«Hakimlərin idarəçiliyində irəliləyiş var»

«Hakimlərin idarəçiliyində irəliləyiş var»
XƏBƏR 3 Avqust 2009 / 17:17 1960
-  A +

Xəbər verdiyimiz kimi, Premyer Liqa oyunlarını idarə edəcək hakimlər hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Hazırlıqla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın saytına müsahibə verib.

- Əvvəlcə istərdik şəraitlə bağlı fikirlərinizi bildirəsiniz. Hakimlərin təlim-məşq keçdikləri yer sizi qane edirmi?
- Şəraitdən heç bir narazılığımız yoxdur. İlk iki gündə hakimlər adaptasiya dövrü keçdilər. Uyğunlaşma ilə bağlı bir az çətinliklər olsa da, artıq hər şey tam qaydasındadır. Məskunlaşdığımız otel dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Şübhəsiz, buraya uyğunlaşmaq üçün müəyyən çətinlikləri oldu.
- Hazırlıq prosesindən razısınızmı?
- Hazırlığımız planımıza uyğun davam edir. Sadəcə olaraq, oyunların başlama vaxtı planlarımızda müəyyən dəyişikliklər etmək məcburiyyəti yaradır. Bizim üçün əsas odur ki, oyunlar olsun. Qalan hər şey əvvəldən müəyyənləşdirdiyimiz plan üzrə gedir. Gündə üç dəfə məşq edirik. Qalan vaxtlarda nəzəri hazırlığa üstünlük veririk. Oyun olan günləri də həmin qarşılaşmaların təhlilini aparırıq.
- Referilərimizin çatışmayan əsas cəhətləri nələrdir?
- Hakimlərimizin idarə etdiyi oyunlarda psixoloji durumlarının qənaətbəxş olmaması əsas çatışmayan cəhət kimi özünü büruzə verir. Qalan hər şey qaydasındadır. Yəni irəliləyiş hiss olunur. İlk iki oyunda hakimlərimizin idarəçiliyi məni qane etməmişdi. Ola bilər kimlərinsə xoşuna gəlsin, ancaq bir peşəkar kimi hesab edirəm ki, ilk iki oyunda hakimlərimizin idarəçiliyi qənaətbəxş deyildi. Şübhəsiz, bunun da müəyyən səbəbləri vardı. Buraya uyğunlaşmaq problemini və hakimlərimizin yol yorğunu olmasını göstərmək olar. Təəssüflə qeyd edim ki, bu problemlər keçən il də var idi. Ötən il Qəbələdə olduqca yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Ancaq oyun təcrübəsi olmadığı üçün ilk üç turda bunun əziyyətini çəkdik. Ona görə də ölkə xaricində təlim-məşq toplanışı təşkil etdik ki, hakimlərimizin oyun praktikası olsun. Burada idarə etdikləri oyunların təhlilini aparıb, səhvləri aradan qaldıraq ki, Premyer Liqanın oyunlarında əziyyət çəkməyək. İnanıram ki, bu hazırlıq mərhələsinin faydasını çempionat oyunlarında görəcəyik. Referilərimizin idarə etdiyi son oyunlarda irəliləyişin olduğunu görürük.
- Nəzəri məşğələlərdə əsasən hansı mövzulara üstünlük verirsiniz?
- Əsas oyun qaydaları üzərində çalışırıq. Daha çox 11-ci, 12-ci, 13-cü oyun qaydaları – bu üç oyun qaydasında meydanda baş verən hadisələr əks olunub – müzakirə edirik. Yəni oyunçuların intizamsızlığı, cərimə zərbələri, oyundankənar vəziyyətlər və s. – əsas bunların üzərində dayanırıq. Bundan əlavə, əlimizdə FİFA-nın, UEFA-nın testləri var. Həmin testlər əsasında hakimlərimizi sınaqdan keçiririk. Premyer Liqa oyunlarından hazırladığımız videoroliklərə baxırıq. Hazırladığımız roliklər əsasında hakimlərimizi test edirik. Oyunların təhlilini aparırıq, diskussiyalar olur. Sevindirici haldır ki, diskussiyalarda hakimlər əvvəlki illərdən fərqli olaraq fəallıq göstərirlər, öz təkliflərini irəli sürürlər, epizodları müqayisə edirlər. Dediyim kimi, FİFA-nın, UEFA-nın hazırladığı videoçarxlara baxırlar. Bir növ imtahan kimi hər dərsdən bal toplayırlar və həmin balın əsasında topladıqları qiymətlə kimin nəzəri hazırlığının hansı səviyyədə olduğunu müəyyənləşdiririk.
- İki ildir Premyer Liqada laynsman olan Əliyar Ağayevin növbəti mövsümdən baş hakim kimi meydana çıxacağı gözlənilir. Sizcə, bu, riskli addım deyilmi?
- Artıq il yarımdan çoxdur müxtəlif ekspermentlər aparıram, risklər edirəm. Bəli, riskli addımdır. Tək Əliyar Ağayev deyil, bizim planımızda başqa yan xətt hakimi də var ki, gələcəkdə onu referi kimi görmək istəyirik. Bu, gənc və perspektivli Orxan Məmmədovdur. Əliyar Ağayev hələ referi deyil. Sadəcə olaraq, onu burada yoxlayırıq. İstedad hər yerdə özünü göstərməlidir. O, referi köməkçisi kimi özünü doğruldub. Hələ ötən mövsümün sonlarından onu referi kimi yoxlamağa başladım. Əvəzedicilərin və birinci dəstənin oyunlarında idarə etdiyi qarşılaşmalardan çox xoşum gəldi. Burada da onu referi kimi yoxlamaq istəyirik. Əgər idarə edəcəyi oyunlardan üzüağ çıxarsa, yəqin ki, baş hakim kimi çempionat oyunlarına təyinat alacaq.
- Artıq çəkisi, zədəsi olan hakimlər varmı?
- Hər səhər hakimlərin çəkiləri yoxlanır. Sevindirici haldır ki, hakimlərdə artıq çəki problemi yoxdur. Əksinə, elə hakim var ki, buraya gəldiyimiz gündən çəkisini azaldıb.
- Seminarlara, nəzəri dərslərə hansısa mütəxəssisin dəvət olunması gözlənilirmi?
- Hazırda planımızda belə bir şey yoxdur. Lakin Bakıdakı seminarlara İspaniyadan və ya Rusiyadan mütəxəssis dəvət etmək niyyətindəyik. Buradakı qrafikimiz dolu olduğundan onların burada mühazirə demələri çətinləşir. Çünki oyunların başlama vaxtı planlarımıza müəyyən mənada mənfi təsir edir. Mütəxəssislərin öz proqramları var. O proqramı müəyyən saat ərzində həyata keçirməlidir. Əgər oyunlar olacaqsa, həmin planı poza bilər. Ona görə də hansısa mütəxəssisi bura dəvət etməyin mənası yoxdur. Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovla birgə Avstriyada seminarda olarkən FİFA-nın ən son təlimatlarını, əlavələrini, izahlarını gətirdik. Həmin materialları qısa zaman ərzində tərcümə edib, bütün referilərə paylamışıq. Yəni nə yeniliklər mövcuddursa, onun hamısı bizim hakimlərimizdə var.
- Türkiyə Futbol Federasiyasından sizinlə əlaqə saxlayan olubmu?
- Hazırda Türkiyə Futbol Federasiyasının hakimləri də növbəti mövsümün hazırlığını davam etdirirlər. Hələlik əlaqə yaratmamışıq. Amma maraqlanırlar, misal üçün, Türkiyənin TRT-1 kanalı hakimlərimizin idarə etdiyi oyunları, məşq prosesini çəkməklə yanaşı, təlim-məşq toplanışından geniş reportaj hazırladı. Bu da hakimlərimizə olan marağı göstərir. Yəqin ki, TFF-nin seminarından sonra əlaqə yaradacağıq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı