Coko Haciyevski: “Bu dəqiqə pul qazanmaq yox, mərhələ keçmək barədə düşünürük"

Coko Haciyevski: “Bu dəqiqə pul qazanmaq yox, mərhələ keçmək barədə düşünürük"
MÜSAHİBƏ 27 İyul 2009 / 13:45 4091
-  A +

 “Bakı”nın baş məşqçisi Coko Haciyevski sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk qarşılaşması öncəsi Bolqarıstanın “7 dney sport” nəşrinə müsahibə verib

Cənab Haciyevski, “Ekranas” üzərində çox möhtəşəm bir qələbə qazandınız. Sizcə, “Bakı” bu gedişlə haraya qədər gedə biləcək?
- Verdiyniz qiymət üçün təşəkkür edirəm. Mən də hesab edirəm ki, biz bu cür qələbəyə tam layiq idik. Qarşıda bizi “Levski” ilə çətin oyunlar gözləyir. Bu rəqibin necə böyük, nizam-intizamlı və köklü bir klub olduğunu gözəl bilirəm. Azərbaycanda isə futbol yeni-yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada futbola böyük sərmayələr yatırılmağa başlanıb. Klublar çox sürətlə əcnəbi futbolçuları heyətlərinə dəvət edirlər. Amma bunu da normal qarşılayıram. Bizim də heyətimizdə kifayət qədər əcnəbi futbolçu oynayır. Qələbəyə olan inamımızı gizlətmək istəmirəm. Hər komandada bu inam olmalıdır. Fərqi yoxdur, o zəifdir, ya, güclü. Rəqibi də qiymətləndirirəm. Dediyim kimi, “Levski” keçilməsi asan olan komanda deyil
Azərbaycanda bolqar futboluna olan münasibət necədir?
- Çox yaxşı. Bolqarıstan futbolunun səviyyəsi haqqında hamının məlumatı var. Burada xeyli bolqar futbolçular oynayıblar və indi də oynayırlar. Hansı ki, onlar bir vaxtlar “Levski” və ÇSKA-nın heyətində avrokuboklarda da çıxış ediblər.
“Levski” ilə oyun öncəsi “kəşfiyyat” işləriniz necə gedir?
- Rəqibimiz olacağını bildiyimiz ilk gündən “Levski” haqqında məlumat toplamağa başlamışıq. Əslində, Sofiya klubu haqqında yetərincə informasiyam var idi və bu klubu çox yaxşı tanıyıram. 2 il Bolqarıstanda işləmişəm. Orada xeyli dostlarım var ki, onların arasında “Levski” təmsilçiləri də az deyil.
Oyun öncəsi komandaların şanslarını necə qiymətləndirərdiniz?
- Mən komandaların şanslarını faiz dərəcələri ilə ölçmək istəmirəm. Çünki bu, bir çox səbəblərdən irəli gəlir. Kağız üzərində “Levski” favorit görünə bilər. Bizə gəlincə, hazırda Azərbaycanda hər kəs böyük eyforiyaya qapılıb və çox böyük atmosfer var. Bizim qələbəmizin üzərinə “Qarabağ”ın “Rusenborq” üzərindəki qələbəsi də əlavə olununca, bu atmosfer daha da artdı. İndi hər kəs bizdən növbəti zəfəri gözləyir. Bu mənada, “Levski”yə qarşı olduqca diqqətli və ağıllı oynamağa məcburiyyətindəyik. Komanda olaraq qəti eyforiyaya qapılmaq olmaz. Odur ki, “Ekranas”la matçdan dərhal sonra komandanı toparlamağa başladım.
Yeri gəlmişkən, “Ekranas” oyunlarda komandanız qapısından 4 top buraxdı. Bu, müdafiə xəttinizdə problemlərin olduğunu göstərmir ki?
- Bu 4 qoldan 3-nü 90-cı dəqiqəyə yaxın ondan sonrakı dəqiqələrdə buraxmışıq. Həmin qollardan biri qapımıza olmayan penaltidən sonra vurulmuşdu. Digər ikisi isə haradasa rəqibin gücündən yox, bizim arxayınçılığımızdan qaynaqlandı. Məsələn, Bakıdakı qarşılaşmada hesab 3:0 və 4:1 olduqdan sonra arxayınlaşdıq, bir az boşaldıq ki, rəqib də bunun nəticəsində qapımıza yol tapdı. Bir sözlə, deməzdim ki, müdafiə xəttimiz zəifdir.
Sabahkı rəqibinizin zəif və güclü tərəflərini bilirsiniz?
- Təbii, hər bir rəqibin zəif tərəfləri də var, güclü tərəfləri də. Bu mənada “Levski” də istisna deyil. Məsələn, “Santa Julya” ilə oyunlarda bolqarlar çox hücum elədilər və bacardıqları qədər qollar vurdular. Həmin qolların əksəriyyəti isə ilk hissədə vurulub. Amma burada rəqibin gücünü də nəzərə almaq lazımdır. Məsələn, Litva çempionu səviyyəcə Andorra çempionundan çox üstündür.
Deyəsən oyun öncəsi ciddi itkiləriniz var?
- Bəli, əsas qapıçımız Xalidu Sissoko ilə gənc hücuçumuz Bəxtiyar Soltanov sabahkı qarşılaşmanı buraxacaqlar. Əlbəttə, onların oynamaları bizim üçün çox yaxşı olardı. Bununla belə, narahat olmağa əsas yoxdur. Bizim 23 futbolçumuz var və onlar hər an komanda yoldaşlarını əvəzləyəcək gücdədirlər.
Bizə elə gəlir ki, oyun günü Tofiq Bəhramov adına stadion yenə ağzınacan dolu olacaq. Siz necə düşünürsünüz?
- Bəli, mən də belə düşünürəm ki, oyun günü tribunalar tam dolu olacaq. Elə sizin komandanın məşqçisi Zdravkov bir həftə öncə Bakıdakı atmosferi gördü. O, da bundan heyrətə gəldi və bildirdi ki, 30 000 minlik kütlə “Levski”nin əlehinə olan çox böyük bir faktordur.
Bolqarıstanda da məşqçi kimi işləmisiniz. Bu mənada Bolqarıstan futbolu ilə Azərbaycan futbolunu necə müqayisə edə bilərsiniz?
- “Levski” Çemponlar Liqasının qrup mərhələsində oynamış bir komandadır. Şəxsən mən onların “Verder”lə oyunlarını canlı olaraq stadiondan izləmişdim. “Levski”dən başqa Bolqarıstanın “Liteks”, “Lokomotiv”, “ÇSKA, “Çerno More” kimi köklü klubları da var. Azərbaycanda isə belə deyil. Burada Avropada futbol adət-ənənələri ilə öyünə biləcək tək klub var o da “Neftçi”dir. Son illər Azərbaycanda futbola böyük pullar qoyulsa da hələ ki, uğur əldə olunmur. Bu mənada Bolqarıstan Azərbaycandan üstündür. Bu arada amma bir şeyi də qeyd etməyə bilmərəm. “Rusenborq”la “Qarabağ” arasında da infrastruktur, büdcə, futbolçuların səviyyəsi baxımından böyük fərqlər var idi. Amma Azərbaycan klubu sübut etdi ki, bəzən ad heç də həlledici rol oynamır.
“Levski”nin baş məşqçi postunda dəyişiklik baş verdi. Bu sizin üçün üstünlük sayıla bilər?
- Bunu deyə bilmərəm. Emil Velevin nəyə görə postundan ayrıldığını da deyə bilmərəm.
Aleksandr Tomaş çərşənbə axşamı meydana çıxa biəcək?
- O, çox yaxşı və bizim güvəndiyimiz bir futbolçudur. Amma hazırda zədədən əziyyət çəkir. Oynayıb oynamayacağı ilə bağlı isə sizə bir söz deyə bilməyəcəm.
Qalib gələcəyiniz təqdirdə klub rəhbərliyi tərəfindən nə qədər mükafat alacaqsınız?
- Sözün düzü, bunu bilmirəm. Şübhəsiz bu, çox yaxşı bir məbləğ olacaq. Çünki “Bakı” rəhbərliyi həmişə futbolçuların zəhmətini qiymətləndirib. Amma açığını bilmək istəyirsinizsə, müfafat bu dəqiqə məni qəti maraqlandırmır. Bizim üçün vacib olan “Levski” səddini keçməkdir. Bu dəqiqə mərhələ keçmək haqqında düşünürük, pul haqda yox.
“Levski”nin heyətində ən güclü futbolçu kimi hesab edirsiniz?
- Elin Topuzakovla Georgi Petkovun adlarını çəkərdim. Hər ikisinin kifayət qədər beynəlxalq təcrübəsi var və Bolqarıstan milli komandanın da şərəfini qoruyublar. Onlardan başqa, Darko Tasevski, Niki Dimitrovun da adlarını çəkərdim. Xristo Yovov ola bilər indi optimal formada olmasın, amma, o da yaxşı futbolçudur. Braziliyalı Joaziniyonu da unutmaq olmaz.  
Bolqarıstanda isə sizin braziliyalı hücumçunuz Felipe Feliks Almeydaya böyük diqqət və hörmət var.
- Felipe həqiqətən də çox süviyyəli futbolçudur. Amma unutmayın ki, dəstək olmadan heç bir futbolçu təkbaşına heç bir şey edə bilməz. Bir sözlə, bizdə diqqət yetirməli digər güclü oyunçular da var.    

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı