Bəxtiyar Musayev: «Vaxtı gələndə, hər şeyi açıqlayacam»

Bəxtiyar Musayev: «Vaxtı gələndə, hər şeyi açıqlayacam»
XƏBƏR 6 Dekabr 2008 / 19:51 4123
-  A +

Bir çox klublarımızda forma geyməsinə baxmayaraq, «Neftçi» və «Xəzər-Lənkəran»da daha çox məhşurlaşmış, yığmamızın da şərəfini qorumuş Bəxtiyar Musayevin Qol.Az-a müsahibəsi

 
- Futbolçu karyeramı başa vurduqdan sonra qərara aldım ki, özümü məşqçilikdə sınayım. Əvvəlcə «Xəzər-Lənkəran-2»də  məşqçi-seleksiyaçı işlədim. Ağasəlim Mircavadov Lənkəran klubuna rəhbərlik edən dövrdə  təklif olundu ki, əsas komandada fəaliyyət göstərim. Mən də futboldakı bacarığımı, təcrübəmi məşqçi-seleksiyaçı kimi «Xəzər-Lənkəran»a verməyə başladım.
- Məşqçi-seleksiyaçı kimi fəaliyyətini uğurlu saymaq olarmı?
- Bunu kənardan baxanlar daha yaxşı bilərlər. Bununla belə, Cənub klubuna xeyir vermək üçün əlimdən gələni etdim. Gətirdiyim futbolçular heç də pis təsir bağışlamadılar. Mario Souza, Dieqo Qusmao qısa vaxtdan sonra səviyyəli oyunçu olduqlarını sübut etdilər. Bundan başqa, hazırda «Standard»ın şərəfini qoruyan Osman Siqueyranı da Azərbaycana mən gətirmişəm. Bu futbolçuların hamısı özləri haqda müsbət rəy yaratdılar. Mən birinci növbədə komandanın mənafeyini düşünürdüm.
- Amma, nədənsə, «Xəzər-Lənkəran»dan heç də xoş hisslərlə ayrılmadın…
- Nədənsə… Təəssüf ki, belə oldu. Məni yandıran odur ki, heç vaxt pul hərisi olmamışam. Hələ oyunçu kimi «Xəzər-Lənkəran»a gələndə, mənə müqavilə təklif edəndə qiymət danışmadım. Dedim ki, nə verərsiniz-verərsiniz. Çünki bəziləri kimi hər şeyi pula qurban verməmişəm. Mənsimov qardaşları «Xəzər-Lənkəran»ın, ümumiyyətlə Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görürlər. Amma nədənsə həmin vaxt tələsik qərar verildi. Məsələ tam aydınlaşmamış bu cür məlumatlar yayıldı. Uşaqlarım böyüyür, çoxusu ona görə heyfslənirəm ki, haqqımda bu cür sözlər deyildi. Bununla belə, vaxtı gələndə hər şeyi açıqlayacam. İndi dediyim sözlərlə  «Xəzər-Lənkəran» klubuna və onun rəhbərliyinə zərbə vurmaq istəmirəm. Ancaq vaxt gələcək hər şey öz yerini tapacaq. Yuxarı bığdır, aşağı saqqal, ona görə dinə bilmirəm.

- «Xəzər-Lənkəran» bu günlərdə  İqor Ponomaryovla anlaşdı. Olimpiya çempionunun komandada uğur qazanacağına inanırsanmı?
-  Ponomaryovun rəhbərliyi altında milli komandada çıxış etmişəm. Bundan başqa, o, öz dövrünün tanınmış futbolçularından olub. İnanıram ki, İqor Anatolyeviç «Xəzər-Lənkəran»da uğur qazanacaq. Orada öz dəsti-xəttini qoyacaq. «Xəzər-Lənkəran»ın böyük azarkeş ordusu var. Və onlar daim doğma komandalarından yüksək nəticələr gözləyirlər. Lənkəranlı fanatların nəhayət ki, ürəkdən sevinməyə haqları var.
- Rasim Kara ikinci gəlişində də Cənub klubunda ciddi uğur qazana bilmədi. Səncə, türkiyəli məşqçi niyə etimadı doğrultmadı?
- Bu mövsüm «Xəzər-Lənkəran»ın çox güclü heyəti var. Heyətə görə,  çempionluq uğrunda mübarizə aparan digər komandaları geridə qoyur. Bu heyət biz işlədiyimiz dövrdə yığılmışdı. Başa düşmürəm, bu heyətlə necə uğur qazanmamaq olar? Nə bilim, bəlkə də ikinci dövrdə komanda öz oyununu tapacaqdı. Bunu deyə bilmərəm. 
- Amma Kara Lənkərana gələndə bildirmişdi ki, komanda fiziki və psixoloji cəhətdən hazır deyil. «Xəzər-Lənəkran»ı yenidən ayağı qaldırdım.
- Ümumiyyətlə, məşqçinin həmkarları haqqında bu cür danışması etikaya uyğun deyil. Ağasəlim müəllim komandanı çempionata yüksək səviyyədə hazırlamışdı. Hər halda heç bir məşqçi istəməz ki, komandası pis vəziyyətdə olsun. Mircavadov bu sistemlə komandanı çempion etdi. Nə baş verdi, həmin komanda yeni mövsümə fiziki və psixoloji cəhətdən hazırlıqsız oldu? Bütün bunlar bəhanədən başqa bir şey deyil. Kara uğursuzluqdan sonra özünü sığortalamaq üçün nə isə fikirləşməli idi.
- Uzun illər şərəfini qoruduğun, kapitan sarğısını daşıdığın «Neftçi» indi  yaxşı vəziyyətdə deyil. Nəyə görə, flaqman bu il uğursuzluğa düçar oldu?
- Komandanın içində olmadığımdan dəqiq səbəbləri deyə bilmərəm. Sadəcə futbolçular dərk etməlidirlər ki, «Neftçi» kimi klubun formasını geyirlər və bu komanda həmişə çempionluq uğrunda mübarizə aparmalıdır. «Neftçi»nin belə vəziyyətdə olması üzücüdür. «Xəzər-Lənkəran», «Neftçi» kimi klublar çempionata rəngarəngliq qatırlar. Paytaxt klubunun pis vəziyyətdə olması premyer-liqada rəqabəti aşağı salır. Belədə futbolçuların ustalıq səviyyəsi də aşağı düşür. «Neftçi»də baş verənlər komandanın daxili işidir. Bununla belə, unutmaq olmaz ki, Rəşad Sadıqov, Georgi Adamiya kimi futbolçular klubun çətin vaxtlarında bacardıqlarını ediblər. Onlara bir qədər ağır cəza verildi.
- Berti Foqtsun gəlişindən sonra milli komandanın oyununda hər hansı dəyişiklik nəzərə çarpır? 
- İndi «bizim dövrdə hər şey başqa idi» demək dəbdədir. Amma vallah, həmin vaxt oyunçuların futbol biliyi, savadı indikilərdən üstün idi. Qoy indi yığmanın şərəfini qoruyanlar məndən inciməsinlər. Öz fikrimi bildirirəm. O, vaxt biz fiziki cəhətdən zəif idik. Bu da ondan irəli gəlirdi ki, heç bir klub yüksək səviyyədə təlim-məşq toplanışı keçmirdi. Mən oynayan vaxtlarda yığma komanda ildə bir dəfə toplanış keçəndə sevinirdik. Axı hazırda vəziyyət başqadır. İstər komandaya qayğı, istər futbolçuların maddi vəziyyəti baxımından. Adama pis təsir edən odur ki, millidə nə oyun var, nə nəticə. Lixtenşteynlə oyuna müdafiəyə meyilli heyətlə çıxdılar. Belə uğur qazanmaq olar?
- Nəyə görə, yerli futbolçular klublarda əcnəbilərə rəqabətdə uduzurlar? Doğrudanmı, onlar əsas heyətə düşmək üçün mübarizə aparmırlar?
- İndi vəziyyət elədir ki, yerli oyunçular istəsə də alınmır. Çünki legioner limiti ləğv olunub və klublar kənardan həddən artıq çox futbolçu gətirirlər. Legioner limitinin ölkə futboluna heç bir xeyiri dəyməyəcək. Amma bir şey var ki, legioner limiti «3» olanda da bəzi futbolçularımız puldan başqa heç nə düşünmürdülər. Fikirləşirdilər ki, onsuz da necə olsa, əsas heyətdə yer alacaqlar. Bu cür oyunçuların səsini almaq üçün legioner limitinin ləğv edilməsi, yaxşı oldu. İş orasındadır ki, son vaxtlar istedadlı futbolçular da yetişmir. Ümid verən oyunçu, kimi göstərmək olar? Əvvəllər oynamaq həvəsi var idi. Hazırda əksəriyyət birinci növbədə pulu düşünür. Mahmud Qurbanov yaşının çoxluğuna baxmayaraq, «İnter»də əsas heyətə düşməsə, komandadan ayrılacağını deyib. Onu alqışlayıram. Amma elələri də var ki, şəraitə görə, «İnter»də 20-30-cu olmağa razıdırlar. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı