«Bizdən narazı qalanlar futbol mətbuatında çalışanların iş qabiliyyətini yetərincə bilmirlər»

«Bizdən narazı qalanlar futbol mətbuatında çalışanların iş qabiliyyətini yetərincə bilmirlər»
MÜSAHİBƏ 24 İyun 2009 / 12:16 4157
-  A +

Qol.Az-ın suallarını AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu cavablandırır

- Cəmiyyətin digər təbəqələri kimi, idman jurnalistləri də Azərbaycan futbolunun durumundan heç vaxt razı qalmayıblar. Amma eyni zamanda futbol funksionerləri də jurnalistlərdən narazılıq ediblər. Bu məsələyə bir jurnalist kimi deyil, AFFA-nın rəsmi şəxsi kimi cavab vermənizi istərdim.
- İdman jurnalistlərini konkret nəticələr maraqlandırır. Qısa vaxt ərzində buna nail olunmadığından narazılıqlarını müxtəlif formalarda ifadə edirlər.  Futbol mütəxəssisləri isə onlardan fərqli olaraq futbolun inkişafı üçün lazımi şəraitin olduğunu bildirirlər. İki təbəqə arasında yaranan narazılıqların kökündə bu kimi amillər dayanır. Lakin buna baxmayaraq, onlar futbolu ürəkdən sevdiklərindən istənilən məqamda belə birləşirlər.
- Futbol Federasiyasından baxanda Azərbaycanın idman jurnalistikası necə görünür?
- Son illər idman jurnalistikası, xüsusilə də futbol mətbuatı xeyli inkişaf edərək genişlənib. Mətbuat orqanlarının sayı artıb, yeni-yeni portallar yaranıb, ictimai-siyasi agentliklərin idman bölmələri fəaliyyətini artırıb. Ümumilikdə götürdükdə isə idman mətbuatında son vaxtlar futbol jurnalistikası xüsusi çəkisi ilə seçilir. Ancaq peşəkarlığın heç də yetərincə olmadığını xüsusilə vurğulamaq istərdim. Bəzən tənqidlər tənqid xətrinə yazılır. Tənqid obyekti düzgün göstərilmir. Bəlkə də bunu keçid dövrü üçün məqbul hesab etmək olar. Ümid edirəm ki, yaxın gələcəkdə bütün bu məsələlər aradan qaldırılacaq. Çünki futbol mətbuatında haqlı tənqidlər yazanların çalışması bu fikri söyləməyimə tam əsas verir. Bəli, bu gün obyektiv tənqidlərin yazılması futbolumuzun inkişafına öz töhvəsini verməkdədir. Biz bu tipli tənqidləri araşdırmaqla onların qısa vaxt ərzində aradan qaldırılmasına çalışır və həmin müəlliflərə dərin minnətdarlığımızı bildiririk. Ona görə ki, futbolumuzun inkişaf etdirilməsi baxımından biz birik.
- Etiraf edirik ki, rəhbərlik etdiyiniz departament mətbuatla ünsiyyəti normal səviyyədə qura bilib. Ən azı, informasiyaları vaxtlı-vaxtında verirsiniz, jurnalistlərin informasiya əldə etmək hüququnu pozmursunuz. Amma eyni zamanda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən narazılıqlara da rast gəlinir. Sizcə, problemi kimi yaradır: jurnalistlər, yoxsa sizin departament?
- Sözün açığı, rəhbərlik etdiyim departamentlə jurnalistlər arasında indiyə qədər heç bir ciddi anlaşılmazlıq, yaxud problem olmayıb. Biz futbol təsərrüfatının özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq günün istənilən vaxtı, bayram günləri belə jurnalistlərin informasiya almasına hərtərəfli şərait yaradırıq. Müxtəlif yaş qruplarından və kateqoriyalarından asılı olmayaraq bütün milli komandaların rəsmi və yoldaşlıq görüşlərinin nəticələri operativ olaraq AFFA-nın rəsmi saytında (
www.affa.az) yerləşdirilir. Hətta elə vaxtlar olub ki, gecə saat 2-3 radələrində belə məlumatları sayta yerləşdiririk. Belə olan təqdirdə hansısa mətbuat orqanı əməkdaşının bizdən narazı qalmasına inana bilmərəm. Amma buna baxmayaraq, onlarla bağlı bəzi tənqidi qeydlərimi də bildirmək istərdim. Bizim bəzi futbol yazarları yeni sistemləri operativ olaraq öyrənmək və ona əməl etmək xüsusiyyətindən uzaqdırlar. Hətta onların bəzisi hələ də internetdən istifadə edə bilmir. Bizdən narazı qalan varsa, görünür, onlar bugünkü futbol mətbuatında çalışanların iş qabiliyyətini yetərincə bilmirlər. Bəzi jurnalistlər peşə borcunu yerinə yetirərkən səlahiyyət həddini aşmağa cəhd göstərir. Məsələn, məşq və oyundan sonra jurnalistlərin futbolçulara, yaxud məşqçilərə yaxınlaşması üçün stadionda xüsusi yerlər ayrılır. Lakin bəzi həmkarlarımız müəyyən edilmiş yerlərdə deyil, özlərinin münasib saydıqları sahədə müsahibə almağa və ya şəkil çəkməyə çalışır. Bu zaman, təbii ki, bizim etirazımızla qarşılaşırlar. Qəbul olunmuş qaydalara riayət etməyənlər həmin yerdən uzaqlaşdırılan zaman isə, narazılıqlarını ifadə edirlər. Halbuki məşqə, yaxud oyuna gələn jurnalist ilk növbədə peşə borcunu harada və hansı şərtlərlə yerinə yetirə biləcəyi barədə məlumatlı olmalıdır. Millimizin iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya yığması ilə keçirdiyi yoldaşlıq oyunu başa çatdıqdan sonra bir neçə müxbir meydançanın lap kənarına yaxınlaşaraq futbolçularla söhbətləşmək istədi. Onlara həmin ərazidə yalnız oyunun canlı yayımını təşkil edən televiziya kanalının müxbirlərinin fəaliyyətinə icazə verildiyini bildirdim, eyni zamanda jurnalistlərə futbolçularla görüşə bilmək üçün ayrılmış xüsusi zonanı göstərdim. Oradakı müxbirlərin hamısı iradımla razılaşaraq onlar üçün ayrılmış sahəyə getsə də, bir müxbir haqsız olaraq mənimlə mübahisəyə başladı. Məsələnin mahiyyətini dəfələrlə izah etməyimə baxmayaraq, həmin jurnalist qaydalara əməl etmək istəmədi. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onu ərazidən uzaqlaşdırdılar. Bir daha qeyd etmək istəyirəm ki, hər bir jurnalist iştirak etdiyi tədbirdə peşə borcunu müvafiq qaydalara uyğun şəkildə yerinə yetirməlidir.
- AFFA-nın rəhbər şəxsləri ilə ünsiyyət qurmaq jurnalistlər üçün çətinlik yaradır. Onlarla müsahibə götürmək və ya birbaşa həmin şəxslərə aid olan məsələləri dəqiqləşdirmək ya uzun vaxt aparır, ya da ümumiyyətlə alınmır. Mətbuatla əlaqələrə cavabdeh olan şəxs kimi jurnalistlərin bu problemini AFFA rəhbərliyinə çatdırırsınızmı?
- Hesab etmirəm ki, AFFA rəhbərliyində təmsil olan şəxslərlə ünsiyyət yaratmaqda jurnalistlər hansısa ciddi çətinliklə üzləşirlər. İstər televiziya, istər radio, istərsə də qəzet və jurnallarda AFFA rəsmilərinin mütəmadi müsahibələri olur. Lakin nəzərə almaq lazımdır ki, müsahibə vermək rəsmi şəxs üçün heç də məcburi deyil, münasibət bildirmək vacibdir. 
- Futbolçular, futbol adamları və futbol məmurları tənqidə niyə bu qədər dözümsüzdürlər?
- Qeyd etdiyim kimi, biz həmişə haqlı tənqidin tərəfdarı olmuşuq. Hesab edirik ki, yerində olan və faktlara əsaslanan tənqid inkişafa yardım edir. Tənqidə dözümsüzlük hər kəsin fərdi xüsusiyətlərindən irəli gələn məsələdir və bununla bağlı ümumi fikir bildirməyin məqsədəuyğun olmadığını düşünürəm. Ancaq bir məqamı da qeyd etməyi vacib sayıram ki, futbolumuzla bağlı çox tez-tez heç bir əsası olmayan, fakta söykənməyən tənqidi yazılara rast gəlirik. Hətta bəzi hallarda tənqid yox, təhqir dolu yazıların da şahidi oluruq. İstər AFFA rəsmisi, istərsə də bir jurnalist kimi həmkarlarımı sağlam, qərəzsiz, faktlara əsaslanan tənqidi fikirlər səsləndirməyə çağırıram. Tənqid - tənqid xatirinə deyil, ümumi işin xeyrinə olmalıdır.
- Bəzi klublarda mətbuat xidmətlərinin rəhbərlərinin üzərinə əlavə, onlara aid olmayan işləri qoyurlar. Buna loru dildə, «qara işlər» də deyirlər. Bilmirəm, belə işlər AFFA-da var, ya yox, amma ali futbol qurumunun mətbuat sahəsinə cavabdeh olan bir şəxs kimi bu məsələyə münasibətiniz maraqlı olardı.
- Klublarla bağlı suallarla klublarda çalışan cavabdeh şəxslərə müraciət etməyiniz daha yaxşı olardı. Sözsüz ki, istənilən qurumda çalışan hər bir kəs öz vəzifəsinə uyğun gələn, məsuliyyət daşıdığı işlərlə məşğul olmalıdır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları ilk növbədə öz üzərilərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Eyni zamanda, AFFA-nın müxtəlif tədbirlərinin təşkilati məsələlərində fəal iştirak edirlər. Əgər hər hansı təşkilatın əməkdaşı ümumi işin xeyrinə olan addımlar atırsa, bunun həmin şəxsin əməyinin istismar olunması, başqasının işini görməyə məcbur edilməsi, sizin təbirinizcə desək, «qara işlər»i yerinə yetirməsi kimi qələmə verilməsini düzgün saymıram.
- Futboldan yazan jurnalistlərlə futbolçular və futbol adamları arasında anlaşılmazlıq, narazılıq həmişə olub. Bu, ümumiyyətlə, futbol və idman yox, digər sahələrə də aiddir. Amma başqa sahələrdə, deyək ki, siyasi jurnalistikada çalışanlarla hökumət arasında bir problem olanda çox vaxt dəyirmi masalar təşkil edilib, vəziyyətdən çıxış yolu axtarılıb. Mən bildiyimə görə, belə tədbirlər futbol sahəsində hələ ki, olmayıb. Nəyə görə?
- AFFA olaraq biz hər zaman fikir mübadiləsinə, təklifləri dinləməyə hazırıq. Dəyirmi masaların təşkil olunmasına gəlincə, AFFA-nın bütün tədbirlərində rəhbər şəxslərlə jurnalistlərin görüşü olur. Belə görüşlərdə geniş fikir mübadiləsi aparılır. Bunu görmək və bu müzakirələrdə iştirak etmək üçün sadəcə olaraq AFFA-nın tədbirlərində iştirak edə və istədiyiniz rəhbər şəxslə fikirlərinizi bölüşə bilərsiniz. Buna sizin əməkdaşlar da şahiddir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın