oyunu çərçivəsində meydana çıxdın...
- Hə, həqiqətən də belədir. Sonuncu dəfə Azərbaycan çempionatında “Bakı”nın heyətində ötən mövsümün birinci dövrəsində oynamışdım. 
- Öz oyunundan nə dərəcədə razı qaldın?
- Təbii ki, komandam uduzubsa, mən öz oyunumdan razı qala bilmərəm. Çünki əsas olan nəticədir. Amma ümumi götürdükdə, normal oynadım. Sözün açığı ciddi heç nəylə yadda qalmadım. Ümumilikdə, komandamızın oyunu alınmadı. Fikrimcə, bir qədər zamana ehtiyacımız var.
- Amma yenə də həmişəki kimi meydanda aqressiv idin.
- Bu özümdən asılı olan xüsusiyyət deyil. Meydana çıxanda hər şeyi unuduram. Beynimdə yalnız bir fikir olur - qələbə qazanmaq. Komandamın uğurunda pay sahibi olmaq istəyirəm. Aqreessivliyim də məhz bu səbəbdən irəli gəlir.
- Bəzən aqressiv deyil, daha çox kobudluqlarla yadda qalırsan. Elə “Qarabağ”la oyunda da bir neçə dəfə buna şahid olduq.
- Yenə deyirəm, bu özümdən asılı deyil. Razıyam ki, bəzən həddən artıq aqressiv oynamağım kobudluqla nəticələnir. Elə buna görə də tez-tez “sarı vərəqə”ylə cəzalanıram. Amma kiməsə qəsdən xəsarət yetirməyi heç vaxt ağlımdan belə keçirməmişəm.
- Ramal, bir qədər əvvələ qayıdaq. “Standard”a keçidin bir qədər gözlənilməz alındı. O mənada ki, hər şey tez həll olundu. Sanki bu variant əvvəldən var idi.
- Sözün açığı, mən vətənə qayıtmaq istəmirdim. Birinci dəstə də belə olsa, “Kocaelispor”un heyətində çıxış etmək fikrindəydim. Amma sonradan prezidentin klubdan ayrılması, federasiyanın mən də daxil olmaqla 9 əsas futbolçuya lisenziya verməməsi bütün planlarımı alt-üst etdi. Seçim imkanım da geniş deyildi. “Transfer pəncərəsi”nin bağlanmasına çox az qalmışdı. Buna görə də çox düşünməyə nə vaxt var idi, nə də ehtiyac. Ona görə də “Standard”ın təklifinə “hə” dedim.
- Bir ara adın “Olimpik-Şüvəlan”la birgə hallanırdı. Əsgər Abdullayevlə də uzun müddət birgə çalışmısan. “Olimpik-Şüvəlan”a transferin niyə baş tutmadı?
- Həqiqətən də “Olimpik-Şüvəlan” mənimlə maraqlanırdı. Danışıqlarımız oldu. Lakin sonda yekun nəticəyə gələ bilmədik. Bu səbəbdən də “Olimpik-Şüvəlan”a keçidim baş tutmadı.
- Türkiyənin başqa klubuna keçməyin mümkün idi?
- Əgər əvvəldən bilsəydim ki, “Kocaelispor”dakı vəziyyət belə olacaq, çoxdan başqa komandayla razılaşmışdım. Amma hardan biləydim ki. hər şey belə nəticələnəcək? Məni heyətində görmək istəyən 2-3 birincin liqa klubu da var idi. Lakin mən “Kocaelispor”da qalmağı üstün tutdum. Çünki oradakı mühitə tam uyğunlaşmışdım. Həm də maliyyə durumunu çıxmaq şərtiylə orada hər şey ürəyimcə idi. Azarkeşlər də bizə hörmətlə yanaşırdılar. Yoxlama oyunlarda, məşqlərdə gəlib, bizi sonadək dəstəkləyirdilər.
- Deyəsən, “Kocaelispor”un sənə müəyyən məbləğdə borcu da qalıb.
- Hə, onların mənə 40 min dollar borcları qalıb. Hələ ki, həmin puldan bir qəpik də ala bilməmişəm.
- Yenidən Türkiyəyə qayıtmağı düşünürsən?
- İmkan olsa, heç düşünmədən çıxıb, gedərəm. Çünki orada hər şey tamam başqa cürdür.
- Azərbaycan və Türkiyə çempionatları arasında səviyyə fərqi çoxmu böyükdür?
- Çox, qat-qat çox. Azərbaycan çempionatının superliqanı demirəm, birinci liqaya çatmasına hələ çox var. Orada əsl futbol oynayırlar. Hər oyun final ab-havasında keçir. Peşəkarlıq da yüksək səviyyədədir. Eləcə də azarkeşlər öz komandalarına möhtşəm dəstək verirlər.
- “Standard”dakı vəziyyət ürəyincədi?
- Hər şey normaldır. Komandada yeni olduğumdan geniş danışa bilmərəm. Amma qısaca onu deyim ki, burada futbol oynamaq və nəticə qazanmaq mümkündür. Məşqçi təcrübəlidir, futbolçuların da arasında təcrübəliləri və səviyyələriləri çoxluq təşkil edir.
- Səncə, komandan qarşıdakı oyunlarda uğursuz gedişə son qoya biləcək?
- Bir qədər zamana ehtiyacımız var. Futbolçular arasında anlaşma yoluna qoyulduqdan sonra nəticə qazanacağıq. Bir daha təkrarlayıram ki, zamana ehtiyacımız var.
- Təxminən 9 aylıq fasilədən sonra yenidən Premyer Liqada meydana çıxdın. Ümulikdə çempionatın səviyyəsində hansısa dəyişiklik hiss olunur?
- Vallah, bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki cəmi bir matçda forma geymişəm. Amma ümumi götürdükdə, nəticələrə baxdıqda görürsən ki, sürpriz hesablar qeydə alınır. Buna əsasən cari mövsümün gərgin keçəcəyini söyləmək olar.
- Sən hansı komandaları cari mövsümün favoriti hesab edirsən?
- Favoritlər həmişəki komandalardır - “Bakı”, “Neftçi”, “Inter”, “Xəzər-Lənkəran”, “Qarabağ”...
 
 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı