Rəşad Sadıqov: “Bu gün biz “Rusenborq”la oyunda 90 dəqiqə hücum futbolu oynayacaq gücdə deyilik”

Rəşad Sadıqov: “Bu gün biz “Rusenborq”la oyunda 90 dəqiqə hücum futbolu oynayacaq gücdə deyilik”
MÜSAHİBƏ 18 İyul 2009 / 16:45 3736
-  A +

- “Rusenborq” kimi güclü rəqiblə oyundan belə nəticə gözləyirdin?
- Rəqibin oyununu hərtərəfli təhlil etmişdik. Onların iştirakı ilə keçirilən matçların videoyazısına baxmışdıq. Baş məşqçimiz də bizə rəqib haqda dolğun məlumat vermişdi. Bir sözlə, kimə qarşı oynayacağımızı çox gözəl bilirdik. O ki qaldı oyuna, uşaqlar bütün güclərini meydanda qoydular. Rəqibin ad-sanından çəkinmədik. 90 dəqiqə ərzində vuruşduq və lazımı nəticəni qazandıq.
- İlk oyunda komanda əsasən müdafiə olundu. Əsas məqsədiniz səfərdən qolsuz bərabərliklə qayıtmaq idi?
- Həqiqətən də əsas diqqətimizi müdafiəyə yönəltmişdik. Rəqibin gücünə görə, belə oynamağa məcbur idik. Çox istəyirdik ki, qol vuraq. Ancaq rəqib buna imkan vermirdi. Qol vurmaq imkanlarımız oldu. Hətta ilk hissədə Vüqarın şansı vardı, ancaq rəqib qolkiper səhvsiz oynadı. Amma gəlin etiraf edək ki, bu gün biz "Rusenborq"la oyunda 90 dəqiqə hücum futbolu oynayacaq gücdə deyilik. Bunu bacarsaydıq, hamımız gedib Avropada oynayardıq.
- Orada sizə qarşı olan münasibət necəydi?
- Hər şey normal idi. Heç bir problemlə qarşılaşmadıq. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu.
- Rəşad, cavab oyunundan nə gözləyirsən? Bilirsən ki, iyulun 23-ü Ağdamın işğal günüdür. Belə bir gündə hamı sizdən nəticə gözləyəcək.
- Çox çətin olacaq. Çalışıb, öz oyunumuzu oynamalıyıq. Bundan başqa, daha yaxşı oynayaraq qol da vurmalıyıq. Əvvəlcədən nəticə haqda düşünmək olmaz. Ona görə ki, bu, adamı təzyiq altına salır.
- Səncə “Rusenborq”un qapısına necə yol tapmaq olar?   
- İlk növbədə yenə də daha çox müdafiəyə diqqət yetirməliyik. Kollektiv oyun göstərib, kəsərli hücumlar da təşkil etməliyik. Oyun ağır olacaq. Azarkeşlərimizi oyuna çağırıram. Onların köməyinə böyük ehtiyacımız var.
- Ümumiyyətlə, rəqibin oyununu qısa olaraq, necə xarakterizə edərdin?
- İlk növbədə deyim ki, “Rusenborq” əsl Avropa futbolu oynayır. Müdafiədən hücuma çox tez, ani olaraq keçirlər. Uzun, amma dəqiq ötürmələrdən istifadə edirlər. Cinahlardan cərimə meydançasına ötürmələr də çox təhlükəli alınırdı.
- Amma əlbəttə ki, qapınız ağzında əsas təhlükə standard vəziyyətlərdən sonra yaranırdı…
- Hə, standard vəziyyətlər çox təhlükəli alınırdı. Ümumiyyətlə, standard vəziyyətlər hər zaman bizim üçün problem olub. “Rusenborq” da standard vəziyyətlərdən lazımınca istifadə etməyə çalışırdı. Özü də nəzərə almaq lazımdır ki, skandinaviyalılar hava ötürmələrində çox təhlükəli olurlar. Amma onların qarşısını kəsə bildik. Çətinliklə də olsa, qapımızın toxunulmazlığını qoruya bildik. İndi eyni uğuru Bakıdakı oyunda təkrarlamalıyıq.  
- “Qarabağ”la müqavilən 2 oyunluqdur. Əgər komanda növbəti mərhələyə yüksəlsə necə olacaq?
- Təki mərhələ adlayaq. Bundan sonra düşünərik.
- Sizdən öncə mübarizəyə qoşulan “Bakı” da ilk matçda səfərdə uğurlu nəticə qazandı.
- Hə, bu haqda məlumatımız var. Biz Norveçdə olanda eşitdik ki, “Bakı” son saniyələrdə qələbəni əldən verdi. Əlbəttə ki, bu təəssüf doğurur. Amma ruhdan düşməyə dəyməz. İnşallah, burdakı oyunda “Bakı” qalib gələrək, növbəti mərhələyə yüksələr. “Bakı”nın çox güclü heyəti var. Baş məşqçiləri, rəhbərliyi - bir sözlə əsl komanda kimi formalaşıblar. Cavab matçında onlara da uğurlar arzulayıram.  

 

Daha çox


Son xəbərlər