Futbol, sadəcə, futbol deyil

Futbol, sadəcə, futbol deyil
DÇ-2014 7 İyul 2014 / 14:45 9536
-  A +

“Futbol+” qəzetinə tanınmış idman jurnalisti Anar Şabanoğlunun Braziliyaya səfərindən hazırladığı yazı dərc olunub. Yazını kiçik ixtisarla dərc edirik.

İKİ HƏYAT

Braziliyanın gözəlliyi bayrağından başlayır. Amma ilkin təəssürat heç də hər şeyin bayraq üzərində yazıldığı kimi düzənli və tərəqqidə olmadığını işarə edirdi. Rio de Janeyronun “Galeo” hava limanına Moskvadan 19 saatlıq uçuşdan sonra ilk gördüyüm mənzərələr məni həvəsdən salırdı. Hava limanında bu şəhərdə DÇ-nin keçirildiyi haqda heç bir nişanə yox idi. Taksiylə otelə gedərkən gordüyümüz gecəqondular - favellalar (buraları ölüm məhəllələri də adlandırırlar) isə insanların olduqca ağır yaşayışından, bunun nəticəsində meydana gələn kriminal ünsürlərdən riskli bir səyahətə girişdiyimdən xəbər verirdi. Uşaq vaxtı Braziliya seriallarında gördüyümüz favellalara "ölüm məhəllələri" deyilməsinin əsas səbəbi burda yaşayan narkotik alverçilərinin tez-tez bir-birini qırmasıdı.
Qalan əhali isə adi kasıb həyatını sürür və yaradıcı insanlar üçün bura əslində yetərincə romantik bir məkandı, neçə-neçə dahi futbolçu məhz favellalardan çıxıb və hələ neçəsi də çıxacaq.

Kopakabanadakı otelə çatanda amansız yağışa baxmayaraq, insanların tam başqa səviyyədə yaşadığını gördüm. Sonra oyrəndim ki, Kopakabana Rionun elit rayonlarından sayılmır. Heç dünyanın ən məşhur çimərliyi də riolular və ya öz təbirlərincə desək, kariokalar üçün ön sırada deyil. İpanema və Leblon çimərlikləri Rionun zadəganlarının məskən saldığı ərazilərdə yerləşdiyindən daha sanballı sayılır. Hər şeyə rəğmən, turistlərin cənnəti saysız-hesabsız futbol, voleybol meydançaları və bəm-bəyaz qumuyla öyünən Kopakabanadı. Braziliyada Rionu mocüzəvi şəhər adlandırırlar. Rio gerçəkdən möcüzəvidi! YUNESKO-nun ümümdünya irsinə daxil edilən möhtəşəm obyektlərini - dünyanın yeni yeddi möcüzəsindən biri sayılan İsa Məsihin heykəlini, dünyanın ən məşhur çimərliyi Kopakabananı, Qənd dağını çoxları tanıyır. Hər il dünyanın karnaval mərkəzinə çevrilən sambadromu, bossanovası, kapoeyrası və dünyanın ən gözəl qızları… Rio futbolla heç maraqlanmayan insanlar üçün də çox maraqlı şəhərdi.

“MARAKANA”

Futbol Braziliya üçün ikinci dindisə (mənə görə birinci), “Marakana” dünyanın ən birinci kilsəsidi. Burda qırılması mümkünsüz rekordlar gerçəkləşib: Uruqvayla DÇ-nin final matçında tribunalara 200000 tamaşaçı toplaşıb, Pele 1000-ci qolunu vurub, bakılı Anatoli Banişevski Braziliya yığmasının qapısına qol vuran ilk sovet futbolçusu kimi 30 metrdən baş zərbəsi endirib. Yeri gəlmişkən, stadionun rəsmi adı “Estadio Jornalista Mario Filho”du. Marakana çayının yanında yerləşən arena məhz ötənlərin jurnalistinin nüfuzu və inadı sayəsində araya-ərsəyə gəlib. Bu stadionun bir başqa əfsanəsi də var - 1950-ci ildə Uruqvayla oyunda “selesao”nun qapısını qorumuş Moasir Barbosa. Deyilənə görə, həmin gün hələ tribunada neçə-neçə braziliyalı ürəktutmasından vəfat edib. Oyundan sonra isə saysız-hesabsız adam komandalarının məğlubiyyətini sinirə bilməyərək intihar edib.
Təəssüf ki, Braziliyada yığmanın istənilən  DÇ-də ugursuz çıxışından sonra özünü öldürmək halları geniş yayılıb. 

TOFİQ DAYININ ARZUSU  

Məncə, bir müsəlman üçün Həcc ziyarəti nədisə, bir futbol azarkeşi üçün də Braziliyada keçirilən futbol üzrə DÇ-də “Marakana”nı görmək odu. Burda izlədiyim Belçika - Rusiya matçının təşkili çox yüksək səviyyədə idi. İndiyə kimi gördüyüm ÇL finalı, “Nou Kamp”, “Amsterdam Arena”,  “Alyans Arena” və başqa möhtəşəm stadionlardakı oyunlarla heç müqayisəyə gəlmirdi. İnsanlar üçün müxtəlif əyləncələr, şəkil çəkdirmək üçün müxtəlif maraqlı yerlər, oyundan əvvəl və sonra yeyib-içmək istəyənlər üçün hər cür şərait yaradılmışdı. “Coca-Cola”, “Budwaiser”, “Sony” və başqa dünyaca ünlü şirkətlər orijinallıq yarışına girmişdi. “Johnson&Johnson” isə kimsəsiz braziliyalı uşaqlara kömək məqsədilə çoxlu hədiyyə hazırlamışdı və qonaqlardan bu hədiyyələrə braziliyalı uşaqlara ürək sözlərini yazıb, öz adından və gəldiyi ölkənin adından yeşiyə atmagı xahiş edirdi.  Oyunda mənim üçün ən yaddaqalan məqam DÇ-ni izləməyə Bakıdan gedən həmvətənim Tofiq dayı oldu. Sən demə, “Marakana”nı görmək onun da ən böyük arzusu imiş və oğlanları Əsgərlə Çingiz bu arzunu gerçəkləşdirib. Oyundan öncə Tofiq dayının Bakıdan gətirdiyi bayrağımızla şəkil çəkdirəndə söylədiyi sözləri heç vaxt unutmaram: "Deyirlər SSRİ dövründə belə yaxşi yaşamışıq-filan, vallah, bu bayrağı görürəm, tüklərim biz-biz olur, bu hissləri yaşamaq, müstəqilliyimiz nəyə desən, dəyər. İnaniram ki, mən görməsəm də, siz nə vaxtsa müstəqil Azərbaycanın DÇ-nin finallarında iştirakını görəcəksiz. Bəlkə də elə bu stadionda…"

Sonradan bildim ki, Tofiq dayının Çikaqoda yaşayan oğlu Çingiz sevimli həmkarım Şəmsəddin Abbasovun ən yaxın dostudu. Necə deyərlər, dünya dardı. Həmin gün “Marakana”nın yaşıl meydançasında da Azərbaycan əsilli bir futbolşu vardı - Aleksandr Səmədov. Oyundan öncə matça "böyük qardaşlarla" russayagı hazırlaşarkən arzum bu oldu ki, Saşa qol vursun, Rusiya isə qazansın. Amma Kapellonun yetirmələri Şifo nəslindən sonra ən istedadlı belçikalılar qarşısında aciz qaldı.

"SALAM, QARDAŞ!"

“Marakana”ya və başqa stadionlara düşə bilməyənlər isə oyunları xüsusi ayrılmış, “FİFA Fan Fest” adlanan yerlərdən izləyirdi. Rioda bu yer Kopakabana çimərliyində idi və heç də “Marakana”dan maraqsız deyildi. Klublarımız Braziliyadan futbolçu alanda deyirlər bunları çimərlikdən tutublar. İnandırım sizi ki, Kopakabanada gördüyüm futbol oyanayan braziliyalılar bizim yığmada və klublarda oynayan futbolçulardan qat-qat texnikalı idi. Bizim çimərliklərdə də futbol oynamaq üçün ordakı şərait yaradılsa, əla olar. Çünki çimərlikdə texnikanı yüksək səviyyəyə çatdıran uşaqlar klublara gələndə artıq onlarla yalnız fiziki və taktiki hazırılıq üzrə işləmək qalır. Çimərlikdə ayaqla volleybol oyunu da populyardı. Tam səmimi deyirəm: bizim kişi voleybolçular əllə oynadığından braziliyalılar voleybolu ayaqla daha yaxşı oynayır. Yaşayış binalarının qarşısında da 24 saat boş qalmayan saysız-hesabsız meydançalar var. Bundan başqa, mən çoxdan demişəm ki, dünyada az-çox tanınan heç olmasa, bir futbolçu yetişdirmək üçün braziliyalılarla qanımızı qarışdırmalıyıq.  Daha bir nümunə “Borussiya”lı Mxitaryandı, o 14 yaşında “San Paulu”nun akademiyasında Braziliya yığmasının hazırkı ulduzu Oskarla bir yerdə olub. Bizim istedadlı uşaqları da Braziliya klublarına göndərsələr, bunun çox xeyri dəyər. 

Rioda mənim üçün tapmaca qalan olaylardan biri isə yerli əhalinin ayri-ayri vaxtlarda iki dəfə bizi görəndə "salam qardaş,  cimbombom" demələri idi. Hərçənd bu zaman üstümüzdə Azərbaycan və Türkiyəyə aid heç bir atribut yox idi…

Yeri gəlmişkən, “Rio Sul” ticarət mərkəzində üzərində Karlos Alberto Torresin şəkli olan futbolka bizim pulla 50 manata satılırdı. Ölkəmizə çimərlikdən gələnlər bir yana, amma Torres Braziliya üçün doğrudan da əfsanədi!

FUTBOL, SADƏCƏ, FUTBOL DEYİL

Daha sonra Braziliyanın paytaxtı Braziliyaya üz tutdum. Burda Mane Qarrinçanın adını daşıyan milli stadionda Braziliya - Kamerun oyununu seyr etdim. Qarrinça talecə yuxarıda xatırlatdıgım Banişevski ilə çox oxşardı. Qarrinçanı tarixin ən texnikalı futbolçusu sayanlar az deyil, buna görə yerli əhali ona "xalqın sevinci" ləqəbini verib. Braziliya millisinin oyunundan zövq almamaq mümkünsüzdü. Futbol azarkeşlər üçündü. İndi “avtobus “taktikası dəbə minib, bir vaxtlar “katenaçço” deyirdilər, bu futbol deyil. Bütün dünyada braziliyalıları məhz texnikalı və  gözəl oyuna görə sevirlər. Braziliya - Kamerun oyunundan ən yadımda qalan məqam himnlər səslənərkən bir asiyalı azarkeşin telefonuyla meydançanı çəkə-çəkə ağlaması idi. Bu səhnəni milyonlarla adam televiziyadan seyr etdi. Həmin an mən də özümü saxlaya bilmədim. Yanımda olan, futboldan anlamayan həmyerlim mənə böyük təəccüblə baxırdı. Həmin asiyalıyla məni birləşdirən bir dəyər var - futbol. Kopakabana çimərliyində bir dəqiqə top qovmaq üçün məsafədən asılı olmayaraq, nə qədər imkanım olsa, gedərəm Braziliyaya. Allah qismət etsə, 2016-da da mütləq gedəcəm Rioya - Olimpiya Oyunlarına. Amma Braziliyadan gələndən o asiyalını unuda bilmirəm və hər yadıma düşəndə tüklərim biz-biz olur, gözlərim dolur.

Son günlər gündəmi zəbt edən Günel Mövluda demək istəyirəm ki, "Futbol, sadəcə, futbol deyil" və o Saymon Kuperin eyniadlı kitabını oxusa, sevinərəm. Kimlərə görəsə futbol mənasız oyun, futbol sevgisi axmaqlıq ola bilər, amma mənə görə istənilən halda futbolu təbliğ etmək alkoqolizmi, fahişəliyi, narkomaniyanı, mənəviyyatsızlığı təblig etməkdən daha yaxşıdı. Odu ki, futbolu sevin!

Anar ŞABANOĞLU










Səhifənin yuxarısına keçidYuxarı

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər