Bernhard Lippert : «Güclü rəqiblərlə qarşılaşacağıq»

Bernhard Lippert : «Güclü rəqiblərlə qarşılaşacağıq»
XƏBƏR 5 Dekabr 2008 / 16:37 3389
-  A +

 21 və 17 yaşadək futbolçulardan ibarət yığma komandaların baş məşqçisi Bernhard Lippert AFFA-nın rəsmi saytına müsahibə verib.
 
- Artıq elit raundda mübarizə aparacaq U-17-nin rəqibləri məlumdur. Onlar haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Rəqiblər haqqında hələlik ətraflı məlumata malik deyiləm. Sadəcə, bir faktı vurğulaya bilərəm ki, Hollandiya dünyada «Ayaks» və «PSV Eyndhoven» kimi uşaq futbol məktəbləri ilə məşhurdur. Yəni burada uşaqlar kiçik yaşlarından həm taktiki, həm də texniki cəhətdən yaxşı maarifləndirilirlər. Bunu nəzərə alaraq, Hollandiyanın çox güclü olduğunu söyləyə bilərəm. Xorvatiya haqqında da əlavə nəsə demək artıqdır. Son illərdə bu ölkənin uşaq futbol məktəbləri Avropada öz sözünü deyir. Onlar texniki cəhətdən çox hazırlıqlı olsalar da, psixoloji cəhətdən müəyyən problemlər yaşayırlar. Yeri gəlmişkən, Hollandiya U-17-si ötən birinciliyin yarımfinalına qədər irəliləyib. Bir sözlə, püşk bizi güclü komandalarla üz-üzə qoyub. Mən, Hollandiya yığmasını İspaniyadan sonra Avropanın ən güclüsü hesab edirəm. Həmsöhbət olduğum hər kəs Hollandiya uşaq futbolundan ağızdolusu danışır. Orada uşaq futbolu yüksək səviyyədədir. Lüksemburqa gəldikdə, bu ölkənin futbol federasiyasının vitse-prezidenti ilə Polşada keçirilən qrup oyunları zamanı tanış olmuşam. O, Lüksemburqda ən güclü komandanın məhz U-17 olduğunu bildirdi. Ona görə də bu komanda İrlandiya kimi güclü rəqibi qrupda saxlayaraq, elit raunda vəsiqə qazanıb. Bizim də yaxşı komandamız var. Ümumi götürdükdə, Azərbaycan millisi qrupun autsayderidir.
- «Ayaks» uşaq futbol məktəbinin gücündən çox danışılır. Amma Hollandiyanın U-17-si hələ öz yaşıdları arasında çempionluq sevincini yaşamayıb. Ən böyük uğuru gümüş medaldır. Yəni, indidən məğlub əhval-ruhiyyədə çıxış etmək nə dərəcədə doğrudur?
- Futbol elə oyundur ki, burada hər kəsə qarşı mübarizə aparmaq mümkündür. Biz bütün oyunlara qələbə qazanmaq əzmi ilə çıxacağıq. Hətta rəqibimiz Hollandiya millisi olsa belə. Söhbət bizim qrupun favoriti olmamağımızdan gedir. Autsayder kimi qəbul olunmağımız isə bizim xeyrimizədir. Çünki kənardan hansısa təzyiqlə üzləşməyəcəyik. Bilirəm ki, Azərbaycanda azarkeşlər nəticəyə acdırlar. Onlar hansısa irəliləyişin olmasını istəyirlər. Amma biz hələ yolun başlanğıcındayıq. Halbuki görmək istədiyimiz işləri rəqiblərimiz artıq 10 illərlə əvvəldən reallaşdırıb. Bu gün futbolla maraqlanan yerli vətəndaşlar bizi hansısa pis nəticəyə görə günahlandırmamalıdır. Əksinə, belə rəqiblərə qarşı oynamağa haqq qazandığımıza görə sevinməlidirlər. Bu, müəyyən irəliləyişin nəticəsidir.
- Futbolda hər zaman sürpriz nəticələrlə qarşılaşmaq mümkündür. U-17-dən necə, elit raundda hansısa sürpriz gözləməyə dəyərmi?
- Sözsüz, buna ümid etmək olar. Əks təqdirdə ora heç getməyə dəyməz. Bu mərhələnin ən böyük sensasiyasını biz gerçəkləşdirmək istəyirik. Amma bəribaşdan hansısa yağlı vəd vermək mümkün deyil. Ən azından elit raunda yüksəldiyimizə görə sevinməyə dəyər.
- Bəs komandaların şanslarını nəzərə alsaq, kimi aşkar favorit hesab edirsiniz?
- Hollandiyanı. Bu komanda qrupun aşkar favoritidir. Əlimdə olan nəticələrə diqqət yetirdikdə, onların İtaliya kimi güclü bir komandaya 5:2 hesabı ilə qalib gəldiyini görürəm. Bu dediklərimi bir daha təsdiqləyir.
- Dekabrın 3-də isə 2009-10-cu illərdə keçiriləcək Avropa çempionatındakı rəqiblərimizin adı məlum oldu. Bu komandalar haqqında nə deyə bilərsiniz?
- Mən bu yaşlı uşaqların yarışında serb futbolunu ingilis futbolundan bir addım öndə görürəm. Serb futbolçular da texniki cəhətdən çox hazırlıqlı olurlar. Amma xorvatlardan fərqli olaraq onlarda hansısa psixoloji problem olmur. Yəni Serbiyada yaxşı uşaq futbol məktəbləri var. Avropanın əksər aparıcı klublarında istedadlı serb futbolçuları çıxış edir. Bazanın olması, səviyyəli futbolçuların yetişdirilməsi ilə nəticələnir. İngilislərin bu yaşlı yığmasına akademiyalardan heç də yaxşı futbolçular gəlmir. Buna görə də onlarda nəticəyə çox önəm verilmir. Amma İngiltərənin U-19-da vəziyyət fərqlidir. Həmin yaşlı yığmaya daha istedadlı və hazırlıqlı futbolçular gəlir.
- Qrupun oyunları Bakıda keçiriləcək. Bunu yığmamız üçün əlavə üstünlük saymaq olarmı?
- Belə turnirlərdə ev sahibi olmaq hər zaman böyük üstünlükdür. Çalışacağıq ki, kağız üzərində olan bu üstünlüyü reallığa çevirək. Oyunlara kifayət qədər azarkeşlərin gələcəyini düşünürəm. Onların dəstəyi ilə çox şey edə bilərik. Məsələn, Lüksemburq ev sahibi kimi bu şanslardan maksimum istifadə etməyə səy göstərəcək.
- Elit raundun oyunları gələn ilin martında keçiriləcək. Komandanın hazırlıq planı barədə məlumat verə bilərsinizmi?
- Əslində plan hələ təsdiqlənməyib. Amma ilkin variant hazırdır. Demək olar ki, hər ay komanda toplaşacaq. Belə ki, dekabrın 16-dan 21-nə qədər Bakıda təlim-məşq toplanışı keçirəcəyik. Bundan sonra yanvarda planımızda Türkiyəyə səfər etmək də var. Fevralın 24-dən 28-nə qədər isə yenə Azərbaycanda toplaşacağıq. Elit raunddan əvvəl son hazırlığımızı martın 7-17-si aralığında reallaşdıracağıq. Bu toplanış Frankfurtda keçiriləcək. Elə Lüksemburqa da Almaniyadan gedəcəyik.
- Plandan da göründüyü kimi, futbolçular az sayda oyun keçirəcək. Bu sizi narahat etmir?
- Çalışacağıq ki, çox sayda yoldaşlıq oyunları keçirək. Həm də U-17-nin birinci mərhələdəki uğurlu çıxışından sonra komandanın bir neçə üzvü Premyer Liqa iştirakçılarının əsas heyətinə və məşqlərinə cəlb ediliblər. Məsələn, Araz Abdullayev, Mirhüseyin Seyidov, Qara Qarayevin adını çəkə bilərəm. Bu bizim üçün böyük üstünlükdür. Amma oyun praktikasının artırılması üçün mütləq yoldaşlıq matçları keçirəcəyik. Bir faktı da qeyd edim ki, ilk raunda hazırlaşarkən əlimizdə hazır futbolçuların sayı çox az idi. Ancaq indi belə problemimiz yoxdur.
- Rəqiblərin oyunlarını izləməyi düşünürsünüzmü?
- Beynəlxalq futbolun əsas şərtlərindən biri də rəqib haqqında məlumat toplamaqdan ibarətdir. Vaxtım az olduğundan, ola bilər ki, köməkçi məşqçilərimdən hansınısa rəqiblər haqqında məlumat toplamağa göndərim.  
- U-17 ötən həftə təlim-məşq toplanışında oldu. Hazırlıq necə keçdi?
- Bu toplanış seleksiya xarakteri daşıyırdı. Məşq prosesindən razı qaldım. U-17-nin hazırkı heyətini gücləndirmək üçün 3-4 futbolçuya ehtiyac var idi. Həmin toplanışda 6-7 belə perspektivli futbolçunu üzə çıxardıq.
- Toplanış üçün Zaqatalanın seçilməsi bir qədər sürpriz oldu...
- Bu təklif AFFArəhbərliyi tərəfindən edildi. Onlar milli komandaların regionlara getməsinin maraqla qarşılanacağını bildirdi. Şərait də bizi qane etdi. Əsas çatışmazlıq meydanın süni örtüklü olması idi. Məncə, bu da Azərbaycan üçün normaldır. Havanın təmiz və yağmursuz keçməsi bizi razı saldı.
- 17 yaşlı futbolçular arasında ölkə çempionatında artıq birinci dövrə başa çatıb. Birincilik haqqında təəssüratlarınız necədir?
- Az sayda oyun izləmişəm. Bu da çempionat haqqında fikir yürütməyə bəs etmir. Ancaq köməkçi məşqçilərimin oyunları mütəmadi olaraq izlədiyini qeyd edə bilərəm. Komandaların heyətlərində tək-tük də olsa, perspektivli futbolçular var. Elə çempionatı keçirməkdə də məqsəd həmin uşaqları üzə çıxarmaqdı. Artıq 15 yaşlılar arasında da birincilik keçirilir. Onların 2 ildən sonra yuxarı yaş qrupu üzrə komandada çıxış etməsi səviyyənin də artmasına kömək edəcək. Mümkün qədər aşağı yaş qrupu üzrə uşaqların yarışlarda iştirak etməsinə şərait yaratmaq lazımdır.
- Regionlar necə, yaddan çıxmayıb?
- Bu, həqiqətən də bizim üçün ciddi problemdir. Amma indi işin başlanğıcındayıq. AFFA-da kifayət qədər seleksiyaçı yoxdur. Mən daim komanda ilə səfərlərdə, toplanışlarda oluram. Əlbəttə, köməkçilərimlə birgə. Yəni seleksiyaçılar az olduğundan, hələlik Bakı zonasının oyunlarını diqqət mərkəzində saxlaya bilirik. Bundan başqa, seleksiyaçıları regionlara göndərmək üçün vəsait lazımdır. İkinci dövrədə bu problemi yoluna qoymağa çalışacağıq. Regionlardan daha istedadlı uşaqlar tapacağımıza ümid edirəm. Məsələn, «Simurq»la yoxlama oyunu keçirərkən rəqibin heyətindəki futbolçulardan biri diqqətimizi cəlb etdi.
- Bir müddət əvvəl 4 futbolçunun «Real»ın düşərgəsinə yollanacağı barədə məlumat verilmişdi. Bəs səfərin yubanmasına səbəb nədir?
- Bildiyiniz kimi, Avropa Birliyinin üzvü olan ölkələrdə azyaşlı uşaqların qalması və yaşaması çox çətindir. Yəni gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısını almaq üçün indidən həm «Real»ın, həm də AFFA-nın hüquqşünasları bu iş üzərində birgə çalışırlar. Həftənin sonuna qədər işlərin yoluna qoyulacağına inanıram.
- U-17-nin 2 üzvü hazırda «Ayntraxt»ın düşərgəsindədir. Onlarla əlaqə saxlayırsınızmı?
- Dünən (söhbət dünən olub-red.) «Ayntraxt» klubunun prezidenti ilə əlaqə saxladıq. O, hər iki futbolçu haqqında xoş sözlər söylədi. Onların məşqlərdə özlərini yaxşı tərəfdən göstərdiyini, eləcə də Frankfurtda olmaqdan məmnun olduqlarını bildirdi. 2 həftədən sonra onlar geri dönəcəklər. Sonrasına isə baxarıq.
- Sonda Cem Fələk məsələsinə aydınlıq gətirərdiniz...
- 12 yaşlı uşaq haqqında belə ajiotajın yaradılması mənfi haldır. Çünki bu, uşağın psixikasını poza bilər. Bu cür addım atanlar daha çox müəyyən gəlirin əldə edilməsinə çalışan insanlardır. Mən Cem Fələyin məşqçisi ilə yaxından tanışam. O, uşağın çox istedadlı olduğunu deyib. Amma 12 yaşlı uşaq haqqında proqnoz vermək düz deyil. Çünki 10 aydan sonra onun hansı vəziyyətdə olacağını heç kim söyləyə bilməz. Ola bilsin, həmin uşağın istedadından heç əsər-əlamət qalmasın. Frankfurta gedəndə həm uşaqla, həm də valideyni ilə söhbət edəcəyəm. Bizdə U-13 yoxdur və belə olan halda Cemin Azərbaycana gəlməsi faydasızdır. U-13-ü gələn il yaratmaq haqqında düşünürük. Ancaq soy-kökü Azərbaycana bağlı olan bir uşağı qazanmaq normaldır. Sadəcə, məsələni bu qədər şişirtmək lazım deyil.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı