"İnter"in Türkiyədəki iki rəqibi artıq məlumdur

"İnter"in Türkiyədəki iki rəqibi artıq məlumdur
XƏBƏR 12 İyun 2009 / 19:00 2000
-  A +

Son mövsümdə gümüş medal qazanaraq, ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan “İnter” bu gündən etibarən təlim-məşq toplanışına başlayır. “Bankirlər” təxminən 3 saat bundan öncə Türkiyənin Sparta şəhərinə üz tutub. Lakin Bakıdan qardaş ölkəyə yalnız “İnter”in yerli oyunçuları və Bakıda olan texniki personalı yollanıb. Bu haqda Qol.Az-a komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib: “Mən artıq dünəndən Spartadayam. Buradakı “Sionse” otelində qalacağıq. Komandamız isə bu gün gəlir. Bakıdan yalnız yerli oyunçular və komandanın texniki personalı gəlir. Əvəzedici qapıçımız Səlahət Ağayev, Samir Abbasov və Vladimir Levin istisna olmaqla. Səlahət U-19-un heyətinə cəlb olunub. Samirlər Levin isə millinin düşərgəsində olduqlarından onlara 3 günlük istirahət verilib. Hər iki oyunçu komandaya iyunun 15-də qoşulacaq. Bütün legionerlərimiz bu gün axşamadək Spartada olacaqlar. Eyni sözləri komandamızın yeni baş məşqçisi Kaxaber Txadadzeyə aid etmək olar. Gürcü mütəxəssis bu gün yerli vaxtla 21:30-da Spartada olacaq”.

Kamran İsmayılov onu da əlavə etdi ki, “İnter”in təlim-məşq toplanışı zamanı keçirəcəyi 4 yoxlama oyunun tarixləri müəyyənləşib: “Komandamız hazırlıq prosesi dövründə 4 matç keçirəcək. İlk oyunumuz iyunun 16-da baş tutacaq. Ardınca 19-u, 22-i və 25-də də komandamız yoldaşlıq görüşü keçirəcək. Rəqiblərin ikisi məlumdur. İlk matçımızı Türkiyənin ikinci liqa təmsilçisi “Tekirova Bələdiyyəsi”nə qarşı keçirəcəyik. Sonuncu rəqibimiz isə Ukraynanın güclülər dəstəsinin təmsilçisi “Zarya”dır. Lakin ikinci və üçüncü oyundakı rəqiblərimiz hələ məlum deyil. Bu barədə danışıqlar gedir. Yəqin ki, sabaha qədər bütün rəqiblərimizin adları məlum olar”.

Rəqiblərin nisbətən zəif olmasına da klub rəsmisi aydınlıq gətirdi: “Baş məşqçimiz istəyib ki, ilk oyunda nisbətən zəif komanda ilə qarşılaşaq. Çünki o hələ komandanı yaxından tanımır, futbolçulara bir o qədər də bələd deyil. Bunun üçün Txadadzeyə vaxt lazımdır. O istəyir ki, komanda ilk matçda zəif rəqiblə oynasın, daha sonra güclülərlə. Yəni rəqiblərimizin gücü oyundan-oyuna artacaq. Həm də bilirsiz ki, biz hazırlığa bir qədər tez başlamalı olduq. Çünki artıq iyulun 2-də Avroliqada ilk matçımızı keçirəcəyik. Vaxtımız azdır. Avropanın əksər klubları isə hələ istirahətdədirlər. Yəni demək istəyirəm ki, burada seçim imkanımız bir o qədər də geniş deyil. Bununla belə çalışırıq ki, seçimimizi ən yaxşı şəkildə aparaq”.

Sonda isə Kamran İsmayılov bildirdi ki, komandanın Spartada nə qədər qalması püşkatmanın nəticəsindən asılıdır: “Bildiyiniz kimi, iyunun 22-də püşkatmadır. Sonrakı hazırlığımız da məhz püşkatmanın nəticələrinə əsasən tərtib olunacaq. Əgər ilk oyunumuzu Bakıda keçirməli olsaq, o zaman ayın 27-də vətənə qayıdacağıq. Yox, əgər ilk oyunu səfərdə keçirməli olsaq, o zaman yəqin ki, səfərə birbaşa buradan yollanacağıq”.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord