Bizdə hamı sözdə qanunpərəstdir. Amma elə ki qanuna əməl etmək zamanı gəlir, işlər qəlizləşir. Düşünürük ki, bir dəfə qanunu pozmaqla dünya dağılmaz. Ancaq bir dəfə ilə iş bitsəydi, nə vardı? Qanunu pozmağa, yanından keçməyə necə aludə oluruqsa, bu cür davranış çönür olur adət. Maraqlısı da odur ki, qanunsuzluğa o qədər orijinal don geyindirir, onu o qədər “daşdan keçən” arqumentlərlə əsaslandırırıq ki, haqlı olan ən azı ürəyində özünü qınayır. Bir az bərkini tutsan, lap üzr də istəyər. Əslində, bunun özü fenomenal qabiliyyət-bacarıqdır və hətta qibtə ediləməyə də dəyər.
Mətləbdən uzaqlaşmayaq. “Xəzər Lənkəran” - “Neftçi” oyunu keçirildi də, oyunda “ənənəvi” dava-dalaş düşdü də, tərəflər bir-birini o ki var tilişkəli sözlərə qonaq etdi də, təqsirkarlar cəzalandırıldı, cərimələndi də. Lakin medianın “böyük oyun” adlandırmaqdan usanıb-bezmədiyi, reallıqda yalnız “böyük problemlər” gətirən qarşılaşmanın növbəti qara səhifəsi bağlandımı?
Yəqin ki, bağlanmadı və belə getsə, heç bağlanmayacaq da! Çünki ortada etiraf yoxdur, peşəkar etirafı. Peşəkar etirafı niyə yoxdur, çünki əməli törədənlər peşəkar deyillər. Niyə peşəkar deyillər? Nə isə... belə sıralamaqda davam etsək, gedib tamam başqa yerlərə çıxacağıq.
Demək istədiyim nədir? Hamıya bəllidir ki, “böyük oyun”da böyük bəlalar birinci dəfə deyil baş verir. Əvvəllər də, istər Lənkəranda, istərsə də Bakıda, xoşagəlməz hadisələr olub. Ancaq hamısında tərəflər təqsiri qarşı tərəfdə axtarmaq, özünə haqq qazandırmaq yolunu tutub. Yəni, heç görmədik ki, kimsə bir özünü də təftiş etsin, qərəzi-filanı kənara qoyub, soyuq başla düşünüb, təmkinli davransın.
Futbolçu oynadığı oyunla əlbəyaxa döyüşü səhv salır, məxsus olduğu klubun rəhbərlərindən isə heç kim ona demir ki, bu nə hərəkətdir edirsən? Oyun oynamaq əvəzinə, bu nə oyundur çıxarırsan? Sanki hamılıqla sözləşiblərmiş kimi, yapışırlar ancaq hakimlərin yaxasından. Bir çox hallarda isə klubun rəsmi nümayəndələri futbolçuların qəyyumu rolunda çıxış edirlər. Elə bil, onlara borcları var, qarşılarında dilləri gödəkdir.
Bu fikri yazılarımda, şərhlərimdə çox bildirmişəm – bu gün Azərbaycan futbol ailəsində ən axsayan sahə futbol mədəniyyətinin, ziyalılığın çatışmamasıdır!
Məşqçi öz sahəsinin peşəkarı olmaqla yanaşı, həm də pedaqoq olmalıdır. Peşənin incəlikləri ilə paralel, oyunçularına insani keyfiyyətləri də aşılamalı, öyrətməlidir. Və bunu şəxsi nümunəsi ilə etməlidir. Yeri gələndə, psixoloq kimi də davranmalıdır, daha psix kimi yox!
Açığı, sonuncu “derbi-dava”dan və AFFA-nın cəza tədbirindən sonra ümid yaranmışdı ki, öz növbəsində, “Neftçi” rəhbərliyi də sözünü deyəcək, intizamsızlıq edən futbolçularını özü də cəzalandıracaq.
Ancaq bu baş vermədi. Doğrudur, “Neftçi”nin prezidenti açıqlamasında bildirdi ki, futbolçuları gərək belə etməyəydi. Bununla belə, dərhal da “Xəzər Lənkəran”lı Ağabala Ramazanovun hərəkətləri qabardıldı, baş verənlər son saniyələrdə qol buraxmağın yaratdığı sarsıntıyla əlaqələndirildi və s. Yəni, baiskar yenə əks düşərgədə, başqa ünvanlarda axtarıldı.
Təbii ki, prinsipial rəqiblə oyunda 2:0 öndə olub, sonda qələbəni əldən vermək acınacaqlıdır. Amma bu bir oyundur və ona görə də, emosiyaları cilovlamaq şərtdir. Həm də bu necə olur, uğursuzluğa görə hamı təqsirkardır, bircə həmin uğursuzluğu meydanda reallaşdıranlardan savayı?!
Çempionlar Liqasının məşhur “Mançester Yunayted” - “Bayern Münxen” final görüşünü xatırlayaq. Son dəqiqələrə 1:0 üstün gəlmiş almanlar iki top buraxaraq dramatik məğlubiyyətlə üzləşdilər. Yaxud, elə həmin “Bayern”, həm də öz meydanında “Çelsi” ilə finalı penaltilər seriyasında uduzdu.
Məsələyə bizimkilərin məntiqi ilə yanaşsaq, gərək almanlar aləmi vurub-dağıdaydılar. Amma elə olmadı, ədəb-ərkanla gümüş medallarını alıb, rəqibi təbrik etdilər. Niyə? Çünki peşəkardırlar!
Sonra nə oldu? Həm birinci halda, həm də sonrakında “Bayern” özünü ələ alıb, toparlanıb yenidən nüfuzlu turnirin finalına qədər irəlilədi və fəxri mükafata yiyələndi. Belə toparlana bilməyin, mübarizliyin kökündə əsl peşəkarlıq və yüksək futbol mədəniyyəti dayanır.
“Neftçi”nin prezidenti Sadıx Sadıqov açıqlamasında həm milli komandanın, həm də “Neftçi”nin “qoçu-qəhrəman”ı, heç kimin ipə-sapa yatıra bilmədiyi Mahir Şükürovun hərəkətinə münasibət bildirərkən deyib ki, onun etdikləri bağışlanmazdır. Fikrini “yaxın vaxtlarda “Neftçi”nin, təlim-tərbiyə baxımından, nümunəvi komanda olduğunu görəcəksiniz”, - deyə tamamlayan klub rəhbəri dolayısı ilə təsdiq edir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Azərbaycan futbolunda son zamanlar baş verən ciddi xoşagəlməzliklərin hamısında “Neftçi”nin olması da milli futbola ürəkdən bağlı insanların ürəyincə deyil.
Ancaq klub prezidentinin vədinə əməl edəcəyinə şübhəm yoxdur, inanıram ki, komandada həqiqi sağlam mühit yaradacaq. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının təşkilatçısı olan şəxsin, bu çatışmazlığın öhdəsindən gələ bilməyəcəyi absurddur.
O ki qaldı “qoçu-futbolçulara”, onlar kimlərin hesabına meydan suladıqlarını gərək unutmasınlar. Özlərini, öz adlarını fikirləşmirlər, özləri bilərlər, ancaq yaddan çıxarmasınlar, heç kim onlara haqq verməyib ki, hərəkətləri ilə ləyaqətli insanların, geniş anlamda xalqın, millətin adına ləkə gətirsinlər.
İndi söz “Neftçi”dədir. Deyiləcək sözü eşitmək istəyən isə çoxdur, lap çox!
Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu