Bu təkəbbürlə hara gedirsiniz?

Bu təkəbbürlə hara gedirsiniz?
YAZARLAR 17 Yanvar 2014 / 13:02 5456
-  A +

Doğrudan da Azərbaycanda futbol adamlarının mütləq əksəriyyəti həmişə təkəbbürlü olub: ta hələ uzaq 1966-cı ildən başlamış düz bugünkü dövrümüzə qədər. “Neftçi” nə vaxtsa tarixində SSRİ çempionatında vur-tut bir mükafat - bürünc medal qazanıb, üstündən düz 48 il ötüb, amma bu 48 ildə hətta sovet futbolunun özü üçün böyük sayılmayan bu nailiyyətlə hələ də yatıb duran, xəyal quran, “mən bu olmuşam, bəs sən kim olmusan” düşüncəsiylə yaşayan futbolçular var.

Elə həmin “Neftçi”nin varisləri iki il öncə Avropa Liqasının qrup mərhələsinə düşüb, komandanın əksər üzvləri isə bugünə qədər o uğurun eyforiyasından çıxa bilməyiblər. “Qarabağ”a uduzurlar “Biz Avroliqanın qrupunda oynamışıq deyirlər”, AZAL-a məğlub olurlar, yenə eyni sözlər. Yox, “Neftçi”nin bu tarixi göstəricisinə qətiyyən kölgə salmaq fikrində deyiləm. İstənilən insanla da mübahisəyə hazıram. Avropa Liqasının qrup mərhələsinə düşməklə “ağ-qaralar” Azərbaycan futbolunun 103 illik tarixinin ən böyük uğuruna imza atıb və bu uğurda zəhməti, əziyyəti olan hər kəs həmişə minnətdarlıqla xatırlanmalıdır.

Amma bunu az qala hər açıqlama və müsahibədə dönə-dənə qabartmaq, yumşaq desəm, qeyri-təvazökarlığın, ən azı həmkarlarına yuxarıdan aşağı baxmağın göstəricisidir. Bunlar hələ qrupa düşüb belə edirlər, gör, məsələn, büdcəsi “Neftçi”dən dəfələrlə az olan Belarus BATE-si kimi üç dəfə Çempionlar Liqasının qrupunda oynasaydılar, Moldova “Şerif”i kimi Avropa Liqasının qrup səddini də aşıb 1/16 finala çıxsaydılar, nələr olardı, nələr...

Yeri gəlmişkən, sözüm təkcə “Neftçi”yə aid deyil. Həm də Avropada oynamış bütün klublara, milli komandanın doqquz xal toplamasına “böyük uğura imza atdıq” kimi absurd qiymət verənlərədir. Dəfələrlə deyilib, bir dəfə də mən qeyd edim: bizim futbol adamlarının nəhayət, yuxudan ayılmaq, öz-gözlərinə su vurub, güzgüyə, daha doğrusu, televiziyaya diqqətlə baxıb Avropa futbolunda yaşananlarla yaxından maraqlanmalarının vaxtıdır ki, başa düşsünlər...

Futbolumuzdakı bu boyda iqtisadi güclə biz Avropa futbolunda heç nəyə nail olmamışıq, heç nəyə. Hə, “Neftçi”nin Avroliqanın qrupuna düşməsi Azərbaycan üçün bir ilkdir, həqiqətən uğurdur, amma bəşər futbol tarixi üçün sıradan hadisədir. Eynilə “Qarabağ”ın düz üç dəfə Avroliqanın “pley-off” mərhələsinə gəlməsi də.

Fürsət düşmüşkən, AFFA rəhbərliyinə də qısa bir müraciətim var. Rövnəq Abdullayevin başı qarışıqdır, anlayıram, amma hörmətli Elxan müəllim, qiymətli vaxtınızdan 2-3 dəqiqə ayırıb Foqtsa bildiyi dildə anladın ki, heç olmasa sizi və sizdən vəzifəcə daha yüksəkdə dayanan cənabları ələ salmasın. Yekəxanalıq və dikbaşlıq edib altı ilə yaxındır qara camaatı - azarkeşləri saymır bunu başa düşdük, bəs, sizlərlə – möhtərəm zati-həzrətləri ilə  alıb-verməyəcəyi nədir ki, “mən Azərbaycan millisinin “Avro-2016”nın final mərhələsinə çıxacağına söz verməmişəm” - deyir. Deyib axı. Foqts da deyib, hələ üstəlik Rövnəq Abdullayev də.

İndi cavab verin görək, Foqts niyə burdan-bura sizlərə kələk gəlir, verdiyi vəddən qaçır?

Düzdü, onsuz da Azərbaycan milli komandası (iki-üç futbolçunu çıxmaqla) o bacarığın və qabiliyyətin yiyəsi deyil ki, “Avro-2016”ya gedə. Gərək ki, AFFA prezidentindən fərqli olaraq, siz bu haqda bir dəfə də vəd verməmisiz. Ağıllı və uzaqgörən adamsız. Həqiqi sözümdür. Amma o qoca kişiyə başı salın, heç olmasa, bu ağsaqqal yaşında bir az ciddi olsun.

Ciddi və səmimi olmayanda adam gözdən düşür. “Neftçi”nin o lider futbolçuları kimi... Nazim Süleymanov bir həftə deyil istefaya gedib, əleyhinə danışmaq üçün, az qala növbəyə düzülüblər. “Onun taktikası bir işə yaramırdı”, “Nazim Süleymanov sərt deyildi” və sair və ilaxır. Başa düşdük, hansısa futbolçu Nazim Süleymanovu qəbul etməyib, amma sözü ya zamanında (o baş məşqçi işləyərkən) demək, ya da ən azı birgə çalışdığınız o 2-3 ayın, bu müddətdə kəsdiyiniz duz-çörəyin xatirinə susmaq lazımdır.

Növbəti yazıda görüşənədək.

Aydın BAĞIROV

E-mail: [email protected]


 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər