Marata zaman verin!

Marata zaman verin!
YAZARLAR 26 Fevral 2014 / 15:09 7764
-  A +

“Qəbələ”nin “Portu”dan gətirdiyi Marat İzmaylovun hazırkı durumu müəyyən mənada “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Santosun Azərbaycana yeni gəldiyi vaxtları xatırladır. Yadınızda olar, o zaman Qurban Qurbanovu az qala asıb-kəsirdilər ki, bu yararsız oyunçunu bura niyə gətirmisiniz. Amma heç fikirləşən də yox idi ki, yazıq Reynaldo ayağını bizim meydançalara hələ təzə-təzə basır, ağır zədədən sonra üç ay oynamayıb, istədiyi formadan tamamilə uzaqdır və hər bir futbolçuya lazım olan  zaman ona da verilməlidir. Aradan çox keçmədi, braziliyalı yarımmüdafiəçinin əsl istedadı üzə çıxdı.

Yox, Reynaldonun Azərbaycan çempionatında, xüsusilə də Avroliqada “Qarabağ” üçün hansı fədakarlıqları etdiyini sadalamaq fikrindən uzağam.

Axı, Marat İzmaylovdan danışırdıq. Marat qabiliyyətinə, bacarığına və istedadına görə bəlkə də Reynaldodan daha üstün oyunçudur. Ən yaxın tarixədək Rusiya kimi Avropa və dünyanın ən güclü milli komandalarından birinin əsas futbolçularından olub, 35 oyuna iki qol vurub. Lakin hər bir futbolçunun başına gələcək uğursuzluqla o da üzləşib, “Portu”da lazımi oyunu sərgiləyə bilməyib və “Qəbələ” rəsmilərinin dediyinə görə, həm komandaya kömək etməsi, həm də istədiyi formanı yığması üçün, baş məşqçi Yuri Syominin təkidi ilə Azərbaycana gəlib. Klubun vitse-prezidenti Fariz Nəcəfovun səmiyyətinə də inanıram: bu rusiyalı ulduza altı aylıq icarə haqqı üçün cəmi 150 min dollar verilib. Yəni Azərbaycan klublarının ehtiyat skamyasında kif basmaqla ətrafı bulandırmaqdan savayı başqa işə yaramayan legionerlərə verilən puldan iki-üc dəfə daha az.

Sözüm işin maddi tərəfində deyil. Marat Yuri Syominin, ruslar demiş, “lyubimçiki”, yəni sevimli oyunçusudur, ona daha çox güvənməsində və şans verməsində təəccüblü nəsə yoxdur. Syomin “Qarabağ”la matçda Maratı əsas heyətə salır və yeni komandasında debütü olmasına, ideal formasından xeyli uzaqlaşmasına baxmayaraq, yetərincə baxımlı oyun sərgiləyir və komandası üçün fayda verməyi bacarır. O artıq başqa söhbətin mövzusudur ki, Syomin belə bir əhəmiyyətli oyunda komandasının “qol silahı” olan Subotiçi ehtiyatda saxlamışdı və həmin görüşdəki məğlubiyyətdə bu amil çöx böyük rol oynamışdı. Hə, qəribədir ki, məhz həmin o ilk oyunundan sonra münəccimlik edib Maratın “Qəbələ”yə yararsız olacağını deyənlər də tapıldı.  

Razıyam, bəzi görüşlərdə rusiyalı futbolçu istənilən səviyyədə çıxış edə bilməyib, amma, qarşıda hələ çempionatın 13 oyunu var. Niyə bir faktı unuduruq ki, Marat hələ adaptasiya mərhələsindədir, ona da zaman lazımdır. O vaxt yetişəndə Marat lazımi formaya da düşə bilər və öz oyunu ilə onu hədəfə alanları utandırar.

Formada olmayan, uyğunlaşma prosesi keçən futbolçuya 3-4 oyununa görə birmənalı qiymət vermək nə vaxtdan peşəkar yanaşmanın göstəricisi olub?
 
Yeri gəlmişkən, son vaxtlar “Qəbələ”nin bir qrup azarkeşinin ardıcıl xal itkilərindən panikaya düşməsini anlamaq olmur. Dünyada da, elə Azərbaycanın özündə də “qara zolağa” düşən təkcə “Qəbələ” deyil. Bu uğursuz zolağa düşdüyün kimi, ordan çıxmağın da yolları var və hazırkı mərhələdə o yol heç də Yuri Syominin istefasında deyil.

Syomin  “Qəbələ”ni pis-yaxşı düzəldə bilib, bu klubu doqquz illik tarixinin ən yaxşı səviyyəsinə çıxarıb. “Qəbələ”nin 23 oyundan sonra turnir cədvəlində ikinci pillədə olmasına nə vaxtsa rast gəlmişdiniz? Amma  Syomin artıq özünün oyun sisteminə müəyyən düzəlişlər etməklə yanaşı, ya uğurlardan, ya da mənəm-mənəmliyindən başı gicəllənmiş bəzi futbolçularının ipini tez bir zamanda yığmalıdır. Yox, əgər yığa bilmirsə, onda onları klubun karate bölməsinə göndərə bilər. “Qəbələ”nin bir klub kimi nüfuzu, sağlam düşünən personalı, mədəniyyətli, səviyyətli və qabiliyyətli rəhbərliyi var. “Qəbələ” Azərbaycan Premyer Liqasının bəzi küçə klublarından deyil ki, oyunçusu meydanda dava salsın və ya buna cəhd etsin, komandadaxili mühiti pozsun. “Qəbələ”nin “qara zolaq”dan çıxmasının bir yolu da bəzi futbolçularına yerini göstərməkdir.

Və o futbolçular sırasında, əmin olun ki, Marat İzmaylov yoxdur.

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər