“Xəzər-Lənkəran”dan “Gəncə”yə təbrik məktubu

XƏBƏR 24 İyun 2009 / 18:30 2244
-  A +

“Xəzər-Lənkəran” klubu qarşıdakı mövsümdən etibarən yenidən ölkə çempionatında iştirakını bərpa edəcək “Gəncə” klubuna təbrik məktubu ünvanlayıb. Qol.Az-ın məlumatına görə, “Xəzər-Lənkəran”ın rəsmi internet saytında yer alan təbrik məktubunda qeyd aşağıdakılar qeyd olunub: “Gəncə futbolu tarixi günlərindən birini yaşayır. Uzun və darıxdırıcı fasilədən sonra ölkəmizin qədim diyarında futbol həsrəti sona çatmaq üzrədir. Nizami yurdunun sakinləri yenə futbol arenalarına yığışa, sevimli komandalarına azarkeşlik edə biləcəklər. Ölkə futbol ailəsinin üzvlərindən biri olan “Xəzər-Lənkəran” Futbol Klubu Gəncə futbolunun qiymətini yaxşı bilir. Gəncə və gəncəlilər hər zaman futbolumuzun aparıcı simaları sırasında olublar. Təsadüfi deyil ki, Sovet Ittifaqı illərində ölkəmizi SSRİ Çempionatının güclülər dəstəsində “Neftçi”dən savayı yalnız Gəncə komandası təmsil edə bilmişdir. Yəni biz qeyd etmək istəyirik ki, hətta dünyaca ünlü sovet futbol tarixində iz buraxmış Gəncə futbolu Azərbaycan çempionatında təmsil olunmağa məhkumdur. Bizlər düşünürük ki, “Gəncə” Futbol Klubu tezliklə Gəncənin zəngin futbol ənənəsinin davamçısına çevriləcək və qısa müddət sonra Azərbaycan Premyer-liqasına vəsiqə qazanmağa müvəffəq olacaq. Bir daha “Gəncə” Futbol Klubunun rəhbərliyini, eləcə də klubun yenidən fəaliyyətə başlamasında xidməti keçən digər insanları və futbol həsrəti bitmək üzrə olan bütün Gəncə sakinlərini şəhərdə yaşanan futbol bayramı münasibətiylə təbrik edirik!” 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki