Vaqif Sadıqov: “Millidə heyətlə bağlı bütün qərarları Foqts özü qəbul edir”

Vaqif Sadıqov: “Millidə heyətlə bağlı bütün qərarları Foqts özü qəbul edir”
ÖLKƏ FUTBOLU 19 İyun 2009 / 14:06 2311
-  A +

“Dünən axşam milli komandamızın baş məşqçisi Berti Foqtsla telefonla danışdım. Gözəl bir söhbətimiz oldu. Dərhal hiss olunurdu ki, o, işinə çox peşəkar yanaşır. Söhbət zamanı bir sıra məsələləri müzakirə etdik və belə qərara gəldik ki, klublarımızın avrokuboklardakı səfər oyunlarını Foqts, ev oyunlarını isə mən izləyim”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun yeni təyin olunmuş I köməkçisi Vaqif Sadıqov deyib. O, almaniyalı ilə müzakirə etdikləri digər məsələlər haqqında da danışıb: “İlk növbədə püşkatmanın nəticələrini gözləyirik ki, avrokuboklarda klublarımızın rəqiblərinin kimliyi və ilk oyunlarını harada keçirəcəkləri məlum olsun. Bundan sonra, konkret plan üzrə fəaliyyət göstərəcəyik. Foqtsla söhbətimiz belə oldu ki, hər həftə 1-2 dəfə bir-birimizlə əlaqə saxlayaq. Planda ölkə xaricində legioner həyatı yaşayan azsaylı futbolçularımızın oyunlarını izləmək də var. Amma indidən bu haqda sizə dəqiq bir söz deyə bilmərəm. Bununla bağlı qərarı Foqts verəcək. O, necə məsləhət bilsə, biz də o cür hərəkət edəcəyik”.
Sadıqov Ukraynanın “Desna” klubunun şərəfini qoruyan həmyerlimiz Ruslan Zeynalov haqqında da danışıb: “Düzü, onun haqqında ətraflı məlumatım yoxdur. Siz deyirsiniz, yayda toplanışa cəlb olunub, amma yoxlama görüşlərində şans verilməyib. Bəlkə də, həmin vaxt Zeynalovun hazırlığı lazımı səviyyədə olmayıb. Mən inanmıram ki, Foqts kiminsə məsləhətinə qulaq asıb bu addımı atsın. Çünki onunla söhbət zamanı əmin oldum və sizi də əmin edirəm ki, heyətlə bağlı bütün qərarları baş məşqçi özü qəbul edir. Təbii ki, Ukrayna çempionatında belə bir futbolçumuz oynayırsa, onu mütləq diqqət mərkəzində saxlamaq lazımdır. Şəxsən mən, təkcə Ruslanı yox, bu tip bütün həmyerlilərimizi millinin potensial üzvləri hesab edirəm. Foqts məsləhət bilsə, gedib oyunlarını da izləməyə hazıram. Amma yenə deyirəm, onları birdən-birə rəsmi oyunlarda da yoxlamaq olmaz. Gərək öncə yoxlama görüşlərində güclərinə baxaq. Əgər bizim Ruslan kimi qol vurmağı bacaran həmyerlimiz varsa, niyə də onun potensialından istifadə etməyək?”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın