"Qalatasaray"ın daha bir məşqçisi Azərbaycanda çalışacaq

"Qalatasaray"ın daha bir məşqçisi Azərbaycanda çalışacaq
ÖLKƏ FUTBOLU 21 İyun 2009 / 19:24 2591
-  A +

“Qəbələ” rəhbərliyi Uşaq Futbol Akademiyasına daha iki mütəxəssis dəvət edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət komandası türkiyəli məşqçilər Rəcəb Yazıcı və Uğur Kurtla 2011-ci ilin sonunadək müqavilə imzalayıb.

Bu mütəxəssislərin əvvəlki iş yerləri "Qalatasaray" klubu olub. Rəcəb son mövsümdə "supergənc" kateqoriyasında Türkiyə çempionu adını qazanıb, Uğur isə yeni bir qapıçı nəslini Türkiyə futboluna bəxş edib.

Belə ki, Yazıcı "Qalatasaray" camiəsində böyük iz buraxmış məşqçilərdən biridir. 17 ildir (!) bu komandada çalışan mütəxəssis neçə-neçə futbolçunun yetişməsində yaxından iştirak edib. Əli Yavaş və Halim Fıçıcı kimi, Rəcəp hocanın da Arda Turan, Sabri Sarıoğlu, Aydın Yılmaz, Mehmet Güvən, Uğur Uçar, Fərhat Öztorun və başqa xeyli gəncin futbolu öyrənməsində müstəsna xidmətləri var. İndi onun yetirmələri "cim-bom"la yanaşı, Türkiyə Superliqasının digər klublarında da forma geyinirlər.

Qardaş ölkənin aşağı yaş qruplarında saysız-hesabsız yetirməsi olan Rəcəp Yazıcı ümid edir ki, onlar yaxın gələcəkdə əsas yığmanın da aparıcı simalarına çevriləcəklər.

Gedişi "Qalatasaray"da böyük səs-küyə səbəb olacaq təcrübəli mütəxəssis 1991-ci ildə "Qalatasaray"da məşqçi fəaliyyətinə başlayıb. Müxtəlif illərdə müxtəlif vəzifələri tutmuş Rəcəb bəy son mövsümdə "supergənc" kateqoriyasında baş məşqçi işləyib və komandasını çempion edib. Rəhbərlik etdiyi kollektivlər ümumilikdə 8 dəfə İstanbul çempionu, 2 dəfə Türkiyə çempionu, 2 dəfə ikinciliyi, 2 dəfə üçüncülüyü əldə edib, PAF (peşəkarlığa namizəd futbolçular) komanda ilə də ölkə çempionu adını qazanmaqla yanaşı, aşağı yaş qrupu üzrə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Avropa çempionatında bürünc medalları qazanıb. Amma ən önəmlisi onun türk futboluna qazandırdığı simalardır.

17 illik "Qalatasaray" təcrübəsində Karl Haynts Feldkamp, Fatih Terim, Əli Yavaş, Mirça Luçesku, Georgi Haci, Erik Gerets, Mixael Skibbe kimi məşqçilərlə çiyin-çiyinə işləyib. Bu ilin əvvəlində UEFA A kateqoriyalı məşqçi diplomu alan Yazıcı hazırda Pro kurslarının start götürməsini gözləyir. Üstəlik, 1989-cu ildən bu yana Türkiyə Futbol Federasiyasının təşkil etdiyi bütün seminarlara qatılmaqla futbol savadını artırıb.

Kurt isə qapıçılarla işləyən məşqçidir. 1989-cu ildə futbolçu karyerasına başlayan Kurt 2003-cü ildən məşqçi kimi fəaliyyət göstərir. "Bandırmaspor", "Zeytinburnuspor" və "Akhisarspor"da işlədikdən sonra 2006-cı ildə "Qalatasaray"a keçən Uğur hocanın əsas məqsədi bu klubdakı qapıçı problemini həll etmək olub. Bu gün Türkiyənin aşağı yaş qruplarında əksər qapıçılar "Qalatasaray"ı təmsil edirlər. Bu isə məhz U.Kurtun gördüyü işlərin nəticəsidir.

İşini ən müasir texnologiyalar üzərində quran mütəxəssis artıq bütün bilik və bacarığını azərbaycanlı uşaqlar üçün sərf edəcək. "Gördüklərim məni xeyli ümidləndirdi. Fikrimcə, burada güclü qapıçılar yetişdirmək mümkün olacaq. Sadəcə, çalışmaq və bu istedadlı gənclərə düzgün yol göstərmək lazımdır", - deyə Uğur hoca 3 günlük Qəbələ səfərindən sonra fikirlərini bildirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı