Qurban Qurbanov: “Biz məsuliyyətimizi çox gözəl dərk edirik”

Qurban Qurbanov: “Biz məsuliyyətimizi çox gözəl dərk edirik”
MÜSAHİBƏ 18 Avqust 2009 / 11:50 3748
-  A +

Avqustun 20-də Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində Hollandiyada “Tvente”ylə qarşılaşacaq “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov səfərə yollanmamışdan öncə Qol.Az-a müsahibə verib

- “Tvente”ylə oyunun hazırlığı necə gedir?
- Hazırlığımız normal keçir. Həmişəki qaydada oyuna hazırlaşırıq. Uşaqlar özləri də məsuliyyəti çox gözəl dərk edirlər. Ona görə də məşqlərdə tam gücləriylə çalışırlar.
- Komandanızın düşərgəsində əhval-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Yalnız heyətlə bağlı problemlərimizin olması bir qədər narahatlıq doğurur. Bildiyiniz kimi, üç əsas heyət üzvümüz - Rəşad Sadıqov, Elnur Allahverdiyev və Emin İmaməliyev “Tvente”yə qarşı matçda forma geyməyəcək.
- Rəşad Sadıqovun mövqeyində hansı futbolçunu oynadacağınızı artıq müəyyənləşdirmisiniz? Çox güman ki, Zaur Həşimovla Aftandil Hacıyevin arasında seçim edəcəksiniz.
- Hələlik Zaur Həşimovun üzərində dayanmışıq. Çünki Aftandil 3 aydır ki, zədəli olduğundan meydana çıxmır. Ona görə də Aftandillə bağlı bir qədər ehtiyat edirik. Bu səbəbdən də yəqin ki, Zaur Həşimova üstünlük verəcəyik.
- Bəs, cəzalı olan Elnur Allahverdiyevin mövqeyində hansı futbolçu çıxış edəcək?
- Ayxan Abbasovu həmin mövqedə oynatmağı fikirləşirik. Son məşqlərdə məhz Ayxanı həmin mövqedə yoxlayırıq. Amma indidən qəti söz demək çətindir.  
- Demək olar ki, bu iki mövqeni çıxmaq şərtiylə qalan bütün mövqelərdə yenə də əvvəlki oyunlarda forma geyən futbolçulara şans verəcəksiniz?
- Yəqin ki, elə həmin futbolçular oynayacaq. Amma indidən qəti söz söyləmək çətindir. Çünki oyuna hələ 2 gün var. Hollandiyada da iki məşqə çıxacağıq. Elə bugünkü hazırlıq prosesimiz də orda baş tutacaq. Yəni, futbolçuların son durumuna bir daha baxacağıq.
- Son oyunlarda Aslan Kərimovun fiziki cəhətdən bir qədər axsadığı görünürdü. Elə buna görə “Honka”yla son matçda ilk yarıdan sonra Aslanı əvəzlədiniz. “Honka”yla müqayisədə isə “Tvente” daha sürətli komandadır. Düşünmürsünüz ki, “Honka”yla oyunda yalnız bir hissə oynayan Aslan üçün “Tvente”yə qarşı oynamaq daha çətin olacaq?
- Mən düşünmürəm ki, daha böyük problem yarana bilər. Həm də Aslanın mövqeyi çox məsuliyyətli mövqedir. Bu cür oyunlarda təcrübə də lazımdır. Ona görə də inanıram ki, Aslanın bizə faydası dəyəcək. Amma indidən qəti deyə bilmərəm ki, Aslan meydana çıxacaq, ya yox. 
- Rəqib haqda nə deyə bilərsiniz? Üstün cəhətləri hansılardır? Yəqin ki, ətraflı məlumatınız var. Hər halda köməkçiniz rəqibin oyununu canlı izləyib.
- “Tvente”nin əsas üstün cəhəti odur ki, hazırda Hollandiya çempionatında liderdir. Hollandiya futbolu elədir ki, topla oynamağa üstünlük verirlər, meydanın hər qarışı uğrunda sonadək vuruşurlar. Eyni zamanda kollektiv oyuna üstünlük verirlər. Bir sözlə, mobil, çox güclü komandadır.   
- “Den Haaq”a qarşı keçirilən son oyunlarını necə, izləmisiniz?
- Həmin oyuna da baxmışam. Demək olar ki, rəqibi tam analiz edə bilmişik.
- Bir qədər də Premyer Liqanın yeni mövsümündən danışaq. İlk iki oyununuzun təxirə salınmasını niyə istədiniz? Düşünmürsünüz ki, komanda oyun praktikasından əziyyət çəkə bilər? Hər halda, “Qarabağ”dan fərqli olaraq “Tvente” son avrokubok oyunlarından sonra iki rəsmi matç keçirib.
- Mən belə hesab edirəm ki, bugünkü gündə bizə mütləq istirahət lazım idi. Həm də bir neçə futbolçumuz milli komandanın düşərgəsindən qayıdıb. Ona görə də futbolçularda açıq-aşkar yorğunluq yaranmışdı. Bütün bunları nəzərə alaraq, çempionatdakı ilk iki oyunumuzun təxirə salınmasını istədik.
- Premyer Liqanın ilk turu çərçivəsində baş tutan oyunları izləyə bildiniz?
- Bir neçə oyuna baxdım.
- Komandaların səviyyəsi haqda nə deyə bilərsiniz? Çempionatın səviyyəsində irəliləyiş hiss olundu, yoxsa...?
- İlk turlardan heç nə demək olmaz. Amma elə ilk turdan bəlli oldu ki, bu mövsüm çox çətin olacaq. Götürək elə “Muğan”ı. “Standard” üzərində qələbə qazandılar. Halbuki keçən il tam başqa “Muğan” görürdük. Düzdür, oyunun hamısına baxa bilmədim. Amma qələbə qazanmaları sübut edir ki, bu il “Muğan” da daha güclü çıxış edəcək. Bu isə o deməkdir ki, bu mövsüm artıq elə-belə, asan rəqib olmayacaq.
- Çempionatın favoriti qismində hansı komandaları görürsünüz?
- Bu haqda indi dəqiq bir söz deyə bilmərəm. Bunun üçün ən azı 4-5 tur arxada qalmalıdır.
- “Qarabağ”ın cari Premyer Liqadakı məqsədi nə olacaq?
- Qarşımıza konkret məqsəd qoyulmayıb ki, çempion olaq, kuboku alaq və ya avrokuboklara vəsiqə qazanaq. Mən bu barədə artıq demişəm, bir daha təkrarlayıram ki, biz gələcəyin komandasını qururuq. Əsasən gənclərlə işləyirik. Nəticə haqda isə 2-3 ildən sonra düşünəcəyik. Yəni bu futbolçular daha çox təcrübə toplayandan sonra artıq çempionluğa oynamaq olar. Öz oyun üslubuna malik komanda yaratmaq fikrindəyik. İndiki halda nəticə bir o qədər də önəmli deyil.
- Komanda qrup mərhələsinə düşsə necə, heyətinizi gücləndirəcəksiniz?
- Bu barədə hələ düşünmürük. Hazırda bütün fikirlərimiz “Tvente”ylə oyuna yönəlib.
- Son olaraq Zaur Ramazanovun məsələsi haqda fikirlərinizi öyrənmək istərdik. Zaurun taleyi necə olacaq?
- Hər şey qaydasına düşəcək, yəqin ki. Məşqlərə yenicə başlayıb. Hazırda fərdi şəkildə məşq edir.
- Zaur yenidən “Qarabağ”ın formasını geyəcək, yoxsa başqa kluba keçəcək?

- O haqda hələ dəqiq qərar qəbul etməmişik. Özünə tam gələndən sonra o barədə söhbət edəcəyik. Bundan sonra onun “Qarabağ”da qalıb-qalmayacağı bilinəcək.

 

Daha çox


Son xəbərlər