Saşa Yunisoğlu: “Tam ciddi və səmimi deyirəm, Bazelə revanş üçün gəlmişik”

Saşa Yunisoğlu: “Tam ciddi və səmimi deyirəm, Bazelə revanş üçün gəlmişik”
MÜSAHİBƏ 26 Avqust 2009 / 13:37 3225
-  A +

“Bakı” klubunun və milli komandamızın üzvü Saşa Yunisoğlunun Qol.Az-ın İsveçrəyə ezam olunmuş müxbirinə müsahibəsi

 

- “Bazel”ə qarşı ilk oyunun 65 dəqiqəsində “Bakı” çox yaxşı oynasa da, sonradan komanda heç özünə oxşamadı. Özün də meydandaydın. 65-ci dəqiqədən sonra nə baş verdi?
- Hesab açılmayana qədər çox gözəl oynayırdıq. Lakin hesabı açdıqdan sonra komandada arxayınçılıq yarandı. Qapımızda qol gördükdən sonra isə ruh düşkünlüyü yarandı. Futbolçular buraxılan qola görə həddindən artıq məyus oldular. Hamı elə hesab edirdi ki, öz meydanımızda qol buraxmışıqsa, bu o deməkdir ki, sanki rəqib iki qol vurub. Rəqib də bizim gərginlikdə olmağımızdan istifadə edib, daha iki top vurdu.
- Komandanın buraxılan qoldan sonra həddindən artıq məyus olması başa düşülmür. Hər halda 1:1-dən sonra matçın sonuna hələ 20 dəqiqə var idi və ikinci qolu da vurmaq mümkün idi.
- Düzdür, kifayət qədər vaxtımız vardı. Amma buraxılan qolun şokunu heç cür üzərimizdən ata bilmədik. Məhz bu səbəbdən məğlub olduq.
- Bəs, komanda indi məğlubiyyətin şokunu üzərindən ata bilib?
- Deməzdim, oyunu tam unutmuşuq. Hər gün fikirləşirik oyunu. Adam düşünür ki, axı niyə belə oldu? 65 dəqiqə ərzində hər şey biz arzuladığımız, istədiyimiz kimi gedirdi. 
- Buraxılan qollara görə ən çox mərkəz müdafiəçiləri - sən və Bates tənqid olundu...
- Mən deməzdim ki. müdafiəçilər həmin gün zəif oynadılar. Çünki hesab bərabərləşənə kimi yaxşı təsir bağışlayırdı. Rəqibə fərqlənmək üçün heç bir şans vermirdik. Kimin zəif, kimin yaxşı oynadığını hər halda məşqçi dəqiq deyə bilər.
- Həqiqətən də məğlubiyyətin əsas günahkarı məhz mərkəz müdafiəçiləridir?
- Buraxılan qolları təkcə müdafiəçilərin üstünə atmaq düzgün deyil. Axı rəqibə hücum qurmağa ilk növbədə öz cərimə meydançasından başlayır. Düzdür, birinci qolda müəyyən səhvimiz oldu. Amma mən də istəməzdim ki, yalnışlığa yol verim. Hər zaman komandamın uğurlu çıxışı üçün əlimdən gələni edirəm. Həmişə necə oynayıramsa, bu dəfə də elə oynadım.   
- Saşa, istər millidə, istərsə də klubda bir çox hücumçulara qarşı oynamısan. “Bazel”in aparıcı forvardları - Strellerlə Fray haqda nə deyə bilərsən?
- Həqiqətən də bir çox güclü hücumçulara qarşı oynamışam. Hər forvardın öz üstün cəhətləri var. “Bazel”in hücumçuları da güclüdürlər. Streller bizə iki qol vurdu. Deməli, öz işini lazımınca görüb. Amma hesab etmirəm ki, Streller dünya səviyyəli forvarddır. Ona qarşı da problemsiz oynamaq olar. 
- Cavab oyunu haqda nə düşünürsən?
- Biz bura qələbə dalınca gəlmişik. Bütün gücümüzü meydanda qoyacağıq ki, istədiyimiz nəticəni qazanaq. Bu futboldur, futbolda hər bir şey ola bilər. Kim bilir, bəlkə də burada 3:0 hesabıyla qalib gəldik. Və ya 3:1 udduq, oyun əlavə vaxta getdi. Yəni bunu heç kim bilmir. Amma biz məhz qələbəyə köklənmişik. Tam ciddi və səmimi deyirəm, biz Bazelə revanş üçün gəlmişik.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı