Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının Baş Assambleyasının toplantısına dəvət alıb

Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının Baş Assambleyasının toplantısına dəvət alıb
XƏBƏR 26 İyun 2009 / 13:20 2307
-  A +

“Bakı” futbol klubunu UEFA-nın püşkatma mərasimində təmsil edən Nəriman Mehdiyev klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.


- Azərbaycan qitəmiqyaslı yarışlarda təmsil edən bütün klublar - “Bakı”, “Garabağ”, “Simurq” və “İnter”in uğurlu çıxış etmək imkanları var. Əlbəttə ki, “Qarabağ”ın payına daha təcrübəli, daha səviyyəli komanda düşüb, bununla belə Ağdam klubu da özünü sübut etmiş komandadır. Təkcə onu xatırlamaq kifayətdir ki, “Qarabağ” ötən mösümün müqəddəratını həll edilən oyunların heç birində məğlub olmayıb. Bu komanda xarakterini nümayiş etdirib. Norveç klubu ilə iki raundlu qarşıdurmada istənilən nəticə qeydə alına bilər. Hətta ən optimist “Rosenborq” azarkeşi belə komandasının 100% tur keçəcəyini iddia edə bilməz.
“Bakı”, “İnter” və “Simurq”un ilk mərhələni keçəcəyinə inanıram. Potensial rəqiblərimizlə püşköncəsi söhbətlərimizdən belə bir qənaətə gəlmək olardı ki, bir çox klublar Azərbaycan komandalarını rəqib kimi görmək istəmirlər. İnanın ki, bu bir həqiqətdir. Bizim klublar artıq Avropada turist kimi deyil, ciddi rəqib kimi qəbul olunur. Təbii ki, bu sevindirici amildir və klublarımızın artan nüfuzundan xəbər verir. Böyük ənənələri və tarixi olan “Rosenborq”u çıxmaq şərti ilə digər rəqiblərimiz heç də püşkün nəticəindən məmnun görünmürdülər.
Ölkəmizin adı olan yerdə bütün Azərbaycan klubları yumruq kimi birdirlər. Məsələn, “Qarabağ” futbol klubunu Nyonda keçirilən püşkatma mərasimində “Bakı”nın baş meneceri Zeynal Məmmədov təmsil edirdi. Mən onun şahidi oldum ki, dost komandanı təmsil edən baş menecer UEFA liqasının püşkatmasında “Bakı”nın rəqibini təyin edən püşkdən daha həyəcanlı idi. Bu bizim milli koloritimizdən doğan bir xüsusiyyətdir. Klublarımız nə qədər sıx əməkdaşlıq etsə, bu bir o qədər faydalıdır. Əmin olun ki, Azərbaycan klubları bir-birlərinə dəstək olmaqdan zövq alırlar, əsas məqsəd ölkəmizin reyting cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, hesabat xalları toplamaq və mümkün qədər irəli getməkdir. Azərbaycan klublarından hansınınsa Avropa trofeyinə sahib çıxacağını iddia etmək sadəlövhlük olar, bunun üçün uzun illər tələb olunur. Biz isə hələlik bu yolun başlanğıcındayıq.
- “Bakı” klubunun Avropa Klublar Assosiasiyasına üzvlüyü proseduru necə həyata keçirildi? Ümumiyyətlə ECA nədir və quruma üzv olmaq klubumuza hansı üstünlüklər və perspektivlər vəd edir?
- Daha əvvəllər G-14 və Avropa Klublar Forumu kimi tanınan Avropa Klublar Assosiasiyası (ECA) 2008-ci ildə rəsmi şəkildə UEFA və FİFA tərəfindən tanınıb. Baş Assambleya 34 Avropa ölkəsinə aid 137 klubunun birliyidir. Münhen “Bayern”ını bu mötəbər təşkilatda Karl Haynz Rummenige təmsil edir. Dünyanın ən güclü futbolçusuna təqdim olunan "Qızıl top"un ikiqat sahibi, uzun illərin əfsanəvi futbolçusu 2008-ci ildən Assosiasiyanın Baş Assambleyasının sədridir. “Barselona” prezidenti Xuan laporta sədrin birinci müavini postunu tutur. Sədr müavini mövqeyində isə Umberto Gandini (“Milan”) çalışır. Peter Kenyon (“Çelsi”), Ernesto Paolillo (“İnternasionale”), Fernando Gomeş (“Porto”), Jan Mişel Aulas (“Olimpik Lion”), Ramon Kalderon (“Real” Madrid), Rik Perri (“Liverpul”) və digərləri idarə heyətinin üzvləridirlər. Bunları sadalamaqda məqsədim qurumun nüfuzu və çəkisini diqqətə çatdırmaqdır.
ECA klublar və futbolçuların hüquqlarının keşiyində duran bir qurumdur. Qlobal və transmilli futbol turnirlərinin təşkilində xüsusi sözə malik olan ECA üzünmüddətli yarışların futbolçuların və klubların maraqlarına uyğunlaşdırılması standartlarının tətbiqini tələb edir. Bur sözlə, futbola sərmayə qoyaraq külli miqdarda vəsait sərf edən iş adamları qazanc naminə oyunların sayının artırılmaması, zədəli futbolçuların reabilitasiyası, gəlirlərin ədalətli bölünməsi prinsiplərini qorumağa çalışırlar. ECA-nın məramı uşaq futboluna diqqət, idman prinsiplərinə sadiqlik, futbolun inkişafına xidmət edən marketing siyasəti, oyunun hədsiz kommersiyalaşmasına şərait yaradan amillərin aradan qaldırılmasıdıdr. Bu bir mənada peşəkar futbol klublarının ümumavropa həmkarlar təşkilatı kimi dəyərləndirmək olar.
ECA işlər müdiri Diderik Devalyenin “Bakı” futbol klubunun bu mötəbər quruma üzvlüyünün təsdiq olunması barədə xəbəri bizi hədsiz dərəcədə sevindirdi. İndi “Bakı” futbol klubu “Milan”, “Barselona”, “Ayaks”, “Fənərbaxça”, “Zenit”, “Qalatasaray”, “Real”, “Şaxtyor”, “Barselona”, “Yuventus”, "Anderlext", "Mançester Yunayted", "Arsenal" kimi klublarla bir qurumda təmsil olunur. Etiraf edək ki, sıradan bir hadisə deyil. Digər tərəfdən isə klubumuz və ölkəmizin təbliği üçün ən yüksək tribuna əldə etmiş oluruq.
ECA-da Azərbaycanda futbola olan diqqət və inkişafdan xəbərdardırlar, bu səbəbdən iqtisadi parametrlərə görə ən yüksək inkişaf templərinə malik ölkəmizə maraq olduqca böyükdür. Bunun nəticəsidir ki, “Bakı”nı böyük klubların məclislərində görmək istəyirlər. Yeri gəlmişkən, fəxrlə qeyd edək ki, ölkə futbolu tarixində ilk dəfə olaraq “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının 7-8 sentyabr tarixləri arasında Cenevrədə keçiriləcək Baş Assambleyasının toplantısına dəvət edilib.

 


Son xəbərlər