Xuraman Şuşalı: “AFFA-dan dəvət gözləyirəm”

Xuraman Şuşalı: “AFFA-dan dəvət gözləyirəm”
MÜSAHİBƏ 12 Dekabr 2008 / 13:30 15594
-  A +

Bu gündən saytımızda "Məhşurlarla futbol" adlı yeni bir rubrika fəaliyyət göstərəcək. Rubrikanın qonaqları ölkənin tanınmış simaları, şou-biznesin tanınmış nümayəndələri olacaq. Onlarla ölkə və dünya futbolu haqqında söhbətlər aparacağıq.İlk müsahibimiz tanınmış müğənni Xuraman Şuşalıdır.

- Xuraman xanım, ilk öncə sizi salamlayır və öyrənmək istəyirik ki, futbola münasibətiniz necədir?
- Futbola münasibətim olduqca yaxşıdır. Doğrudur, matçları elə də izləmək imkanım olmur, amma ümumiyyətlə, bir idman kimi mənim üçün cəlbedicidir.
- Heç futbol oynamısınız?
- Məktəbli vaxtlarında həmişə futbol oynamışam, həmişə də cəld olduğum üçün məni qapıçı qoyardılar. Amma qapıda durmaqdan zəhləm gedirdi.
- Azarkeşlik necə, etmisinizmi?
- Əlbəttə. Bilirsiniz ki, mən İncəsənət gimnaziyasında oxumuşam və o dövrdə həmişə komandamızın oyunlarına azarkeş kimi getmişəm.Hər oyundan sonra da səsim çıxmırdı, o dərəcədə azarkeşlik edirdim (Xuraman xanım o günləri yadına salıb bir-iki dəfə “qoool”deyə qışqırdı da - G.D.)
- Onda yəqin ki, oğlan doğulsaydınız, futbolçu olardınız?
- Yox, olmazdım. Düzdü onlar da yaxşı pul qazanır, ancaq, ayaqları əyri olur, əyriayaq olmaq istəməzdim (gülür). Aman Allah, bunu yazmayın, məndən inciyəcəklər. Hamısına demədim ki.
- Millinin və ya klublarımızın oyunlarına getmisiniz?
- Yox. Çünki, çox adam olur və basabasdan qorxuram. Amma AFFA dəvət etsəydi, oyunlara məmnuniyyətlə gedərdim!
- Xuraman xanım, ümumiyyətlə hansı komandalarımızı tanıyırsınız?
- Komandalar?!... (fikirləşir) «Qarabağ», «Lənkəran,» «Neftçi», «Bakı», «Karvan»… Hə, deyəsən, «Xəzər» də var. Bu qədər.
- Dediniz ki, futbolçularımız yaxşı qazanırlar. Bəs, sizcə, indi futbolumuzda nə çatmır?
- Düzdür, pul qazanırlar, amma məncə yetərli deyil. Yəni necə bizdə müğənnilər qazanır, ancaq hər hansı bir proyekt üçün daha çox vəsait tələb olunursa, futbolda da elədir. Son vaxtlar futbola qayğı artıb, yeni komandalar yaranır, ancaq, məncə bir az daha stimul, azarkeş sevgisi, dövlət qayğısı olsa, daha yaxşı olar. Daha çox sərmayə pis olmazdı.
- Futbol və şou-biznes arasında başqa nə oxşarlıqlar görürsünüz?
- Məncə futbolumuzda da bir-birinin ayağının altını qazmaq, kimisə qabağa getməyə qoymamaq kimi cəhdlər var. Bütün bunlar olmasa, daha yaxşıdır.
- Futbolçularla münasibətiniz necədir?
- Əla. Mənim futbolçu dostlarım çoxdu.
- Bəs, daha yaxın münasibətdə olduğunuz varmı?
- Sevgili deyirsiz? Eləsi yoxdu. Eh, elə olsaydı komandaların adını səhv deyərdim heç?!
- Futbolla bağlı hər hansı proyektiniz varmı?
- Bir proyekt düşünürəm. Köhnə bir mahnı var, amma adını deməyəcəm, bax, o mahnını yenidən oxuyub, yeni aranjimanda təqdim etmək istəyirəm.
- Sonuncu sualım: Azərbaycan futboluna nə arzu edərdiniz?
- İnşallah, bizim futbolumuz da dünya futbolu səviyyəsinə çatar və söz verirəm, onda bilet alıb, ön sıralarda özümüzkülərə dəstək olanlardan biri də mən olacağam.
Gülqız DADAŞOVA

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı