Vüqar Nadirov: “2:1 - daha yaxşı hesab idi…"

Vüqar Nadirov: “2:1 - daha yaxşı hesab idi…"
MÜSAHİBƏ 24 Avqust 2009 / 17:12 3447
-  A +

“Qarabağ”ın və Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirov avqustun 20-də keçirilən “Tvente” - “Qarabağ” və 27-də keçiriləcək “Qarabağ” - “Tvente”  qarşılaşmaları ilə bağlı Qol.Az- saytına müsahibə verib.

 

- Vüqar “Tvente” ilə təkrar matçın hazırlığı necə gedir?
- Hər şey yaxşıdır. Necə lazımdır məşq edirik və oyuna hazırlaşırıq.
- İlk oyundakı məğlubiyyətin şokundan ayılmısınız?
- Şok deyəndə ki, olan oldu, keçən keçdi. Ümumiyyətlə, biz, Hollandiyadakı oyunu unutmuşuq.
- Mümkünsə, ilk qarşılaşmaya yenidən qayıdaq. Səncə, məğlubiyyətin əsas səbəbi nə oldu?
- Ən əsas səbəb arxayınçılıq oldu. 1:0-dan sonra uşaqlarda arxayınçılıq yarandı. Nəticədə qapımızdan qol buraxdıq.
- Amma rəqib hesabı bərabərləşdirəndən sonra sizin ikinci qolu vurmaq imkanınız da oldu.
- Elədir, elə mənim özüm təkbətək epizoddan yararlana bilmədim. Həmin vəziyətdə qol vursaydım, hesabda ikinci dəfə önə keçəcəkdik. Bununla da məsələni böyük ölçüdə həll edəcəkdik. Özü də sizə deyim ki, hesab bərabərləşənə kimi üstünlük bizdəydi. Meydanın hər qarışı uğrunda mübarizədə rəqibi üstələyirdik.
- Bu arada ikinci qolu vura bilmədiyinə görə, mətbuat və azarkeşlərdən səni qınayanlar da oldu.
- Neyləmək olar? Futboldur da. Hər epizod qol olmur axı. Hər şey qismətdən asılıdır. Deməli, qismətimdə ikinci yox, birinci epizodun qol olması yazılmışdı.
- Səncə, qol vurduğun epizod daha çətin idi yoxsa, qaçırdığın?
- Qol vurduğum epizod çətin idi. Qaçırdığım epizodda fərqlənmək isə daha asan idi. Çünki mane olan yox idi. Sadəcə, həmin anda topu qapıçıdan uzaq küncə vurmağı planlaşdırsam da, zərbə yaxın küncə getdi
- Buraxılan üç qola necə şərh verərdin?
- Bilirsiniz, burada konkret kimisə günahlandırmaq doğru olmazdı. Qol buraxılıbsa, deməli, bütün komandanın günahı var. Ən azından gərək 2:1 hesabını saxlayaydık.
- Qapımızda gördüyümüz 2-ci və 3-cü qollar başla vuruldu. Bu, onu deməyə əsas verir ki, “ikinci mərtəbə”də rəqib bizi üstələdi?
- Razıyam. Onlar “ikinci mərtəbə”də həqiqətən də güclü təsir bağışladılar. Hələ oyunlarının kasetlərinə baxarkən də görmüşdük ki, başla yaxşı oynayırlar. Çünki hündürboy futbolçuları çoxdur. Xüsusilə qapımıza 3-cü qolu vuran “19” nömrəli futbolçularını (Duqlas - red.) qeyd edərdim.
- Eyni problemi Bakıda da yaşanacağıqdan qorxmursunuz?
- Hər halda, bunun üzərində işləyəcəyik və ümid edirəm ki, təkrar oyunda belə problemlə üzləşmərik.
- Razılaş ki, 3-cü qolu buraxmağımız heç də yaxşı olmadı.
- Əlbəttə. Bayaq da qeyd etdim ki, 2:1 - daha yaxşı hesab idi. Amma indi işimiz bir qədər də çətinləşdi.
- Təkrar oyundan nə gözləyirsən? Səncə, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazana biləcək?
- İnşallah, buna çalışacağıq.Çalışacağıq ki, qol buraxmadan 2 top vuraq və qrup mərhələsinə vəsiqə qazanaq.
- Buna ilk növbədə nəyin hesabına nail olmaq olar?
- Kollektiv oyunun.

 

 

 

Daha çox


Son xəbərlər