Zeynal Məmmədov: "Bakı"nın reklama ehtiyacı yoxdur"

Zeynal Məmmədov: "Bakı"nın reklama ehtiyacı yoxdur"
ÖLKƏ FUTBOLU 13 İyun 2009 / 13:03 2353
-  A +

“Bakı”nın baş meneceri Zeynal Məmmədov Qol.Az saytına müsahibə verib

- Zeynal müəllim, komandada nə yenilik var?
- Hələlik elə bir yenilik yoxdur. Hazırlığa yeni başlamışıq. Yavaş-yavaş transfer çalışmalarına da start verəcəyik. Yeni futbolçular baxışa cəlb edəcəyik və özünü yaxşı tərəfdən göstərən oyunçunu komandaya götürəcəyik. Artıq baxışa cəlb olunacaq futbolçuların sihayısı hazırlanır. Əsas məqsəd Çempionlar Liqasında layiqincə çıxış etməkdir.
- Komandanın neçə futbolçu ilə güclənməyə ehtiyacı var?
- 3-4 oyunçu mütləq alınmalıdır.
- Bəs, həmin futbolçular hansı mövqelərə alınacaq?
- Qapıdan başqa, bütün mövqeylərdə güclənməyə ehtiyacımız var.
- Az öncə dediniz ki, baxışa cəlb olunacaq futbolçuların siyahısı hazırdı. Maraqlıdır, həmin siyahını baş məşqçi Haciyevski hazırlayıb yoxsa, klub rəhbərliyi?
- Həm baş məşqçinin öz bəyəndiyi futbolçular var, həm də rəhbərliyin məsləhət bildiyi. Bilirsiniz, bizdə mənim, sənin söhbəti yoxdur. Hamı bir ailə kimidir.
- Bəlkə, rəhbərliyin təqdim etdiyi futbolçuları baş məşqçi bəyənmədi...
- Seçim istənilən halda baş məşqçinin səlahiyətindədir. Biz heç vaxt onun seçiminə müdaxilə edə bilmərik.
- Haciyevski verdiyi son müsahibəsində bildirib ki, Adamiya ilə Batistanı komandasında görmək istəsə də, hələ onların qalacağı dəqiq deyil.
- Bu futbolçuların hər ikisi hazırda vətənlərindədir. Adamiya bizdən ayın 20-ə kimi vaxt istəyib. Batista isə 15-də yenidən Azərbaycana qayıdacaq. Bilirsiniz ki, o, bizdə icarə əsasında oynayırdı. Artıq həmin müddət başa çatıb. Yenidən onun komandada qalmasını təmin etmək istəyiriksə, o zaman, Batistanın məxsus olduğu Ukrayna klubundan onun transfer hüquqlarını tam almalıyıq. Biz də rəhbərlik olaraq hər iki futbolçunun “Bakı”da qalmasını istəyirik. Amma hər şey danışıqlardan asılı olacaq. Bəlkə, onlar bizdən elə böyük məbləğ istədilər ki, heç bizə sərf etmədi.
- Haciyevski Hasan Suarinin probleminin də həll olunduğunu deyib.
- Düzdür, bu məsələ tam həll olunub və Hasan artıq tam sərbəst şəkildə “Bakı”nın formasını geyinə bilər.
- Supertransferiniz olacaq növbəti mövsüm öncəsi?
- Bilirsiniz, supertransfer deyəndə gəlin açıq danışaq da. Bu tip oyunçular vaxtı keçmiş futbolçular hesab olunur. Yəni, karyeralarının son dövrlərində pul qazanmaq məqsədi güdürlər. Belə oyunçuların da transferi yalnız reklama hesablanıb. “Bakı”nın isə bu cür reklama ehtiyacı yoxdur. Biz ilk növbədə çalışacağıq yaxşı futbolçu transfer edək. Hansı ki, o, hələ yuxarı zirvələri görməyib və ona acdır.
- Transfer edəcəyiniz futbolçuların yaş həddi necə olacaq?
- Çalışacağıq cavan, perspektivli oyunçulara üstünlük verək.
- Çempionlar Liqasının bu ilki püşkatma mərasimində siz iştirak edəcəksiniz?
- Bəli, bu dəfə də püşkatmaya mən gedəcəyəm.
- Klubunuzun prezidenti Hafiz Məmmədov açıqlamalarının birində deyib ki, “nə vaxt Zeynal müəllim püşkatmaya gedir, bizə asan rəqiblər düşür”. Bu dəfə nə gözləyirsiniz?
- Vallah, orada püşkü mən çəkmirəm. Ola bilsin ayağım düşərli olar, nə bilim. Hər halda qismət, görək bu dəfə necə olacaq.
- Bildiyimizə görə, “Qarabağ”ı da bu mərasimdə siz təmsil edəcəksiniz. Ağdam klubunun direktoru buna belə aydınlıq gətirib ki, vaxtları olmadığından bunu sizdən xahiş ediblər.
- Elədir, püşkatmada “Qarabağ”ı da mən təmsil edəcəm. Düzü, bu ilk belə hal deyil. Analoji hal iki il bundan əvvəl də yaşanmışdı. O, vaxtı da UEFA Kubokunun püşkatma mərasimində “Qarabağ”ı mən təmsil etmişdim. Yəni, burada elə bir problem yoxdur. Mən getdim ya, “Qarabağ” nə fərqi var? İkimiz də eyni ölkəni təmsil edirik.
- Sonda milli komandamızın son oyunlarına da qısaca münasibət bildirməyinizi istərdik.
- Milli komanda haqqında bir söz deyə bilmərəm. Bu haqda AFFA rəhbərliyi danışsa, daha yaxşı olar. Mən klubu təmsil edirəm. Millinin rəhbəri federasiyadır.
- Siz sadəcə bir azarkeş kimi fikirlərinizi deyərdiniz. Komandamız son 3 oyunda 1 qol belə vura bilmədi, amma, öz qapısından 10 top buraxdı.
- Bu suala konkret cavab vermək çətindir. Mən də bilmirəm, başa düşmürəm ki, millimiz niyə belə oynayır?. Heyət düzgün seçilmir, qurulmur, yaxud futbolçular verilən tapşırıqları doğru yerinə yetirə bilmirlər, yəni, mənə də qaranlıq qalıb. Açığı, komandamızın bu qədər uğursuz oynayacağını gözləmirdim. Milli həqiqətən də bərbad gündədir. 
 

 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"