Şahin Diniyev: “Hər bir futbolçu səhərdən axşamadək məşq etməlidir ki, səviyyəsini qaldıra bilsin” (Müsahibə)

Şahin Diniyev: “Hər bir futbolçu səhərdən axşamadək məşq etməlidir ki, səviyyəsini qaldıra bilsin”  (Müsahibə)
MÜSAHİBƏ 3 İyul 2009 / 14:11 3540
-  A +

- Komanda rəhbərliyim altında 12 rəsmi oyun keçirib. Təbii ki, bu oyunların arasında yaxşıları da olub, pisləri də. Xüsusən də Moskvada “Lokomotiv”ə qarşı keçirilən matç uğursuz alınıb. Amma digər oyunlarda komanda pis görünməyib. Hazırda turnir cədvəlində səkkizinci pillədə qərarlaşmışıq. Hesab edirəm ki, biz daha yuxarı pillələrə layiqik. Komandada oynayan futbolçuların potensialı imkan verir ki, yuxarı pillələrə yüksələk. Hazırda komandada bir qədər stabillik, öz gücünəinam çatışmır. Hesab edirəm ki, hazırda çempionatda yaranan fasilədən istifadə edərək, keçirdiyimiz təlim-məşq toplanışı bu problemlərin aradan qalxmasına kömək olacaq. Hər oyuna qələbə əzmi ilə çıxmaq lazımdır. Futbolçu qələbə qazanmaq üçün gərək xarakter nümayiş etdirsin, hər epizodda canını qoysun.
Kislovodskdakı təlim-məşq prosesi çərçivəsində artıq bir oyun keçirmişik. Hesab edirəm ki, Nalçik “Spartak”ına uduzmağımıza baxmayaraq, komanda yaxşı formadadır. Oyunçular məşqlərdə bütün güclərini nümayiş etdirirlər. Bütün bunlara görə də hesab edirəm ki, komandamız turnir cədvəlində daha yuxarı pillələrə qalxacaq. Amma unutmaq lazım deyil ki, ötən il komanda mövsüm boyu keçirdiyi 30 oyunda cəmi beş qələbə qazanmışdı. Bu gün isə 12 matçdan sonra komandanın aktivində 5 qələbə var. Bu isə o deməkdir ki, komandada irəliləyiş var. Amma bir daha təkrarlayıram ki, komandanın potensialı daha yuxarı pillələrə qalxmağa imkan verir. Bunun üçün isə hər bir futbolçu səhərdən axşamadək məşq etməlidir ki, səviyyəsini qaldıra bilsin.
- Komandanı gücləndirmək barədə düşünürsünüz? “Transfer pəncərəsi” bağlananadək komandaya yeni futbolçu qoşulacaq?
- Biz bütün il ərzində seleksiya işlərini davam etdiririk. 1989/90-cı il təvəllüdlü futbolçuların arasında yaxşıları var. Amma biz seleksiya işinə indi yox, hələ yanvardan başlamışıq. Həmin vaxt komandanın düşərgəsində 100-ə yaxın gənc oyunçu var idi. Gənc çeçen oyunçuları sınaqdan keçirdik. Həm də Rusiyanın digər regionlarında oynayan çeçen futbolçuların komandaya cəlb olunması yolunda işlər aparırıq. Bir ay əvvəl növbəti yoxlanış prosesini keçirdik. Komandada İspaniya, Belçika və Moskvada məşq edən gənc oyunçular baxışda oldu. Budəfəki təlim-məşq prosesinə onların arasından seçdiyimiz 4 futbolçunu cəlb etmişik ki, həmin oyunçular da 1993-94-cü il təvəllüdlüdürlər. Onlar perspektivli olduqlarından, gələcək üçün hesablanıblar. Mən klub rəhbərliyinə də təşəkkür edirəm ki, bizə hazırlıq keçmək üçün bütün lazımı şəraiti yaradıblar. Mən istədiyim qədər oyunçunu hazırlıq prosesinə apara bilirəm. Düşərgədə xeyli sayda futbolçu var idi. Buna görə də ikitərəfli oyun keçirdik və ən yaxşıları seçdik. Komandamızın qapısı hər bir gənc futbolçunun üzünə açıqdır. Hər bir oyunçunu sınaqdan keçirməyə hazırıq. Həm də kimsə bizə desə ki, haradasa yaxşı, perspektivli oyunçu var, gedib həmin gəncin də oyununa tamaşa etməyə hazırıq.
- Çıxış etdiyiniz çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Bir sözlə bütün nüansları birləşdirmək olar - səviyyə çox yüksəkdir. Yarışın təşkilatçılığının yüksək səviyyədə olması məni sözün yaxşı mənasında təəccübləndirdi. Bizim klub başda olmaqla digər klubların rəhbərləri də əvəzedici komandaya böyük diqqət ayırırlar. Öz klubumuzdan deyə bilərəm ki, bizdə heç bir baxımdan problem yoxdur. İdman formaları, məşq preparatları, nəqliyyat, hazırlıq keçmək üçün təlim-məşq toplanışları – bir sözlə hər şey yüksək səviyyədə həll olunur. Oyunların da səviyyəsi çox yüksəkdir. Məhz bunun nəticəsidir ki, əksər klubların əvəzedici komandadan olan oyunçuları əsas heyətdə də meydana çıxırlar. Əvəzedici heyətdə oynayan gənc oyunçuların əksəriyyətini yaxın gələcəkdə premyer-liqada görə biləcəksiniz.

Mənbə: fc-terek.ru  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı