Vaqif Cavadov: “Hollandiyadan uğurlu nəticəylə dönəcəyimizə inanıram»

MÜSAHİBƏ 14 Avqust 2009 / 16:01 3655
-  A +

Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov Azərbaycan - Almaniya və Avropa Liqasının qarşıdan gələn “Tvente” - “Qarabağ” matçları ilə bağlı Qol.Az saytına müsahibə verib.

- Vaqif, öncə başlayaq Almaniya ilə son oyundan...
- Matça çox yaxşı hazırlaşmışdıq. Heç bir problemimiz də yox idi. Hər şey qaydasındaydı. Çıxdıq, bacardığımız nədir ortaya qoyduq. Bəzi qol epizodları da yaratdıq. Amma həmin epizodlardan istifadə edə bilmədik.
- Elə əsas problem də bununla bağlıdır. Əvvəl qol epizodu yarada bilmirdik. Amma bu dəfə Almaniya kimi rəqibin qapısı qarşısında dörd real imkanının heç birini qola çevirmədik. Fərqlənməyimizə nə mane oldu? Ustalıq səviyyəsinin aşağı olması, həyəcan, yoxsa məsuliyyətsizlik?
- Bilirsiniz, hər şey yavaş-yavaş olur. Hər yaradılan epizod qol olmur axı. Əvvəllər epizod yaratmaqda çətinlik çəkirdiksə, indi bunu bacarırıq. İnşallah, tezliklə qol da vuracağıq. Çünki həmin qol yetişir. Milli komanda oyundan-oyuna artırır, daha yaxşı oynamağa başlayır. Şəxsən mən komandamızın gələcəyinə inanıram.
- Amma etiraf edək ki, vaxt da azdır. Seçmə mərhələnin oyunları başa çatmaq üzrədir. Qorxmursan ki, birdən dediyin o qolu vurmağa vaxtımız qalmaz?
- Biz axı bu seçmə mərhələdə dünya çempionatına çıxmaq şansına malik deyilik ki, vaxt azlığından narahat olaq. Almaniya, Rusiya kimi komandalar narahat olurlar ki, mərhələ sona yaxınlaşdıqca kimin qrupdan çıxmaq şanslarına da aydınlıq gəlir. Biz gələcəyin komandasını qururuq. Dediyim kimi, milli komanda oyundan-oyuna artırır. Növbəti seçmə mərhələdə hər şey bundan qat-qat yaxşı olacaq.
- Bu arada Almaniya ilə oyunda hesab 0:0 olarkən Robert Enke ilə təkbətək qaldığın epizodu da xatırlayaq. Həmin anda hamı səndən qapıya zərbə gözlədiyi bir anda arxaya Mahirə ötürmə verdin. Bu isə fanatları qəzəbləndirdi.
- Düzdür, o epizodda özüm də qapıya zərbə vura bilərdim. Amma son anda baxdım ki, mövqeyim bir qədər kənardadır. Odur ki, zərbə vurmayıb arxadan gələn Mahirə ötürmə etməyi qərara aldım.
- Diqqət çəkən daha bir məqam isə futbolçularımızın qapıya zərbə vurmaq əvəzinə cərimə meydançası daxilində və ona yaxın yerdə bir-birlərinə ötürmə etmələri idi. Adamda belə təsəvvür yaranır ki, sanki Moskva “Spartak”ı kimi topla tora daxil olmaq istəyirsiniz.
- Hər dəfə 35 metrdən qapıya zərbə vurmaq olmur. Düzdür, uzaq məsafədən də zərbələr lazımdır. Amma bəzən alınmırdı. Ona görə ötürmələrlə qapıya yol tapmağa çalışırdıq.
- Sentyabrın 5-də Finlandiya millisini qəbul edəcəyik. Həmin oyundan nə gözləyirsən?
- İnşallah, Almaniyaya qarşı oynadığımız oyunu finlərə qarşı oynasaq, onları məğlub edəcəyik. Düzü, mən finlərin hansı oyun modelinə üstünlük vermələri və onların zəif, güclü yerləri haqqında düşünmürəm. Çünki həmişə deyirəm ki, rəqibin yox, ilk növbədə öz oyununa baxmalısan.
- Finlandiya ilə matçın Lənkəranda keçirilməsinin oyunun  nətisinə bir təsiri olacaq?
- Hamımız bilirik ki, Lənkəran azarkeşi necə azarkeşdir. Onlar öz çılğınlıqları, komandalarına verdikləri güclü dəstəkləri ilə seçilirlər. İnanıram ki, lənkəranlılar milli komandanı da layiqincə dəstəkləyəcəklər. Çünki milli komanda milli komandadır. Fərqi yoxdur, Bakıda oynadı, yaxud Lənkəranda.
- Bir qədər də “Qarabağ”dan danışaq. Qarşıda sizi “Tvente” ilə oyun gözləyir. Həmin oyun haqqında nə düşünürsən?
- Çox çətin oyun olacaq. “Tvente” güclü komandadır. Hollandiya kimi çempionatda ikinci pilləni tutmaq asan iş deyil. Bundan başqa yaxın illərdə daha bir neçə dəfə mükafatçılar sırasına düşməyi bacarmışdılar.
- Bundan əvvəlki mərhələlərdə “Rusenborq” və “Honka”nı mübarizədən kənarlaşdırdınız. Yəni iki fiziki və atletik oyun tərzinə üstünlük verən Skandinaviya təsmilçilərini. Budəfəki rəqib isə texnikalı, hücum futboluna üstünlük verən Hollandiya təmsilçisidir. Sizi tamam başqa komandaya qarşı oyun gözləyir.
- Əlbəttə, hər çempionatın özünəməxsus üslubu var. Düzdür, hollandlar tamam fərqli oyun tərzinə üstünlük verirlər. Amma inanıram ki, Allahın köməyi ilə səfərdən uğurlu nəticə ilə qayıdıb təkrar qarşılaşmaya daha rahat çıxmaq şansı qazanacağıq. Meydana da bunun üçün çıxacağıq və son dəqiqəyə kimi vuruşacağıq.
- Əgər qrup mərhələsinə vəsiqə qazansanız oyun qrafikiniz çox ağır olacaq. Eyni vaxtda həm Avropa Liqasının qrup, həm dəAzərbaycan Premyer Liqasının oyunlarını oynayacaqsınız. “Qarabağ”ın bunu bacaracaq heyəti və gücü var?
- “Qarabağ” yavaş-yavaş o səviyyədə oynamaq üçün formalaşmağa doğru gedir. Bilirsiniz, indiyə kimi bizim klublar bu mərhələyə qədər gəlib çıxa bilmirdilər. Elə birinci mərhələdə uduzub mübarizəni dayandırırdılar. Odur ki, eyni zamanda həm Azərbaycan çempionatı, həm də avrokubok matçlarını oynamağa öyrəşməyiblər. Ancaq mənə elə gəlir ki, artıq klublarımız iki cəbhədə vuruşmağa öyrəşməlidirlər. İnanıram ki, “Qarabağ” və eləcə də “Bakı”, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqları halda bunun öhdəsindən gələ biləcək
- “Bakı”dan söz düşmüşkən, onların da “Bazel”lə ağır oyunları olacaq. Həmin qarşılaşma haqqında da olan fikirlərini bilmək maraqlı olardı.
- “Bakı”ya uğurlar arzulayıram. Necə ki, onlar bizə azarkeşlik edirlər, biz də onlara azarkeşlik edəcəyik. İnşallah, hər ikimiz bu mərhələni uğurla keçib Avropa Liqasının qrup mərhələsində Azərbaycanı layiqincə təmsil etmək hüququ qazanacağıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın