“Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi

“Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
YAZARLAR 29 Aprel 2014 / 12:03 11106
-  A +

Urusların zamanında hərbi xidmətdə olanları yəqin xatırlayırlar. Əsgərlikdən rütbəsiz qayıdan bəzilərinin standart cavabı hazır idi - raqonum da təmizdi, vicdanım da.

10 illik yubileyinə hazırlaşan “Xəzər Lənkəran” ən yaxşı bayram hədiyyəsini özü-özünə elədi. Nə Premyer Liqada bir babat yer tuta bildi, nə kuboku başı üzərinə qaldırıb bizə göstərdi. Paqonu tərtəmizdi, amma vicdan məsələsinə and içə bilmərəm.

Lənkəran çayının bir addımlığında çalışan Dənizli bu klubu gölməçə suyunda boğdu. Ciblərindən milyonlar xərcləyən, növbəti dəfə Avropaya getməyə hazırlaşan “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi.

Klubun formasını geyinən, başları ağırlığında maaş alan futbolçuları bilmirəm, amma azarkeşlər qəm dəryasına batıb. Heç düşmənin də bayramı qara gəlməsin!

Bir vaxtlar gur-gur guruldayan “Fırtınalar meydanı”na indi aşağı-yuxarı 17 azarkeş toplaşır. Onlar da bacarıqsız rəhbərliyin, lənkəranlılar bir yana qalsın, heç öz şərəfləri üçün mübarizə aparmağı bacarmayan futbolçuların əlindən dünyanın o üzünü görüb qayıdırlar. 17 nəfərdən dördü deyir rəhbərlik dəyişsin, altısı Dənizlinin kəndinə qayıtmasını tələb edir, biri deyir Mustafa hoca qalsa yaxşıdı, hər halda adı-sanı var. Yel vurub-yengələr oynayan stadiondakı həmin azarkeşlərdən qalanları da Belçikadan Rednikin qayıtmasını gözləyir. Bir nəfər yarım isə AFFA rəhbərliyini yaş yuyub qurur sərir, arada PFL-i onun gözünə qatır.

Allah Hitlerin evini yıxsın, pulum-param yoxdu ki, klub yaradım, Nildo ilə start heyətinə çıxıb top dalınca qaçmaq yaşım da çoxdan keçib. Heç bilmirəm AZAL-la “Rəvan”ın qonşusu “Xəzər Lənkəran”a necə kömək edim, azarkeşləri necə ovundurum...

Düzdü, mənim də bacardığım bəzi işlər var. Məsələn, bu kritik durumdan çıxış yolu tapa bilməyən və ya heç tapmaq istəməyən klub rəhbərliyinə, fanatlara xırda-para məsləhətlər verə bilərəm. Tanıdığım mütəxəssislər var ki, onlar baş məşqçi vəzifəsinə keçib “Xəzər Lənkəran”ı bu durumdan çıxara bilərlər. Sözün açığı, namizədlərimin adını qəlbimin dərinliyində saxlamışdım, dar gün üçün. Amma son bir-iki ayda “ağ-yaşılların” başına gələn hadisələrdən sonra öz-özümə dedim ki, nəyi gözləyirsən, bundan da dar gün olacaq? Baş məşqçiliyə namizədlərimin adlarını açıqlayıb necə deyərlər, xalqın ixtiyarına verirəm. Qoy, bu da məndən işin xeyrinə bir kömək olsun.

Fikrimcə, indiki məqamda “Xəzər Lənkəran” üçün ən ideal baş məşqçi Həbibulla Xosrovovdu. Onu illərdi ki, tanıyıram, bacarığına da bələdəm. Uzun müddət Ramana südçülük sovxozunda briqadir vəzifəsində çalışıb, sovxoz dağılandan sonra  bir müddət işsiz qalsa da, təcrübəsini nəzərə alıb bələdiyyədə baş mühasibin köməkçisi-kassir vəzifəsinə təyin ediblər.

Aşur Salmanovu da klub üçün pis seçim saymıram, bacarığına arxayınam. Bilirəm ki, dəmir intizamı sevən adamdı, necə də olmasa 10-15 ildi Xırdalandakı təmir müəssisəsinə dəmirçi-çilingər işləyir.

Tapdıq Bürcəliyev perspektivli gənclərdəndi, ən əsası çətinlikdən qorxan deyil. “Xəzər Lənkəran” kimi klubun baş məşqçisi olmaq məsuliyyətinin altına çiyin verə bilər, özünü buna hazır sayır. Qaradağdakı daş karxanalarında işləyənlər onu məhz belə tanıyırlar. Eşitmişəm ki, sözünün qabağına söz deyən yoxdu.

Güloğlan Sərkərovu yəqin ki, tanıyırsız. Olduqca təvazökar, böyük-kiçik yeri biləndi. Şəxsən mən onun işgüzarlığını bəyənirəm, zalım oğlunu dəyirmanın bu başından ölü salırsan, o başından diri çıxır. Amma bir problem var, Güloğlan indi müqavilə ilə Mərdəkan mədəniyyət evinə məxsusdu, orada nağaradan kurs keçir, heç bilmirəm onu “Xəzər Lənkəran”a buraxarlarmı?

Daha bir neçə nəfəri gözaltı eləmişəm, lakin hələlik onlarla bağlı araşdırmaları davam etdirirəm. Yəqin ki, yaxın günlərdə məsələləri həll edə biləcəyəm. Dənizliyə baxmayın, mən verdiyim sözü tutan adamam. 

Yubiley ilində Əli aşından da, Vəli bozbaşında da avara qalan “Xəzər Lənkəran”ı bu durumdan çıxara bilən namizədləri işarə verdim, söz rəhbərliyindi. İndi onlar doğru seçim etməyi bacarmalıdırlar.

Bilirəm, klubun yönəticiləri, bəzi sadiq azarkeşlər mənim bu təkliflərimdən inciyəcəklər. Deyəcəklər ki, bu namizədlərin heç biri bizim klubun səviyyəsinə uyğun deyil. Amma və lakin mən tam tərsini düşünürəm. And olsun Rasim Ramaldanovun qiymətli başına, Slavik Alxasovun xətti-xalına, Junior Nildonun gül camalına ki, “Xəzər Lənkəran”ın bu halına elə mənim namizədlərim yaraşır!

Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq