Coko Haciyevski: “İstefa vermək asandır...”

Coko Haciyevski: “İstefa vermək asandır...”
MÜSAHİBƏ 31 Avqust 2009 / 15:34 3526
-  A +

“Bakı”nın baş məşqçisi Coko Haciyevskinin Qol.Az-a müsahibəsi

 

- Komanda məşqləri bərpa edib, yoxsa futbolçular hələ də istirahətdədirlər?
- “Bazel”lə oyundan sonra ilk məşqimiz bu gün axşam baş tutacaq. Lakin bugünkü məşqdə yalnız son oyunlarda ehtiyatda qalan futbolçular çalışacaqlar. Tam olaraq isə, komanda şəklində sabahdan hazırlığa başlayacağıq.
- Yəqin ki, “Bazel”lə oyunu artıq təhlil etmisiniz.
- Oyunun videoyazısına bir neçə dəfə baxmışam. Kobud səhvlərə yol verdik. Xüsusən müdafiə planında. Arxa xətt futbolçuları öz imkanlarından qat-qat aşağı səviyyədə çıxış etdilər. Eyni zamanda meydanın mərkəzində də tez-tez ciddi səhvlərə yol verdik. Bütün bunlara görə də böyükhesabla uduzduq.
- Bununla da “Bakı”nın cari mövsümdə avrokuboklardakı çıxışı başa çatdı. Cari avrokuboklar mövsümünü “Bakı” üçün uğurlu hesab etmək olar?
- Əlbəttə. Biz “Ekranas”la ilk oyuna çıxmamışdan öncə çox adam hesab etmirdi ki, qrup mərhələsinin biraddımlığınadək irəliləyəcəyik. Litva çempionunu bütün komponentlərdə üstələdik. İstər səfərdə, istərsə də evdə “Ekranas”dan üstün oyun sərgilədik. “Levski”yə qarşı Bakıda keçirilən ilk oyunda yaxşı oynadıq. Xüsusən də ikinci hissədə. Amma həmin oyunda hakim qələbə qazanmağımıza imkan vermədi. Eləcə də səfərdəki oyunun ilk yarısında komanda normal oynadı. Sadəcə ikinci hissədə müdafiədə buraxılan kobud səhvlər istəyimizin üstündən xətt çəkdi. O ki qaldı “Bazel”ə, isveçrəlilərə qarşı Bakıda keçirilən ilk oyunda 65-ci dəqiqəqəyə qədər gözəl təsir bağışladıq. Amma sonda 7 dəqiqəyə 3 qol buraxmağımız komandaya çox pis təsir etdi və bunun nəticəsində səfərdəki oyunda da acı məğlubiyyətlə qarşılaşdıq. Hesab edirəm ki, “Bazel”lə oyuna qədər avrokuboklarda gözəl çıxış etdik.
- Bakıya qayıtdıqdan sonra klub rəhbərliyi ilə görüşünüz olub?
- İki dəfə klubumuzun baş meneceri Zeynal Məmmədovla görüşmüşəm. Onunla ətraflı söhbət etmişik. “Bazel”lə oyunda buraxılan səhvləri götür-qoy etmişik. Lakin prezidentimiz Hafiz Məmmədovla hələ görüşə bilməmişəm.
- İsveçrədəki məğlubiyyətdən sonra bəziləri istefa verməli olduğunuzu düşünür...
- İstefa vermək asandır. Amma bəziləri klubda 2 il ərzində gördüyümüz işləri nəzərə almır. Mən gəldiyim ilk gündə olan “Bakı”yla bugünkü arasında böyük fərq var. Qısa müddət ərzində komanda ölkə çempionu oldu, bu gün Avrokuboklarda dördüncü mərhələyədək irəliləməyi bacardı. Məgər bunlar azdır? İnanıram ki, növbəti avrokuboklar mövsümündə daha yaxşı çıxış edəcəyik. Bilirsiniz, heç nə birdən yaranmır. Hər şey yavaş-yavaş, pillə-pillə qurulur.   
- Çempionat öncəsi komandanın heyətində dəyişikliklər olacaq?
- Bəzi futbolçuların komandadan getməsi mümkündür. İndi ad açıqlaya bilmərəm. Çünki hələ heç nə dəqiq deyil. Rəhbərlik bəzi futbolçularla danışıq aparacaq. Yalnız bundan sonra yekun qərar qəbul edəcəyik.
- Yeni tranferin olması mümkündür?
- Heyətimizdə kifayət qədər futbolçu var. Ona görə də daha hansısa transferin olması inandırıcı deyil.  
- Avrokuboklar mövsümü arxada qaldı. Komanda indi bütün diqqətini ölkə çempionatına yönəltməlidir.
- Elədir. Qarşıda bizi “Simurq”la oyun gözləyir. Yaxşı ki, hazırda çempionatda fasilə yaranıb və komandanın özünə gəlməsi üçün təxminən 2 həftə vaxtı var. Bu müddət ərzində səhvlərimiz üzərində işləyəcəyik. İndi əsas məqsədimiz komandadakı nizam-intizamı yüksəltməkdir. İnanıram ki, komanda “Simurq”la oyunadək tam hazır olacaq.


 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq