Man macht keinen Teich indem man Wasser in einen Teich schüttelt, Herr Fogts

Man macht keinen Teich indem man Wasser in einen Teich schüttelt, Herr Fogts
XƏBƏR 11 İyun 2009 / 15:11 2573
-  A +

Bu da İspaniya. Uzun müddətdir azarkeşlərimizin həsrətnən yolunu gözlədiyi Avropa çempionları. Onlar da gəldilər, gördülər, vurdular, getdilər. Özü də altısını birdən. İspanlar həm də Foqtsun adını qara hərflərlə olmayan futbolumuzun olmayan tarixinə yazdılar. Bu vaxta qədər millimiz heç vaxt öz meydanında bu cür biabırçı şəkildə uduzmamışdı.
Bir dəfə serblərdən 6 sillə yemişdik. Amma onda da heç olmasa bir təsəlli qolu vurmuşduq. Oyundan sonra Diniyev özündə cəsarət taparaq, xalqdan üzr istəmişdi. Özü də istefa verərək. Amma Foqts neylədi? Mətbuat konfransında çıxıb, yenə nağıl danışdı. Hətta nəyi var dişlərini də ağartdı. Kişinin oğluna sual verirəm ki, biz nə vaxt qol vuracağıq? Deyir “məndən niyə soruşursan, get hücumçulardan soruş”. Başa düşmədim, bu komandanın baş məşqçisi sən deyilsən? Ümumiyyətlə, Foqtsun oyunsonrası danışığında heç bir məntiq yox idi. Birincisi alman bizə nəyi var minnət qoydu. Deyir ki, “mən istəsəydim heç Türkiyə və İspaniyayla yoldaşlıq oyunu keçirməzdik. Amma biz çətinlikdən qorxmadığımız üçün bu matçları oynadıq”. Guya bu oyunlar bizə nə verdi ki? Heç nə. Bizim oyunçular onlardan nəsə götürdülər? Ay-hay. Quyuya su tökməklə, quyu dolmaz, cənab Foqts. Bizim futbolçuları lap keçmişə qaytararaq, Maradona və ya Peleyə qarşı oynat, yenə də xeyri yoxdu...
AFFA-dakıları da başa düşə bilmirəm. Çox qəribə siyasət yürüdürlər. Vallah, bütün dünyanı gəzsək, başqa elə bir millət tapa bilməzsən ki, oyun üçün 1 milyon pul ödəsin, rəqib komanda da gəlib, sənə altısını vursun. O qədər pul vermişdizsə, heç olmasa danışardız ki, ya heç-heçə olsun, ya da 1-2 top fərqiylə uduzaq da. Daha 0:6 nəyə lazımdı? Məşhur bir filmdə deyildiyi kimi “1 milyon pul alıblar, oynamaqlarına bax”. Dünyanın gülüş hədəfinə çevrilmək deyəsən, bizim millinin alnına yazılıb. Foqtsun nə vecinə? Olan yenə Azərbaycana oldu. Foqts bu gün, ya sabah çıxıb gedəcək, vətəninə. Bir də Almaniya millisiylə oyunöncəsi gələcək Bakıya. Yenə eyni ssenari təkrarlanacaq. Oyundan qabaq iddialı, pafoslu çıxışlar. Amma oyun vaxtı yenə də uduzacağıq.
Foqtsun başqa bir açıqlaması da mənə qəribə gəldi. Heyətlə bağlı danışarkən deyir ki, Azərbaycan çempionatında bu oyunçulardan başqa milliyə layiqli oyunçu görmürəm. Görəsən, o, Mahmudun, Zaur Ramazanovun, Rəşad Sadiqovun, Rahid Əmirquliyevin və başqalarının oyununa baxmır? Görəsən, Foqts Axtyamovun oyununa harda baxıb? Vallah, nə danışmaqla, nə də yazmaqla qurtaran deyil dərdimiz. 
Sonda oyunu birgə izlədiyim həmkarlarımdan birinin danışdığı maraqlı söhbəti siz oxuculara da danışmaq istəyirəm. Deyir ki, AFFA rəsmilərindən biri ona zəng vuraraq, deyib ki, “görürsən də necə işləyirik. İspaniyanı, Avropa çempionunu gətiririk Bakıya ki, azarkeşlərimiz əsl futbola tamaşa etsinlər”. Həmkarım da eləmə tənbəllik ona yaxşı cavab verib: “Əziyyət çəkirdiz, daha keçmişdi Argentinaynan da danışardız, onlar da gələrdilər. İspaniyaynan Argentina bir-biri ilə oynayardı, biz də futbola baxardıq da”...
 
İbrahim CƏFƏROV

[email protected]

P.S. Man macht keinen Teich indem man Wasser in einen Teich schüttelt, Herr Fogts! Almancadan Azərbaycan türkcəsinə tərcümədə “Quyuya su tökməklə quyu dolmaz, cənab Foqts” deməkdir. 



Daha çox


Son xəbərlər