Kamal Alispahiç: “Bu yolla futbolu inkişaf etdirmək olmaz”

Kamal Alispahiç: “Bu yolla futbolu inkişaf etdirmək olmaz”
MÜSAHİBƏ 14 Sentyabr 2009 / 15:20 3313
-  A +

Premyer Liqanın lideri “Muğan”ın baş məşqçisi Kamal Alispahiç Qol.Az saytına verdiyi müsahibəsində “Neftçi”ylə oyun, komandasının liderliyi və ümumilikdə Azərbaycan futbolu haqda danışıb.

 

- İlk olaraq dünənki oyun haqda fikirlərinizi bildirərdiniz.
- Rəqibi çox yaxşı təhlil etmişdik. Matça ciddi hazırlaşmışdıq. Ümumiyyətlə, son 10 gündə Salyanda yaxşı hazırlıq keçmişik. Uşaqlar “Neftçi”yə qarşı yaxşı oynadılar. Ən əsası taktiki cəhətdən güclü çıxış etdik. Düzdür, ilk yarım saatda bir qədər zəif idik. Amma sonradan vəziyyət düzəldi. Nəticədə iki qol vuraraq, qələbə qazandıq.
- Dünən məğlub etdiyiniz “Neftçi” sizə necə təsir bağışladı?
- “Neftçi” çox güclü komandadır. Nə olsun ki, bizə uduzublar? Heyətlərində kifayət qədər yüksək səviyyəli futbolçular var. Mən hesab edirəm ki, bu komanda cari mövsümdə hələ sözünü deyəcək. Bir məğlubiyyət hələ heç nə demək deyil. Mübarizə irəlidədir. 
- 3 turdan sonra “Muğan” Premyer Liqanın lideridir. Bu nəticəni sizin üçün sürpriz hesab etmək olar, yoxsa bu, qanunauyğunluqdur?
- Kimin nə düşündüyünü deyə bilmərəm. Amma biz öz yolumuza davam edəcəyik. Komandamızda heç kim eyforiyaya qapılmayıb. Artıq “Neftçi”ylə oyunu unutmuşuq. İndi bütün fikirlərimiz “Karvan”la matça yönəlib. Bu gün səhər də ilk məşqə çıxdıq.
- “Karvan”dan söz düşmüşkən, komandanızın növbəti rəqibi haqda nə deyə bilərsiniz?
- “Karvan” yaxşı komandadır. İlk iki turda məğlub olmalarına baxmayaraq, son turda qələbə qazanaraq, zəif olmadıqlarını sübuta yetirdilər. Oyunlarının videoyazısına baxmışam. Heyətdə yaxşı futbolçular var. Digər oyunlar kimi, bu matç da çətin olacaq. Amma biz uğurlu oyunlar seriyamızı davam etdirmək fikrindəyik.
- Necə düşünürsünüz, “Muğan”ın bundan da yaxşı oynamağa gücü çatar?
- Əlbəttə. İnanın ki, futbolçular bu gün öz imkanlarının yalnız 60-70 faizini oryata qoyurlar. Mən isə onlardan bütünü güclərini, 100 faiz meydanda can qoymalarını istəyirəm. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı oynayacağıq.
- Çoxları bu uğurun əsas memarı kimi sizi görür...
- Kim belə düşünürsə, sağ olsun. Amma nə deyə bilərəm? Mən sadəcə olaraq öz işimi görürəm. Bu uğuru təkcə mənim adıma yazmaq düzgün olmadı. Hər kəsin bu uğurda payı var. Prezidentimiz, vitse-prezidentimiz, futboçular, texiniki heyət, məşqçilər korpusu - bir sözlə, hamı komandanın qələbəsi üçün əlindən gələni edir. Bizdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi hökm sürür.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Bizim məqsədimiz “ilk 10-luğ”a düşməkdir. İstəmirəm ki, “Muğan” son iki pillədə qərarlaşsın.
- Belə çıxır ki, “Muğan” “ilk 6-lığ”a düşmək uğrunda yarışmır?
- Xeyr. Bayaq da dediyim ki, bizim məqsədimiz son iki pillədə qərarlaşmamaqdır. Başqa istənilən nəticəni uğur kimi qəbul eəcəyik.
- Bu sözlərinizi necə qəbul edək, rəqiblərinizi arxayınlaşdırmaq istəyirsiniz, yoxsa...?
- Yox, rəqiblərimizi arxayınlaşdırmaq fikrində deyiləm. Mən sadəcə olaraq, öz fikrimi deyirəm.
- Bəlkə komandanızın heyətini zəif hesab edirsiniz?
- Kimin üçünsə heyətimiz zəif ola bilər. Amma mən belə düşünmürəm. Mənim sərəncamımda Novruz Məmmədov, Arif İsayev, Elnur Abdullayev, Vüsal Hüseynov kimi gənc və böyük gələcək vəd edən yerli oyunçular, kifayət qədər yaxşı tanıdığım və güvəndiyim bosniyalı futbolçular və eləcə də Narsis Yameoqo kimi səviyyəli oyunçu var. Şəxsən mən bu heyəti heç də zəif hesab etmirəm.
- Premyer Liqanın oyunlarını izləyirsiniz. Cari mövsümün favoriti qismində hansı komandaları görürsünüz?
- Azərbaycan Premyer Liqasında zəif komanda yoxdur. Bu gün hamı qələbə qazanmağa çalışır. Amma ümumi götürdükdə bilirəm ki, “Bakı”, “Xəzər-Lənkəran”, “İnter”, “Qarabağ” və “Neftçi” kimi komandalar əsas favoritdilər.
- Ümumiyyətlə, Azərbaycan futbolunda ürəyinizcə olmayan cəhət var?
- Əlbəttə, çatışmazlıqlar da var. Əsas problem gənc oyunçularla bağlıdır. Fikrimcə, hər bir klub ən azı 2-3 gənc oyunçuya güvənməli, onlara şans verməlidir. Amma Azərbaycanda belə deyil. Klublar əsasən legioner futbolçulara bel bağlayırlar. Əsas da yaşlılara. Bu yolla futbolu inkişaf etdirmək olmaz. Əgər futbolun inkişafını istəyiriksə, gənclərə yol açmalıyıq. Bizim heyətimizdə bayaq da adlarının çəkdiyim Novruz Məmmədov, Arif İsayev, Elnur Abdullayev, Səbuhi Həsənov kimi gənc oyunçular var. Hansı ki, onlar Azərbaycan futbolunun gələcəyidirlər. Məhz bu gənclərlə işləmək lazımdır. Yaşlı legionerə pul xərcləməyə dəyməz. O sənə kömək edə bilər, amma bir, uzağı iki oyunda. Bu, daimi olmayacaq.
- Adını çəkdiyiniz Səbuhi Həsənov komandanızın son transferidir. Bu futbolçuya şans verməyi düşünürsünüzmü?
- Əlbəttə, hər bir futbolçu kimi Səbuhiyə də şans verəcəyəm. O gənc və böyük gələcək vəd edən oyunçudur. Çox məsuliyyətlidir, məşqlərdə var gücüylə çalışır. Lakin indiki halda komandamızın müdafiə xətti inamlı təsir bağışlayır, qol buraxmamışıq. İndiki halda heyətdə dəyişiklik etməyim düzgün deyil. 
- Azərbaycan milli komandasının uğursuzluğunun əsas səbəbini nədə görürsünüz?
- Fikrimcə, əsas problem seleksiyayla bağlıdır. Eyni zamanda futbolçular taktiki cəhətdən də zəif təsir bağışlayırlar. Əks hücum qurmağı bacarmırlar. Bir sözlə, çatışmazlıqlar kifayət qədərdir.
- Bosniya milli komandasının məşqçilər korpusunda yer alsanız da, sonradan komandadan ayrıldınız. Bu gün Bosniya millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı var. Oradakı vəzifənizdən ayrıldığınız üçün peşmançılıq hissi keçirmirsiniz?
- Yox, qətiyyən. Ümumiyyətlə, çalışmışam ki, heç vaxt etdiyim hərəkətə görə peşmançılıq hissi keçirməyim. Bilirsiniz, böyük klublarda işləmək asandır. Çünki büdcə kifayət qədər geniş olur. İstədiyin futbolçuları ala bilirsən. Joze Maurinyo olmağa nə var ki... Maurinyo gəlib, kiçik klubda işləsin, görüm, necə olur. Mənim üçün heç vaxt ad-san önəmli olmayıb. İstəsəydim, Bosniya millisində qalardım. Ancaq oradakı mühit ürəyimcə deyil. Müharibə şəraitidir. “Muğan”da işləmək mənim üçün maraqlıdır. Bayaqkı fikrimə qayıdıram, böyük klublarda uğur qazanmaq asandır. Amma kiçik klubu zirvəyə yüksəldərkən sevincin ikiqat olur.
Futbolçu kimi “Jelezniçar”, “Duysburq”, “Kayserispor” kimi klublarda oynamışam. Bosniya tarixində iki ən prinsipial klub, bir-birinə az qala düşmən gözüylə baxan “Jelezniçar” və “Sarayevo”nun hər ikisini də çalışdıran yeganə məşqçiyəm. Bütün bunları deməkdə məqsədim özümü tərifləmək deyil. Sadəcə olaraq, futbolun nə olduğunu dərk edirəm. Məqsədim də Azərbaycan futboluna xidmət etməkdir. Türkiyə bu gün  yetişdirdiyi gənc futbolçuların hesabına dünya və Avropa çempionatlarında uğur qazandı, heç kimə lazım olmayan əcnəbilərin deyil. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord