Pul və xal

Pul və xal
YAZARLAR 24 Fevral 2014 / 15:48 7873
-  A +

“Avro-2016”nın seçmə mərhələsinin püşkatmasından sonra jurnalist millimizin baş məşqçisi Berti Foqtsdan soruşur:
- Komandanız bu seçmə mərhələdə nə qədər xal toplaya bilər?
O da əslində çox normal olan bu suala ya əsəbi, ya da sanki həyatdan bezən adam kimi cavab verir:
- Mənə klassik azərbaycanlı sualı verməyin. Nəyisə proqnozlaşdırmaq mənim üçün çətindir.

Düzü, bunun nəyi klassik azərbaycanlı sualıdır, bəlkə zamanı gələndə Foqts özü deyəcək, hələlik yalnız sadəlövh adamlar və elə o düşüncədə olan AFFA rəhbərliyi Azərbaycan millisinin “Avro-2016”nın final mərhələsinə gedəcəyinə iddia edə bilər.

Hələ birinci-ikinci pillə bir kənara, İtaliya və Xorvatiya kimi Avropa nəhənglərinin, bizdən fərqli olaraq, normal futbol ənənəsinə malik Norveç və Bolqarıstanın olduğu qrupda hətta üçüncü yeri tutmağımız belə “Neftçi”nin uduzduğu hər oyundan sonra daha hakimləri günahlandırmayacağı o möcüzəli ana bənzəyir.

Amma əlbəttə, bu qrupda bizim millinin əsasən santexniklərin, supermarket işçilərinin, fəhlələrin və xırda bizneslə məşğul olan həvəskar futbolçuların toplaşdığı Malta yığmasına qalib gəlməsi mözücə olmayacaq. Düzdür, görəcəksiniz, azarkeşlər cırtdan Malta üzərindəki uğuru adi qəbul edəcək, ona bir azərbaycanlı kimi sevinəcək və sevinməlidir də. Amma AFFA rəhbərliyinin sevinci lap vulkan kimi püskürəcək. Tipik sovet düşüncəsinin təsiri altında bir-birilərinə, dostlarına, yoldaşlarına “Uraaa!”, “Pobeda!” məzmunlu sms-lər yollayacaq. Bayram, nə bayram!

Azmı rast gəlmişik, bu cür hadisələrə? Güclü Türkiyəyə qalib gəlməyimizi, Rusiyadan bir xal almağımızı demirəm, amma vallah, Lixtenşteyni udmaq fövqəladə hadisə deyil, sevincimizi ifrat həddə çatdıranda gülüş hədəfinə çevrilirik.

Əslində seçmə mərhələlərdə hətta Lixtenşteyndən, gələcək rəqibimiz olacaq Maltadan da zəif rəqiblə oyunda qazanılan hər bir xalın qiyməti var. Amma unutmayaq ki, Lixtenşteyni, Maltanı udmaq bizim futbolçuların sadəcə olaraq, vəzifə borcudur, İtaliyadan xal almaq isə artıq qəhrəmanlıq olar.

Sabah nə olacağını biz bilə bilmərik, amma görünür, Foqts gələcəkdə nə olacağını daha dəqiq deyir. Gələk, onun dünən verdiyi başqa bir açıqlamaya: “Qrupdan üçüncü yerdə çıxmaq imkanımız var. Ancaq bu, bizim üçün çox çətin görünür”.

Etiraf edirik, hazırkı millinin bugünkü acınacaqlı durumunda Foqtsun proqnozu reallığa yaxındır. Adam öz futbolçusunu elə hala salıb ki, suyu üfürə-üfürə də olsa deyir ki, üçüncü yerdən əlinizi üzün, dörcüncü yeri tutsaq, böyük şeydir.

Odur ki, bədbinliyə qapılaraq, qarşıdakı iki ilin də bizim üçün itirilmiş olacağını söyləmək olar. Amma təbii, qazanacağımız, daha doğrusu, qazananlar da olacaq. Məsələn, AFFA-nın baş katibi bildirir ki, “İtaliya ilə oyunda marketinq tərəfdən yanaşdıqda stadionun dolacağını və biletlərin hamısının alınacağını demək olar”. Əslində bu fikirlərdə qeyri-adi nəsə axtarmaq yersizdir. Nəhəng yığmalarla oyunda işin marketinq tərəfinə fikir verməkdə qüsurlu heç nə yoxdur. Lakin təəssüf ki, belə güclü yığmalarla görüşdə xal qazanıb Avropa futbolunda səs salmaq bizim üçün həmişə ya ikinci planda olub, ya da heç olmayıb.

Ona görə də bizdə İtaliya kimi komandalara həmişə pul mənbəyi kimi baxıblar. Yoxsa, niyə 2000-ci illərin əvvəllərində AFFA-nın o vaxtkı rəhbərliyi İtaliya yığmasıyla Bakıdakı qarşılaşmanı Avropada canlı yayımda bizdən üç saat tez baxacaqlar və yayımdan külli-miqdarda vəsait götürəcəklər deyə, gecə saat 11-ə təyin edirdilər? Heç fikirləşən də olmadı ki, Bakıda oyun qurtaranda gecə saat 1 olacaq. Görəsən, o vaxt düşünən olmuşdu ki, bəs, stadiona toplaşan 30 mindən çox adam bu vaxtda evinə necə gedəcək?

İnanın, bunu ancaq bizdə edə bilərdilər və etdilər də.

Düzdür, indiki AFFA rəhbərliyi bir az insaflı çıxıb, 2015-ci ilin oktyabrında Bakıda baş tutacaq oyunu saat 21.00-a təyin edib.

Nə isə, sözüm işin marketinq tərəfində deyildi. Yuxarıda güclü komandalardan xal almaq məsələsinə toxunmuşdum. Bizdə isə İtaliya və Xorvatiya bir qırağa qalsın, baş məşqçimizin canına indidən vəlvələ düşüb ki, qrup ucüncüsü olmağımız çətindir.

Əlbəttə, çətin olacaq. Çünki Foqts, məsələn, azərbaycanlı Əhməd Ələsgərov kimi heç vaxt futbolçusu Kamal Quliyevə deməyib ki, sənin nəhəng Fiqudan heç nəyin əskik deyil, o da adamdır, sən də. Və bu sözlərdən sonra Kamal da, onun kimi digər azərbaycanlı futbolçular da meydanda canlarını qoyub Portuqaliyadan xal alırlar.

Foqtsun isə Portuqaliyanı görəndə dizləri tir-tir əsir. “Biz onları uda bilmərik, biz uduzmağa gəlmişik” kimi futbolçuları bəri başdan ruhdan salan fikirlər səsləndirir. Almaniyalı məşqçi “onu uda bilmərik, bunu uda bilmərik” deyə-deyə Azərbaycan futbolçusunda psixoloji zədə yaradıb. Həm də buna görədir ki, bir-iki oyunçumuzu çıxmaqla İtaliya, Portuqaliya və digər nəhənglərin adı gələndə canımıza titrətmə düşür.

Baxırıq ki, İtaliya, Portuqaliya futbolçularının milyonlarla, on milyonlarla dollar qiyməti var, ulduzdular. Amma bəzən, yaddan çıxarırıq ki, o tarixi fikirdə deyildiyi kimi, pul futbol oynamır.

Pul futbol oynamayanda isə dilənçi dediyimiz Ermənistanın oyunçuları gedib milyonçu adlandırdığımız İtaliyadan xal alıb gəlir.

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər