Çimərlik futbol millimizin baş məşqçisi: "Əsas məqsədimiz qrupdan çıxmaq idi, bunu da bacardıq"

Çimərlik futbol millimizin baş məşqçisi: "Əsas məqsədimiz qrupdan çıxmaq idi, bunu da bacardıq"
XƏBƏR 19 İyun 2009 / 18:22 1963
-  A +

“Oyunlara yaxşı hazırlaşmışdıq. Bir neçə dəfə təlim-məşq toplanışı keçirmişdik. Bizi çətin oyunlar gözlədiyini bilirdik. Qrupda güclü rəqiblərlə - Portuqaliya, Almaniya və Avstriya kimi komandalarla mübarizə aparmağımıza baxmayaraq, yaxşı çıxış etdik. Portuqaliya haqqında geniş danışmağa ehtiyac yoxdur. Onlar Avropanın ən güclüsü, dünyada isə Braziliyadan sonra ikincidirlər. Ancaq onlarla qrup mərhələsində qarşılaşmağımız xeyrimizə oldu. Almaniya millisi də Avroliqada rəqiblərimizdəndir. Güclü heyətə malikdirlər. Lakin biz də zəif komanda deyilik. Buna qədər keçirilən turnirlərdə zəif olmadığımızı göstərmişdik. Portuqaliya və Avstriyaya uduzsaq da, Almaniyanı məğlub edərək qrupdan çıxdıq. Əsas məqsədimiz qrupdan çıxmaq idi, bunu da bacardıq. 1/4 final mərhələsində isə turnirin qalibi adını qazanan İspaniyaya məğlub olduq”. Bu sözləri iyunun 7-dən 14-dək İspaniyada keçirilmiş dünya çempionatının Avropa zonasının qrup mərhələsində qüvvəsini sınayan və 1/4 finala qədər irəliləyən Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarov AFFA-nın rəsmi saytına verdiyi açıqlamasında deyib. O, qarşıdakı planlar haqqında da danışıb: “Hələlik futbolçular istirahət edirlər. Yüngül zədəsi olanlar var. İyulun 1-dən etibarən yenidən biraraya gəlib, hazırlığımızı davam etdirəcəyik. Avroliqaya hazırlıq görürük. Bu yarış iyulun 15-dən 20-dək keçiriləcək. Avroliqada Almaniyadan başqa, İngiltərə ilə də üz-üzə gələcəyik. Oyunlar Londonda keçiriləcək. Ölkə çempionatının başlamasını gözləyirik. Budəfəki çempionatda daha çox komandanın iştirakı nəzərdə tutulur. Komandalar nə qədər çox olsa, yığmaya futbolçu seçmək bir o qədər asanlaşar. Bundan əlavə, çempion olan komanda ölkəmizi çimərlik futbolu üzrə Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq. Bu da iştirak edən komandalar üçün əlavə stimuldur. Biz də məşqçi heyəti olaraq istedadlı futbolçuları üzə çıxarmağa çalışacağıq”.


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı