Xaqani Məmmədov: “Məşq cədvəlimiz daha da gərginləşəcək”

Xaqani Məmmədov: “Məşq cədvəlimiz daha da gərginləşəcək”
XƏBƏR 29 İyul 2009 / 20:26 2295
-  A +

İyulun 28-dən etibarən Premyer Liqa oyunlarını idarə edəcək hakimlər Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışındadır. Avqustun 7-də başa çatacaq hazırlıq prosesinin ilk günləri barədə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın saytına fikirlərini bildirib:
"Boluya çatandan cəmi 2 saat sonra bizə oyun olduğunu dedilər və hakimlər briqadası istədilər. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Biz də bunu nəzərə alaraq, hakimlərimiz haqda yaxşı fikir formalaşdırmaq, yerli klubların rəğbətini qazanmaq üçün bu qarşılaşmaya qabaqcıl hakimlərimizdən Anar Salmanovu təyin etdik. Sözün açığı, bu oyundakı hakimlik xoşuma gəlmədi. Oyunun təhlili zamanı hakimlər idarəçiliklə bağlı öz iradlarını bildirdilər. Düzdür, yaxşı cəhətləri də vurğuladılar, ancaq təəssüflə qeyd edim ki, mənfi qeydlər daha çox idi. Qarşıda 10 günümüz var. Bunun üzərində işləyəcəyik. Təbii ki, zəif idarəçiliyin bir sıra səbəbləri var idi; uzaq məsafə qət etməkdən irəli gələn yorğunluq və s. Lakin bu, heç də əsas vermir ki, hakimlər hər hansı oyunu pis idarə etsinlər. Bu gün hakimlərimiz daha bir oyun idarə etdilər. Birinci qarşılaşma ilə müqayisədə, ikinci oyunda hakimliyin səviyyəsi nisbətən yaxşı idi. Əslində, Rövşən Əhmədovun da idarəçiliyi məni razı salmadı. Biz bütün səhvləri təhlil edib, həlli istiqamətində işlər görəcəyik. Təki çempionatdakı oyunlarda səhvlər olmasın. Hakimlərimizin idarə etdiyi bütün oyunlar lentə alınır. Biz həmin oyunların videoyazısına axşamkı dərslərimizdə baxır, buraxılan səhvləri təhlil edirik. Hazırlığımız plana uyğun davam edir. Səhər 08:30-dan 09:30-dək fiziki hazırlıq üzərində çalışırıq. Saat 12-də ikinci məşqimiz olur. Saat 15:00-da nəzəri məşğələlər keçirik. Saat 18:00-dan 19:30-dək axşam məşqimiz olur. Saat 21:00-dan 22:30-a qədər hakimlərimizin idarə etdiyi oyunlar təhlil olunur və nəzəri məşğələlər keçirilir. Getdikcə məşq cədvəlimiz bir qədər də gərginləşəcək".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın