Yunis Hüseynov: “Qələbə gözləyirdim, amma bu hesabla yox”

Yunis Hüseynov: “Qələbə gözləyirdim, amma bu hesabla yox”
MÜSAHİBƏ 14 Sentyabr 2009 / 18:30 3097
-  A +

Son turda doğma meydanda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edərək cari mövsümdəki ilk qələbəsini qazanan “Karvan”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az saytına müsahibə verib

Yunis müəllim, öncə "Qəbələ" ilə oyunla bağlı fikirlərinizi öyrənək...
- Oyuna ciddi hazırlaşmışdıq. Bir həftə Yevlaxda intensiv məşqlər etdik. Yadınızdadırsa, bir müddət əvvəl də demişdim ki, komanda hələ tam olaraq çempionata hazır deyil. Çünki sıfırdan komanda yığmışdıq, futbolçuların çoxu ideal formadan uzaq idi. Xüsusilə fiziki cəhətdən hazırlıqları istənilən səviyyədə deyildi. Heç Türkiyədə də ürəyimiz istəyən kimi təlim-məşq toplanışı keçməmişdik. Bu mənada, millininn oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı və bu imkandan lazımınca yararlandıq. Elə “Qəbələ” ilə oyunun nəticəsi də bunu sübut etdi.
“Qəbələ”ni bu cür hesabla məğlub edəcəyinizi gözləyirdiniz?
- Qələbə gözləməyinə gözləyirdim, amma düzünü desəm, bu cür hesabla yox. “Qəbələ” yaxşı komandadır. Sadəcə, biz əlimizə düşən imkanlardan maksimum yararlandıq. Bundan sonrakı oyunlarda da analoji uğurun davamını gətirməyə çalışacağıq. Bu oyunu udduq, hər şey arxada qaldı. İndi irəlidəki oyunlara baxmaq lazımdır.
Komandada hər şeyin tam olaraq düzəldiyini demək mümkündür?
- Bunun həqiqətən belə olub-olmadığı qarşıdakı turlarda bilinəcək. Uyğunlaşma baxımından bir qədər də zamana ehtiyac ola bilər və hər şey yavaş-yavaş düzələcək. Amma fiziki cəhətdən futbolçuların xeyli artırdığını deyə bilərəm.
İsmayıl Məmmədovun qoluna necə şərh verərdiniz?
- İsmayıl həmişə belə qollar vurub. Elə bir-neçə il bundan əvvəl “Karvan”In heyətində “Olimpik”ə də 60 metrlik məsafədən qol vurmuşdu. Yəni o, belə zərbələrin ustasıdır.
Növbəti turda Salyanda çempionatın sürpriz lideri “Muğan”la üz-üzə gələcəksiniz. Həmin oyun haqda nə düşünürsünüz?
- Ancaq qələbə barədə fikirləşirik. Başqa nəticə ağlımızdan keçmir.
Amma rəqib də eyni fikirdədir. Məsələn, Alispahiç “Neftçi” ilə oyundan əvvəl qələbə qazanacaqlarına dair söz vermişdi və sözünə də əməl elədi.
- Bunu təbii qarşılayıram. Mən demirəm ki, tək biz qələbə üçün oynayırıq. Əlbəttə, rəqib də 3 xal üçün meydana çıxacaq. Kim daha yaxşı oynasa, oyunu da o udacaq.
Həmişə müsahibələrinizdə çempionatın səviyyəsinin ildən-ilə aşağı düşdüyünü deyirsiniz. Amma bu dəfə deyəsən, həqiqətən maraqlı mövsüm olacaq. Nə düşünürsünüz?
- Hələ gəlin, tələsməyək. Cəmi 3 tur oynanılıb. 7-8 turdan sonra cari mövsüm haqqında fikir yürüdə bilərik. Son turda sensasiyalı nəticələrin qeydə alınması göstərir ki, indi zəif komanda yoxdur.
Saytımıza verdiyiniz müsahibələrinizin birində milli komandamızın növbəti ev oyunlarından birini Yevlaxda keçirməsini təklif etmişdiniz. Bu açıqlamanızın ardından AFFA U-21 millimizin ev oyunlarını bölgələrdə keçirilməsində maraqlı olduğunu açılqlayıb.
- Yenə deyirəm, milli komandanın bir ev oyununu Yevlaxda keçirməsini çox istəyirəm. Olsun U-21. Əsas odur ki, milli səviyyəsində bu şəhərə də oyun salsınlar. Yevlaxda beynəlxalq oyunlar keçirmək üçün hər cür şərait var. Özləri də gəlib bunun şahidi ola bilərlər.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı