"Simurq" daha üç futbolçuyla müqavilə bağladı

XƏBƏR 4 Avqust 2009 / 13:59 1827
-  A +

Heyətini möhkəmləndirmək yolunda işlərini davam etdirən "Simurq" iki legioner futbolçu ilə müqavilə imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadın verdiyi məlumata görə, bir müddətdir komandanın düşərgəsində baxışda olan ukraynalı müdafiəyəmeylli orta xətt oyunçusu Andrey Sokolenko və Gürcüstan millisinin müdafiəçisi Teymuraz Qonqadze 1 illik müqaviləyə imza atıblar. 1978-ci ilin iyunun 8-də Simferopolda anadan olan Sokolenko karyerasına da yerli "Tavriya"da başlayıb. Ardınca "Prikarpatye", "Krivbass", "Volın" və "Obolon"da çıxış edən futbolçu iki dəfə legioner həyatı yaşayıb. Əvvəlcə Minsk "Dinamo"sunun, daha sonra isə Qazaxıstan "Aktobe"sinin uğurları üçün tər tökən Andrey karyerasının son illərini "Xarkov"da keçirib. Ukrayna yüksək liqasında 200-ə yaxın oyunda meydançaya çıxan Sokolenko 5 dəfə fərqlənməyi bacarıb. Onun həmkarı Teymuraz Qonqadze isə daha gəncdir. 1985-ci ilin mayında Tbilisidə anadan olan Teymuraz sağ cinah müdafiəçisidir və karyerası boyunca "Ameri" və "Olimpi"nin şərəfini qoruyub. Sonuncu komanda ilə bu mövsüm UEFA Avropa Liqası oyunlarında forma geyib və parlaq çıxışı ilə Gürcüstan yığmasının baş məşqçisi Ektor Kuperin də diqqətini cəlb edib.

Bundan başqa "Simurq" sonuncu mövsümü "Turan"da keçirən orta xətt oyunçusu Vüsal Qarayevlə də müqavilə imzalayıb. Tovuz futbol məktəbinin yetirməsi olan 1986-cı il təvəllüdlü futbolçu yerli komandadan başqa "Qəbələ"nin də şərəfini qoruyub. Qarayev "Simurq"la 1 illik müqaviləyə imza atıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı