Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma

Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
XƏBƏR 29 Yanvar 2014 / 12:18 6823
-  A +

Metronun “Gənclik” stansiyası bir vaxtlar futbol azarkeşləri üçün tamam başqa məna kəsb edirdi. Fanatların böyük əksəriyyəti respublika stadionuna məhz bu stansiyanın çıxışlarından yollanır, ilk xeyir-duanı da onlara sanki divarlardakı pannolar verirdi.

Televizorda ağ-qara təsvirdə gördüyümüz nə vardısa, buralarda rəngli idi. Tanıyanların, istisnasız olaraq, canlı futbol ensiklopediyası adlandırdığı dostum Gündüz meydanı yaşıl, oyunçuları fərqli geyimlərdə görməyin onda yaratdığı intəhasız duyğuları danışanda, az qalırsan o hisslərə kitab yazasan. Həqiqətən də, yeniyetməlik və gənclik çağı 70-ci illərə təsadüf edən azarkeşlər üçün ağ-qara təsvirlərin rəngliyə çevrilməsi, lap nağıllardakı qaranlıq dünyadan işıqlı məkana çıxmaq kimiydi.
Bütün bunları və “Gənclik”in divarlarında qaçan “atletləri”, topu tutmağa çalışan “qapıçını”, “gimnast qızları”, “üzgüçü oğlan”ı niyə xatırladım?

Bir neçə gün öncə yolum yenə oradan düşmüşdü. Gecə saatları idi, ona görə kimin nə işlə məşğul olduğunu sezmək çətin deyildi. Gördüm ki, yeni mağazanın tamamlama işləri gedir və... sonuncu pannoların da üzəri örtülür. Bu işlər o yerdə aparılırdı ki, oradan pannoların çox kiçik hissəsi görünürdü. Onu isə ancaq o kəslər görürdü ki, sənət əsərinin mövcudluğundan xəbərdar idi. “Gənclik”dəki həmin kiçik görüntülər məni və yəqin yaşıdlarımı da öz “Gənc”liyimizə aparırdı, nostalji duyğular, ani də olsa, ruhi rahatlıq gətirirdi.
Heç nə olmayıbmış kimi ötüb keçə bilmədim, kənarda dayanıb baş verənləri sakit-sakit, amma narahatlıqla izləməyə başladım. Dükan quraşdıran üç-dörd “Gənc”dən biri yaxınlaşıb, “nə lazımdır” deyə soruşdu. Cavab vermək mənasız idi, onsuz da başa düşməyəcəkdi. Çünki onu nə qaçan “atletlər”, nə topu tutmağa çalışan “qapıçı”, nə “gimnast qızlar”, “üzgüçü oğlan”, nə də Olimpiya hərəkatının rəmzi sayılan bir-biri ilə kəsişən beşrəngli mozaik həlqə maraqlandırırdı. Onlar yalnız alış-veriş məqsədilə düzəltdikləri yeri daha münasib şəklə salmaq üçün əlləşirdilər. Və pannoların görüntüsü ilə paralel, mənəvi hissləri də ört-basdır etmələri qətiyyən veclərinə deyildi.

Bilirəm ki, metronun “Gənclik” stansiyasının memarı uzun müddət “Bakımetrolayihə” institutunun rəhbəri olmuş məşhur bakılı memar Konstantin İvanoviç Sençixindir. Onu da bilirəm ki, stansiya 1967-ci il noyabrın 6-da istismara verilib. Məhz stadionun yaxınlığında yerləşdiyindən, tərtibatında idman və idmançılar mövzusu əsas götürülüb və hətta ilk adı “İdman” olub.
Amma bilmədiyim odur ki, divarlardakı görüntülər kimin, hansı sənətkarın əlinin məhsuludur. Pannoların müəllifi barədə məlumat əldə etmək üçün çox mənbəələri nəzərdən keçirdim, nəticəsi olmadı. Dünyasını dəyişibsə, qoy ruhu məni bağışlasın, sağdırsa, çox istərdim ki, ortaya çıxıb haqqını tələb etsin.

Axı, üzəri dükan-bazar elementləri ilə örtülən əsər təkcə aylarla çəkdiyi zəhmət bahasına onu ərsəyə gətirmiş yaradıcı insana aid məsələ deyil. Bir də ki əsəri dəfn edənlər tək o yaradıcı insanın əziyyətinin üstündən xətt çəkməyiblər, həm də mənəvi dəyərimizin bir parçasına laqeyd münasibət bəsləyib, çox böyük və ölçüyəgəlməz hörmətsizliyə, qəbahətə yol veriblər.

Metronun “Gənclik” stansiyası indi futbol qoxumur. Oradan xırda-xuruş əşyaların iyi gəlir. Cavanlar da dəyişib, daha futbola getmirlər. Nəinki getmirlər, hətta televizorda ən maraqlı futbol oyunu nümayiş ediləndə də kompüterdə öz düzəltmə, süni komandalarını oynadırlar. Süniliyə bu aludəçiliyin səbəbini bilmək, izahını vermək çətindir. Şəxsən mən bu işdə acizəm və hərdən öz-özümdən soruşuram ki, indi 20-25 yaşında olanlar yaşadıqları qədər də yaşayandan sonra hansı xatirələrini danışacaqlar? Kompüter salonlarında keçirdikləri vaxtın “şirinliyinimi”, süni oyunlardakı “uğurlarınımı”?

Təzadlı və müəmmalı dövrdə yaşayırıq – insanlar min bir əziyyətə qatlaşıb özü kimi hərəkət edən robot düzəltməyə çalışır, ona illərini verir, məqsədinə çatanda qanad açıb uçmaq istəyir. Eyni zamanda da özü robot kimi hərəkətlər etmək üçün qan-tər tökür və süni adama bənzəyəndə yenə sevincindən az qalır qanad açıb uçsun.
Özündən bu cür uzaqlaşmaq, bütün mənəvi dəyərlərdən uzaqlaşmaq deyilmi? Təbiilikdən qaçmaq, süniliyə bu qədər can atmaq sonda nə ilə nəticələnəcək? İnsanlığı, ləyaqəti bizim üşün əlçatmaz etməyəcək ki?

Sizinlə mən idim...

Rövşən BİNNƏTLİ


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord