Biz Lənkəranda qələbə, finlərsə gecə klubu axtarır (MÜƏLLİF YAZISI)

Biz Lənkəranda qələbə, finlərsə gecə klubu axtarır  (MÜƏLLİF YAZISI)
XƏBƏR 5 Sentyabr 2009 / 11:34 2267
-  A +

Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Millimiz Lənkəranda Finlandiyayla qarşılaşacaq. İlk növbədə onu qeyd etmək olar ki, Lənkəranda həqiqətən əsl futbol havası var. Əhali sanki futbolla nəfəs alır. Kimi dindirsən, bugünkü oyun haqda danışacaq. Hamı da eyni proqnozu verir: “Göydə Allahın, yerdə azarkeşlərin dəstəyiylə millimiz finlərə qalib gələcək”. Yerli əhali heç-heçəni belə ağlına gətirmir. Buna görə də arzuolunmaz məğlubiyyət halında stadionda nələrin yaşanacağını insan təsəvvür belə etmək istəmir.

Lənkəranda insanlar futbolu çox sevirlər. Buna əmin olmaq üçün 15-20 dəqiqə şəhərdə gəzmək kifayətdir. Hər 50-100 metrdən bir əynində “Xəzər Lənkəran”ın forması olan gənclərə rast gəlmək mümkündür. Lənkəranda “Xəzər” adında bir çox obyektlər var: Xəzər market, Xəzər kafe, Xəzər restoran, Xəzər gözəllik salonu və s.

Lənkəranlı azarkeşlərin əksəriyyəti yenilgi halında atacaqları addımı artıq müəyyənləşdiriblər: “Bütün stadion Foqtsu fitə basacaq. Bütün gücümüzlə “istefa, istefa” qışqıracağıq ki, qoy, səsimizi bütün ölkə eşitsin. Foqts da məcbur olub istefa versin. Almaniyaya, vətəninə birdəfəlik yollansın”. Dünəndən etibarən biletlərin hamısı satılıb. Lakin “qara bazar”da bilet satışı davam edir. Özü də həqiqi qiymətindən 50 faiz baha. Dünən söhbət etdiyimiz azarkeşlərin əksəriyyətinə eyni sualla müraciət etdik: “Lənkəranda “Xəzər Lənkəran” daha çox sevilir, yoxsa milli komanda?” Əksəriyyətin cavabı belə oldu: “Biz “Xəzər Lənkəran”ı daha çox sevirik. Çünki o bizim hər şeyimizdir - döyünən ürəyimiz, damarımızda axan qanımız. Amma heç kim şübhə etməsin, “Xəzər Lənkəran”a verdiyimiz möhtəşəm dəstəyi sabah milli komandamıza da göstərəcəyik”.

Maraqlıdır ki, yerli camaat bugünkü oyunda uğurlu nəticə qazanılacağı halda, Rusiyayla oyunun da məhz Lənkəranda keçiriləcəyinə ümid edirlər. Halbuki bu, FIFA-nın qaydalarına əsasən qeyri-mümkündür. Çünki yerli federasiya oyunun keçirilməsinə minimum 60 gün qalmış matçın hansı şəhərdə və stadionda keçiriləcəyiylə bağlı ali futbol qurumuna məktub ünvanlayır. AFFA Rusiyayla oyun üçün həmin məktubu xeyli vaxtdır ki, göndərib. Və təbii ki, həmin məktubda da Lənkəranın deyil, Bakının adı yazılıb.

Finlandiya millisinin məskunlaşdığı “Qala” otelində qonaqlar üçün hər bir şərait yaradılıb. “Suomilər” heç nədən narazılıq etmirlər. Daha çox isə şübhəsiz, Finlandiya futbolunun ən tanınmış siması olan Yari Litmanenə maraq böyükdür. Finlandiyadan eyni zamanda 30-a yaxın azarkeş, eləcə də 10-a yaxın jurnalist gəlib. Amma onları indi futboldan daha çox özləri maraqlandırır. Lənkəranda gün ərzində şəhərin müxtəlif yerlərində pivə içən finlərə rast gəlmək mümkündür. Cənub bölgəsində hətta gecə klubu, bar, diskoteka axtaranlar da var...

İbrahim Cəfərov,  Lənkəran

[email protected]

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı