Federasiya prezidenti: “Braziliya millisi ilə danışıqlar aparırıq”

Federasiya prezidenti: “Braziliya millisi ilə danışıqlar aparırıq”
MÜSAHİBƏ 3 Sentyabr 2009 / 11:49 3104
-  A +

Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi 

 

- Futzal üzrə ölkə çempionatının güclülər dəstəsinin püşkü atılıb. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Cari mövsümün püşkü avqustun 29-da atıldı. Sözün açığı, 10 komandanın iştirakı gözlənilirdi. Lakin müəyyən səbəblərdən çempionatda hələlik  7 komandanın çıxış edəcəyi dəqiqləşib. Onlardan ikisi – «Sumqayıt» və Abşeronun «Saray» komandaları debütantdır. Mövsümə sentyabrın 6-da start veriləcək. İlk turdan başlayaraq azarkeşlər maraqlı oyunların şahidi olacaqlar. Artıq I turda ölkə çempionu «Araz» ötən mövsüm ikinci yeri tutmuş «Neftçi» ilə üz-üzə gələcək. Ümumiyyətlə, ölkə çempionatı 4 dövrədən ibarət olacaq. İkinci dövrə dekabrın 30-da başa çatacaq. Növbəti dövrəyə isə yanvarda start veriləcək. Planımıza yanvar və fevral aylarında ölkə kubokunun püşkatmasını, eləcə də oyunlarını keçirmək də daxildir. Ötən il olduğu kimi, ölkə kubokunun yarımfinal və final oyunlarını mayda keçirəcəyik. Bir sözlə, mövsümə mayın sonlarında yekun vuracağıq.

- Çempionatın startına qədər iştirakçıların sayının artırılması mümkündürmü?

- Bəzi komandalar var ki, birincilikdə iştirak etmək istəyirdilər. Onların qarşısına konkret vaxt qoymuşuq. Sentyabrın 5-i həmin komandalar üçün son tarixdir. Yəni qeyd olunan vaxta qədər həmin klublar iştirak ərizələrini təqdim etsələr, çempionatda iştirak edə biləcəklər.

- Ölkə çempionatının televiziyalar vasitəsilə yayımlanması barədə nə deyə bilərsiniz?

- Bununla bağlı AFFA rəhbərliyinə müraciət etmişik və bu məsələdə bizə kömək ediblər. Buna görə assosiasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yəni hər turun mərkəzi qarşılaşması AzTV və İdman Azərbaycan kanalları vasitəsilə yayımlanacaq.

- Ölkənin futzal üzrə sonuncu çempionu «Araz»ın UEFA Kuboku çərçivəsində keçirəcəyi oyunların tarixi müəyyənləşib. Naxçıvan təmsilçisinin avrokuboklarda uğurlu çıxışına şərait yaratmaq məqsədilə çempionatda hansısa oyunun təxirə salınması mümkündürmü?

- Bildiyiniz kimi, «Araz»ın da yer aldığı qrupun oyunları oktyabrın 1-dən 4-dək Xorvatiyada keçiriləcək. Təmsilçimiz Bakıya oktyabrın 5-də dönəcək. «Araz»ın qitəmiqyaslı oyunlara yaxşı hazırlaşmasına şərait yaratmaq üçün yəqin ki, bir tur təxirə salınacaq. Bundan başqa, biz Braziliya millisi ilə danışıqlar aparırıq. Oktyabrın 11-də və 12-də San-Paulo şəhərində millimizlə Braziliya yığması arasında yoldaşlıq oyunu keçiriləcək. Həm «Araz»ın, həm də millinin oyunları ilə əlaqədar, böyük ehtimalla, oktyabrın 1-dən 15-dək çempionatda fasilə yaranacaq.

- Məlum olduğu kimi, millimiz yanvarda futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək. Artıq bir neçə ildir ki, ilin ilk ayında paytaxtımızda futzal üzrə beynəlxalq turnir keçirilir. Millimizin hər iki turnirdə iştirakı necə təmin olunacaq?

- Macarıstanın Debretsen şəhərində qitə birinciliyinin püşkatma mərasimində millinin baş məşqçisi ilə birgə  iştirak edəcəyik. Yanvarın 19-dan 30-dək Budapeştdə və Debretsendə qitə çempionatının final mərhələsinin oyunları keçiriləcək. Qərara gəlmişik ki, Bakıdakı ənənəvi futzal turnirini dekabrın 20-dən 26-dək keçirək. Yəni bu turnir həm yığmamız, həm də digər iştirakçılar üçün hazırlıq xarakteri daşıyacaq.

- Ötən mövsüm ölkə kubokunun finalı Masallıdakı Olimpiya İdman Kompleksində keçirildi. Bu il necə, hansısa oyunun və ya turnirin bölgələrdə keçirilməsi nəzərdə tutulubmu?

- Sözsüz, futzalın kütləviliyinin artırılması üçün regionlarda müxtəlif oyunların keçirilməsinə çalışacağıq. Ölkə kubokunun finalı yenə Azərbaycanın bölgələrindən birində keçiriləcək. Bundan başqa, AFFA rəhbərliyi ilə məsləhətləşdikdən sonra çempionatın hansısa turunu, yaxud oyununu Lənkəranda, Masallıda, Gəncədə, Şəkidə və ya Qubada keçirə bilərik. Çünki bu bölgələrin hər birində standartlara cavab verən Olimpiya İdman Kompleksləri var.

- Həvəskar komandalar arasında ölkə çempionatında neçə komanda iştirak edəcək?

- Ötən il həvəskarların çempionatında 16 komanda mübarizə aparırdı. Bu mövsüm iştirakçıların sayı artıb. Yeni çempionatda 20 kollektiv yarışacaq.

 

Mənbə: affa.az 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord