Oyuncaq çempionat kimə sərfəlidir?

Oyuncaq çempionat kimə sərfəlidir?
YAZARLAR 27 Mart 2014 / 15:51 8640
-  A +

Azərbaycan çempionatına maraq çox azdır. Bunu oyunların rəsmi protokulunda “tamaşaçı bölümü”ndəki tükürpədici rəqəmlər də sübut edir. Avropanın aparıcı demirəm, hətta ortabab birinciliklərində 2-3 oyunun azarkeş sayını, biz bütöv dövrə ərzində, 45-50 matça yığırıq. Çempionluq uğrunda mübarizə aparan komandaların görüşünə 300-500 tamaşaçı gəlirsə, təbii ki, yekun elə bu cür də olmalıdır.

Niyə belədir? Futbolun hazırkı cavabdehləri bu barədə danışanda deyirlər ki, bizdə elə həmişə belə olub. İnsafən, müəyyən dərəcədə haqlıdırlar, yəni 3-5, hətta 13-15 il əvvəl də bu sarıdan korluq çəkmişik. Amma dünənki çatışmazlıqlara söykənib, özünə haqq qazandırmaq kökündən yanlış yanaşmadır. Və hazırkı “futbol iqtidarı” o kreslolarda ona görə əyləşdirilməyiblər ki, bizdə nəticələrin həmişə aşağı olmasını, futbolçuların topu qapıdan keçirməyə daim çətinlik çəkməsini, öz qapısını rəqibin üzünə səxavətlə, taybatay açmasını, bir sözlə, sadalanan və sadalanmayan fəlakətlərin milli futbolun başı üzərindən heç əskik olmamasını xatırlatsınlar.

Tərəqqi dünənki nöqsan və qüsurların aradan qaldırılmasından keçir. Bəs, çatışmazlıqları kim aradan qaldırmalıdır? Komanda zəif oynayanda bacarıqlı əcnəbi futbolçular hesabına gücləndirilir. Amma nə edək ki, milli federasiyaların idarəçilik məsələsində legionerlik təcrübəsi yoxdur. Varsa da, şəxsən mən bilmirəm, eşitməmişəm. Amma olsa, pis olmazdı, “dünyəvi inkişaf konsepsiyası”ndan yararlanar, irəli gedərdik...

Bu yaxınlarda bir yazı ilə bağlı araşdırma aparırdım, gözüm 2004/05-ci il mövsümünun Bakıda keçirilən “Neftçi” - “Xəzər Lənkəran” görüşünün protokoluna sataşdı – mayın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüşü 21.000 tamaşaçı izləyib. Maraq mənə güc gəldi və həmin il çempionluq uğrunda yarışan komandaların oyunlarının tamaşaçı sayını nəzərdən keçirdim. Məlum oldu ki, adıçəkilən klublarla yanaşı, “Karvan”, “Turan”, “Qarabağ”, “Bakı”nın iştirakı ilə keçirilən qarşılaşmalarda da əməlli-başlı ajiotaj olub. Gəncədə “qızıl oyun” isə 25 min azarkeşin “şahidliyi” ilə reallaşıb.
Deməli, bütün təqsiri azarkeş qədirbilməzliyində axtarmaq nəinki düzgün deyil, hətta obyektivlikdən çox-çox uzaq mövqedir. Komandalar futbolla oynamayıb, futbol oynasa, tamaşaçı da gələr, ürəkdən azarkeşlik də edər.
Ancaq hazırkı reallıq ondan xəbər verir ki, yarıtmaz idarəçilik oyunların həqiqi idman mübarizəsi şəraitində keçməsinə inamı elə qırıb ki, şaxələnmiş yaranın sağalması həm çətindir, həm də xeyli vaxt tələb edir.
Yarıtmaz idarəçilik dedik. Əslində, məsələ bununla bitsəydi, dərd yarı idi, düşünərdin ki, cavabdehlərin futbol biliyi elə bura qədərdir və bu “dağarcıq”la bundan artığını etmək də, sadəcə, mümkünsüzdür. Amma ən pisi odur ki, burada söhbət məqsədli yarıtmaz idarəçilikdən gedir.

AFFA-nın indiki yiyələri sələflərini tənqid edərkən deyirlər ki, onlar çempionu, kubokun sahibini, avrokuboklara vəsiqə verən yerləri əvvəlcədən bölüşdürürdürlər, ona görə milli futbol axsayırdı.
Bəs, indi necə, vəziyyət dəyişibmi? Məncə, müəyyən dəyişiklik var, lakin inkişaf mənasında yox. Turnirin gedişində baş verənlər bizi xeyli şübhəli məqamların şahidi edir. Təəssüf ki, onların sübutu mümkün deyil, çünki alış-veriş edənlər, alış-veriş etdiklərini boyunlarına alarlarmı, heç?! Həm də onların güclü “arqumentləri” var – dediklərini sübut elə! O sübutu, o dəlili haradan tapasan ki, alan almadığını, satan da satmadığını deyir, özü də pıçıltı ilə yox, gur səslə, hündürdən, hamının, hətta UEFA və FİFA-da eşidiləcək tərzdə yüksəkdən, bağırtı ilə...

Ancaq elə məsələlər var ki, orada ən güclü sübut, ən kəsərli dəlil məntiqdir. Məntiq isə həyatı “Sağ ol” pul deyil, onu xərcləmək olmur, cibindəkiləri çıxart” prinsipi ilə yaşayanlar üçün gərəksiz, əhəmiyyətsiz və heç nəyə yaramayan istinad nöqtəsidir.

“Bazar psixologiyası ilə işləmək, insanlarda bazar xarakteri formalaşdırır”, - deyənlər hədəfi düz nişan alıblar. İndi bizim futbol çempionatında – premyer liqa demirəm, ingilislərdən ayıbdır – idman prinsipləri də, onun qorunması da məhz bazar təfəkkürü ilə həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, artıq neçənci ildir birinciliyin ən qızğın çağında güclülər dəstəsini heç kimin tərk etməyəcəyi məsələsi gündəmə çıxarılır. Azərbaycan reallığında ölkə çempionatının yuxarı eşelonunda yarışı 10 komandanın iştirakı ilə dörd dövrədə keçirməyi ən optimal variant kimi qəbul edən, onu hər vəchlə əsaslandırmağa çalışan AFFA rəhbərliyi indi fikrini dəyişib, “12 klub yaxşıdır” deyir. Görünür, yeni iki “yağlı tikə” ortaya çıxıb.

AFFA İcraiyyə Komitəsinin iclasından sonra ən yüksək səviyyədə səslənən fikrə fikir verək: “Çempionatda komanda sayı artırılsa, formatı fikirləşmək problem deyil”. Şərhə ehtiyac varmı? Əlbəttə, problem deyil, çünki milli futbol çempionatımızı oyuncağa döndəriblər – özü də plastilin kimi hər şəklə düşə bilən oyuncağa, istəyəndə dartıb uzadırlar, istəməyəndə yığıb gödəldirlər.

Bundan sonra “Rəvan” və “Sumqayıt”ın oyunlarının hansı məcrada keçəcəyini təsəvvür etmək çox asandır. Elə ən çox anlaşılmayan məqamlardan biri də qərarın mövsümün başa çatmasına dövrəyarım qalmış açıqlanmasıdır. Bu, onsuz da sönük keçən çempionata olan-qalan marağa daha bir sarsıdıcı zərbədir. Daxildən endirilən belə öldürücü zərbəni kənardan endirmək heç cür mümkün deyil. Və qurşaqdan aşağı zərbələri, bir qayda olaraq, artıq neçə illərdir səlahiyyət sahibləri endirir.

Yüksək liqanı tərk etmək qorxusu... Belə bir qorxu bizim klublar üçün yoxdur – o hisslər çoxdan ölüb, daha doğrusu, öldürülüb. Birinci dəstədən yüksəlməyə can atmaq istəyi də həmçinin. Elə olmasaydı, aşağı eşelonda qalib gələn klublarımız yüksək liqada oynamaq istəməməsinin yuxarıların anlaşıqlı (?!) qarşılamasını xahiş-minnət eləməzdi.
Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın